Ədəbiyyat İnstitutunda Türk Ədəbiyyatı Vəqfinin nümayəndə heyəti ilə görüş keçirilib

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ədəbiyyat İnstitutunda Türk Ədəbiyyatı Vəqfinin nümayəndə heyəti ilə görüş keçirilib

12 Fevral 2018
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Türk Ədəbiyyatı Vəqfinin nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutundan məlumat verilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan-Türkiyə münasibətlərinin daim yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Ümummilli lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” – deyərək iki ölkə arasında dostluğun, qardaşlığın formulunu müəyyənləşdirdiyini vurğulayan İsa Həbibbəyli Türkiyənin görkəmli ədəbiyyatşünası Əhməd Kabaklının tədqiqatlarından bəhs edib. Qeyd edib ki, Əhməd Kabaklının beşcildlik “Türkiyə ədəbiyyatı tarixi” kitabı onun ölkəsində ədəbiyyat tarixçiliyinin mükəmməl nümunəsidir: “Əhməd Kabaklı həm ədəbiyyat tarixçiliyi, həm də nəzəriyyə istiqamətində Türkiyədə təməl yaratmış alimdir”.

İsa Həbibbəyli Türk Ədəbiyyatı Vəqfi ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə elmi əməkdaşlığı barədə də danışıb. Türkiyədə Azərbaycan ədəbiyyatının, eləcə də Azərbaycanda Türkiyə ədəbiyyatının yığcam tanıtma kitabının çapının zəruri olduğunu diqqətə çatdıran akademik, eyni zamanda, ortaq konfransların keçirilməsi, jurnalların nəşri barədə də təkliflərini bildirib.

Türk Ədəbiyyatı Vəqfinin rəhbəri Serhat Kabaklı çıxışında təmsil olunduğu qurum tərəfindən türk dünyası ədəbiyyatı nümunələrinin çapına başlandığını və bu seriyadan artıq bir neçə kitabın nəşr edilərək oxuculara çatdırıldığını bildirib.

Daha sonra çıxış edən professor Ramazan Qorxmaz, İmdat Avşar, vəqfin idarə müdiri Əhməd Ünlü, idarə heyətinin üzvü Erol Ürgen, Şener Bulud Azərbaycan-Türkiyə elmi və ədəbi əməkdaşlığının xüsusiyyətlərindən danışıblar.

İki qardaş xalq arasında elmi-ədəbi əməkdaşlığın inkişafında çoxşaxəli fəaliyyətinə görə akademik İsa Həbibbəyli Türk Ədəbiyyatı Vəqfinin təşəkkürnaməsi ilə təltif edilib.