Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Paul Riçard Gallager: Səfər zamanı Azərbaycanın nümunəvi tolerantlıq modelinin şahidi oldum

12 Fevral 2018
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı fevralın 12-də Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Gallagerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xby Counterflix

DQİDK-dan AZƏRTAC-a bildiriblər ki, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdəki tolerant və multikultural mühitdən söhbət açaraq tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunlarının və dərin tarixi-mədəni köklərinin olduğunu deyib. O vurğulayıb ki, ölkəmizdə bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, milli, dini və irqi zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb.

Dövlət Komitəsinin sədri söyləyib ki, dövlətimizin din siyasətinin əsas sütunlarını milli mənəvi dəyərlərimizin qorunması, tolerantlığın, birgəyaşayışın təbliği təşkil edir. O, ölkəmizdə 28-i qeyri-İslam təmayüllü 793 dini qurumun qeydiyyatdan keçdiyini, formalaşmış dini tolerantlıq mühitinin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi üçün görülən işlər sayəsində respublikamızda 14 kilsənin, 7 sinaqoqun fəaliyyət göstərdiyini qeyd edib. Sədr mütəmadi olaraq dini ibadətgahların inşa və bərpa edildiyini, dini icmalara maliyyə yardımları ayrıldığını deyib.

Prezident İlham Əliyev tərəfindən ötən ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edildiyini deyən Dövlət Komitəsinin sədri bu çağırışın İslamla digər səmavi dinlər arasında dialoq və əməkdaşlığı, harmoniyanı ehtiva etdiyini, həmin il çərçivəsində Finlandiya, İspaniya, Rusiya və digər ölkələrdə önəmli tədbirlərin keçirildiyini bildirib.

Ölkəmizdə qılınan vəhdət namazı barədə də danışan Dövlət Komitəsinin sədri dünyada dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin yayıldığı bir vaxtda Azərbaycan təcrübəsindən yararlanmağın müsbət nəticə verəcəyinə ümidvar olduğunu qeyd edib. Mübariz Qurbanlı din pərdəsi altında gedən proseslərdən qorunmaq üçün Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə Mərkəzi Asiya ölkələri, İran, Türkiyə ilə əməkdaşlıqdan bəhs edib.

Xby Counterflix

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan komitə sədri xalqımızın ermənilərlə etnik-dini baxımdan heç bir probleminin olmadığını bildirib. O, bu münaqişəyə baxmayaraq, Bakının mərkəzində erməni kilsəsinin qorunub saxlanıldığını deyib. Dövlət Komitəsinin sədri bu tolerantlığın müqabilində Ermənistan tərəfinin işğal altındakı torpaqlarımızda mədəniyyət abidələrimizi, o cümlədən məscidlərimizi dağıtdıqlarını təəssüflə qeyd edib.

Görüş zamanı iki ölkə arasındakı əməkdaşlıqdan bəhs edən Mübariz Qurbanlı Roma Papası II İohann Pavelin, Papa Fransiskin Azərbaycana səfərlərinin ölkələrimiz arasında əlaqələrin inkişafına müsbət təsir göstərdiyini diqqətə çatdırıb. İkitərəfli əlaqələrimizin Azərbaycandakı katolik icmasına münasibətdə də özünü göstərdiyini bildirən Mübariz Qurbanlı Dövlət Komitəsinin Azərbaycandakı katolik icması ilə yaxından əməkdaşlıq etdiyini vurğulayıb.

Ölkəmizə ilk dəfədir səfər etdiyini bildirən arxiyepiskop Paul Riçard Gallager dövlətimizin başçısı tərəfindən qəbul edilməsindən məmnunluğunu ifadə edib, bir sıra mühüm görüşlər keçirdiyini bildirib. O, Azərbaycanın nümunəvi tolerantlıq modeli barədə məlumatlı olduğunu diqqətə çatdırıb, bu səfər zamanı həmin modelin əyani şahidi olduğunu deyib. Qonaq son 20 ildə dövlətimizin katolik icmasına göstərdiyi qayğını, insanların mənəvi ehtiyaclarının ödənilməsinə yaradılan şəraiti yüksək qiymətləndirib. Arxiyepiskop Azərbaycandakı katolik icmasının başçısı Vladimir Feketenin yepiskop rütbəsinə yüksəldilməsinin katolik icmasının inkişafına göstərilən qayğıdan və qarşılıqlı əməkdaşlığa verilən dəyərdən irəli gəldiyini vurğulayıb. O, humanitar sahədə əlaqələrin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mühüm rolunun olduğunu bildirib.

Görüşdə ikitərəfli münasibətlərin qorunub saxlanılmasının və inkişaf etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Sonda Dövlət Komitəsinin ingilis dilində nəşr etdirdiyi, ölkəmizdəki dini tolerantlıq mühitindən və erməni vandalizmindən bəhs edən kitablar qonaqlara təqdim edilib.