Salyanın daha bir kəndinə təbii qaz verildi

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Salyanın daha bir kəndinə təbii qaz verildi

13 Fevral 2018
 

Kürsəngi Salyanın ən qədim və böyük kəndlərindən biridir. Kəndə qaz verilməsi uzun illər boyu sakinlərin arzusu olmuşdur. Nəhayət, o gün gəlib çatdı - kəndə qaz verildi. Əlamətdar hadisə ilə əlaqədar kənddə tədbir keçirildi. Tədbirdə kənd əhalisi ilə birlikdə rayon ictimaiyyətinin nümayəndələri, bu işdə əməyi olan qaz təsərrüfatı işçiləri iştirak edirdilər. Tədbir müasir üslubda tikilmiş ikimərtəbəli, səliqə-sahmanlı yaşayış evinin - Akif Bəkirovun həyətində keçirildi.

Kənd ağsaqqalı Xudayar Aydınov çıxış edərək dedi ki, bu gün Kürsənginin həyatında böyük hadisə baş verir: “Təbii qazın verilməsi hər bir kənd sakinini çox sevindirir. Yanacaq kimi istifadə etdiyimiz odundan, ağ neftdən canımız birdəfəlik qurtarır. Təbii qaz təmizlik, istilik, rahatlıq, mədəniyyət deməkdir. Çox adam evində istilik sistemi quraşdırıb qazın verilməsini gözləyirdi. Gözlənilən gün gəlib çatdı. Bunun üçün dövlətimizə, hökumətimizə, ən başlıcası isə Prezident İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Azərbaycanda, Allaha min şükür ki, sabitlik var, sakitlik hökm sürür. Bərəkət də bundadır. Dinclik, əmin-amanlıq olmasa, heç nəyə nail olmaq mümkün deyil. Lakin bunları gözü götürməyən bədxahlar da var. Onların arzuları gözlərində qalacaq. Qədirbilən, yaxşını pisdən ayıran əhali yaxşı bilir ki, bütün bunlar dahi siyasətçi, ümummilli lider Heydər Əliyevin işini uğurla, inamla, cəsarətlə davam və inkişaf etdirən Prezident İlham Əliyevin fəaliyyətinin nəticəsidir. Xalqa onun xoş güzəranı üçün çalışan, Azərbaycanın mənafeyini qoruyan başçı, rəhbər lazımdır. Bu gün  İlham Əliyevdən başqa belə bir siyasətçi yoxdur. Ailədə, qonşuluqda, xeyirdə-şərdə bu barədə söhbət düşəndə, hamının fikri bir-birinə uyğun gəlir. Ona görə də mən İlham Əliyevin yenidən Prezidentliyə namizəd seçilməsini ürəkdən bəyənirəm”.

Kənd sakinlərindən Azad Ağamalıyev, Babaxan Əsədov və başqaları da söz alaraq sonsuz sevinc içində olduqlarını dedilər, bunun üçün ilk növbədə dövlət başçısına minnətdarlıqlarını bildirdilər, aprel ayının 11-də keçiriləcək prezident seçkilərində ona səs verəcəklərini vurğuladılar.

Sonra “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik etdilər. Dedilər ki, dəyəri, qiyməti ölçüyəgəlməz bu layihələr ölkə başçısı İlham Əliyevin sərəncamları, göstəriş və tapşırıqları ilə gerçəkləşir. Onlar kənd əhalisinə xoş güzəran, isti ocaq, bir də ki, təbii qazdan təhlükəsiz halda istifadə etməyi arzuladılar.

Çıxışlarda o da qeyd olundu ki, Salyan rayonu ərazisində 51 yaşayış məntəqəsi var və onların 44-ü qazlaşdırılmışdır. Bu yaxınlarda Düzənlik, habelə Peyk kəndlərinə də qaz çəkilişinə başlanılacaq. Bütövlükdə rayonda əhali üzrə qazlaşma 94 faiz təşkil edir. Kürsəngi kəndində isə bütün evlərə  -  940 abonentə qaz xətti çəkilmiş, hər bir mənzilə sayğac və hər məhəlləyə tənzimləyici qoyulmuşdur.

Sonda kəndə təbii qaz verilməsinin rəmzi açılışını bildirən məşəl alovlandırıldı.

 

Seyran CAVADOV,

“Azərbaycan”