Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yəməndə 23 qiyamçı hövsi öldürüldü

12 Fevral 2018
Yəməndə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın endirdiyi zərbələr nəticəsində “Ənsar Allah” hərəkatından olan azı 23 qiyamçı hövsi öldürülmüşdür. Bu barədə “Al Masdar” portalına istinadən TASS agentliyi xəbər verir.

Məlumata görə, koalisiya hövsilərin ölkənin qərb sahilində yerləşən mövqelərinə zərbələr endirmişdir.
Digər məlumata görə, Əl-Bayda şəhərinin bombardmanı nəticəsində hökumətpərəst Xalq Müqaviməti Qüvvələrinin (XMQ) 5 döyüşçüsü həlak olmuş, 2-si yaralanmışdır. Zərbələrin ABŞ-a məxsus pilotsuz təyyarədən endirildiyi güman olunur. Bu barədə XMQ xəbər verir.
Mənbələr ABŞ-ı hövsilərlə əməkdaşlıqda ittiham edir.
Yəmənin Şabva və Əl-Bayda əyalətlərinin bəzi rayonlarında həm də “əl-Qaidə” silahlıları fəaliyyətdədir. Bundan əvvəl ABŞ aviasiyası Əl-Baydada hövsilərin mövqelərinə zərbələr endirmişdir.
Xatırladaq ki, ölkədə 2014-cü ilin avqustundan hökumət qüvvələri ilə hövsilər arasında qarşıdurma davam edir. 2015-ci ilin martında Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmənə daxil olduqdan sonra qarşıdurma ən aktiv fazaya keçmişdir.
İnsan hüquqları və inkişaf mərkəzinin məlumatına görə, 2015-ci ilin yazından bəri ölkədə 10 mindən çox dinc sakin, o cümlədən 2400-ə yaxın uşaq və təxminən 2 min qadın öldürülmüşdür.