İnkişaf və quruculuq geniş miqyas alır

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İnkişaf və quruculuq geniş miqyas alır

13 Fevral 2018
 

Səbail rayonunda 2017-ci ildə sosial-iqtisadi inkişaf istiqamətində görülmüş işlərə yekun vurulub və 2018-ci il üçün qarşıda duran vəzifələr müzakirə olunub.

Hesabat yığıncağında çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ötən il Prezident İlham Əliyevin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş nailiyyətlər barədə məlumat verib, il ərzində görülmüş işləri təhlil edərək həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışıb. Qeyd olunub ki, ötən il ölkəmizin regionlarında, paytaxtın qəsəbə və kəndlərində həyata keçirilən tikinti-quruculuq, abadlıq işləri Səbail rayonunun simasında da aydın nəzərə çarpır.

Bildirilib ki, 2017-ci ildə rayonun iri sənaye müəssisələri tərəfindən 24 milyard 421,87 milyon manatlıq məhsul istehsal edilib. İri nəqliyyat müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcmi 450,4 milyon manat və ya 5,5  faiz çox olub. Hesabat ilində rabitə müəssisələri tərəfindən görülmüş iş və xidmətlərin dəyəri 133,7 milyon manat, bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 7 milyard 823,8 milyon manat, tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın  həcmi 5,528 milyon manat olub.

2017-ci ildə rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 850,1 milyon manat məbləğində və ya 30,4 faiz çox istehlak malları satılıb, xidmət müəssisələri tərəfindən əhaliyə 270,6 milyon manatlıq və ya 2,2 faiz çox pullu xidmət göstərilib, ictimai iaşə dövriyyəsi 9,2 faiz artaraq 160,9 milyon manat, ödənişli xidmətlərin həcmi isə 2,2 faiz artaraq 270,6  milyon manat olub.

2017-ci ildə Səbail rayonunda çalışan işçilərin sayı 114003 nəfər, orta aylıq əməkhaqqının məbləği 1481,8 manat olub ki, bu da əvvəlki illə müqayisədə 8 faiz çoxdur. Ötən il ərzində Səbail rayonunda 4571-i daimi olmaqla 5502  yeni iş yeri açılıb. Ümumilikdə isə 2003-cü ilin oktyabr tarixindən 2018-ci ilin yanvar ayına kimi 58107 yeni iş yeri açılıb ki, bunun da 53708-i daimidir.

Sentyabrın 11-də Prezident İlham Əliyev Badamdar qəsəbəsindəki 239 nömrəli tam orta məktəbin və 20-ci yaşayış sahəsindəki 162 nömrəli tam orta məktəbin binalarında aparılan təmir-yenidənqurma işlərindən sonra yaradılan şəraitlə, həmçinin oktyabın 28-də 20-ci yaşayış sahəsində Səbail RİH tərəfindən istifadəyə verilmiş yeni idman və istirahət parkında yaradılan şəraitlə tanış olub. 

Ötən il Badamdar qəsəbəsində Bakı Media Mərkəzinin inzibati binası istifadəyə verilib, Bakı Şəhər Endokrinoloji dispanserin əsaslı təmiri başa çatıb. Rayonda mənzil tikintisi məsələlərinə diqqət artırılıb, bu işlə məşğul olan sahibkarlar tərəfindən 14 müasir layihə işlənib təsdiq olunub. Badamdar qəsəbəsi, Tofiq Məmmədov və Bayıldakı Neftçi Qurban, Xanlar, Fuad Əbdülrəhmanov, Aqil Əliyev, Rastropoviçlər küçələrində çoxmənzilli yaşayış binalarının tikintisinə başlanıb. Rayonun digər ərazilərində də köhnə binaların yerində yeni çoxmərtəbəli yaşayış binalarının tikintisi ilə bağlı işlər aparılır. 

RİH tərəfindən Abbasqulu Abbaszadə küçəsində yerləşən həyətin əsaslı təmir olunması və burada növbəti “Abad məhəllə”nin yaradılması ilə bağlı IDEA təşkilatı ilə birgə yeni layihə hazırlanıb və burada işlər həyata keçirilməyə başlanılıb. Yaradılan “Ekoloji park”da işlər davam edir, burada əkilən 200 mindən çox ağaca gündəlik qulluq göstərilməsi üçün müvafiq tədbirlər həyata keçirilir.

Zalda quraşdırılmış mikrofona yaxınlaşan rayon sakinləri müxtəlif istək və  təklifləri - qəsəbədaxili yolların asfaltlaşdırılması və işıqlandırılması, ərazinin sanitar təmizliyi, bələdiyə və kommunal xidmətlərin işindəki çatışmazlıqlar, qanunsuz tikintilərin qarşısının alınması, Bayıl yamacındakı torpaq sürüşməsi hadisəsinin fəsadlarının aradan qaldırılması və sakinlərin problemlərinin həlli, 20-ci sahədə su və kanalizasiya şəbəkəsinin yenidən qurulması, köhnə binaların əsaslı təmir işlərində sahibkarların fəal olması və tikintidə yeni iş yerlərinin açılması, məktəblərdə hərbi vətənpərvərlik işlərinə diqqətin daha da artırılması, dövlət qulluqçularının vətəndaşlarların müraciətlərinə həssas yanaşmaları ilə bağlı müraciətlər dinlənilib. Sakinləri narahat edən suallar cavablandırılıb, nöqsanların araşdırılması və aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

 

E.CƏFƏROV,

“Azərbaycan”