Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan-Gürcüstan dostluğu digər ölkələr üçün nümunədir

12 Fevral 2018
Avronest Parlament Assambleyasına (PA) üzv ölkələrin nümayəndə heyətlərinin rəhbərləri fevralın 12-də Tbilisidə Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, görüşdə iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov Avronest PA-nın komitə iclaslarının təşkilinə və göstərilən qonaqpərvərliyə görə İ.Kobaxidzeyə təşəkkür edib.

F.Muradov əsrin ən böyük layihələrindən biri olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin uğurla başa çatması münasibətilə Gürcüstan tərəfini təbrik edib. Bildirib ki, bu layihə təkcə regionumuz üçün deyil, bütövlükdə Avropa və Asiya üçün mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin yüksək səviyyədə olmasından məmnunluq ifadə edən F.Muradov bildirib ki, Azərbaycan-Gürcüstan dostluğu digər ölkələr üçün nümunədir. O, ölkələrimiz arasında münasibətlərin genişlənməsində parlamentlərin rolunu xüsusi vurğulayıb.

Deputat Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə Tbilisidə elan olunduğunu və bu il hər iki ölkənin dövlət müstəqilliklərinin elan olunmasının 100 illik yubileyinin qeyd ediləcəyini əlamətdar hadisə adlandırıb.

Görüşdə Avronest PA-nın komitə iclasında müzakirə olunacaq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, Avropada enerji, inteqrasiya, təhlükəsizlik, Şərq Tərəfdaşlığı ölkələri üçün sərmayə və sosialyönümlü layihələr, qaçqın və məcburi köçkünlər, miqrasiya məsələlərinin müzakirəsi və bunlarla bağlı qərarların qəbulu olduqca vacibdir.