Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bilik Fondu Misir Ali Təhsil Nazirliyinin xüsusi mükafatına layiq görülüb

12 Fevral 2018
Misir Ərəb Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri, mədəniyyət attaşesi Əhməd Sami Elaydi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və qurumun əməkdaşları ilə görüşüb.

Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, O.Səmədov Misir səfirliyi ilə həyata keçirilən layihələrin uğurlu nəticələrindən söz açıb. Qeyd edilib ki, Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi fondun “Azərbaycan elmi dünyada” və “Dünya elmi Azərbaycanda” layihələri çərçivəsində yaxından iştirak edərək, respublikadakı tolerant mühitin təbliğ və təşviq olunmasına böyük töhfələr verib. Ötən il Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları üçün könüllülərin hazırlığı mərhələsində Bilik Fondu və mərkəzin birgə dəstəyi ilə təşkil edilmiş ərəb dili kursları, misirli alimlərin ölkəmizin bir sıra elm, təhsil müəssisələrində işgüzar görüşləri və silsilə mühazirələri gənc tədqiqatçılar, tələbələr üçün xüsusilə faydalı olub.

Ə.Elaydi Azərbaycan ilə Misir arasında dostluq münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini xatırladaıb, elmi və mədəni əlaqələrin daha da genişləndirilməsi məqsədilə keçirilən maarifləndirici tədbirlərə qatılmaqdan, Bilik Fondunun proqram və layihələrində iştirak etməkdən məmnunluğunu bildirib.

Mərkəzinin müdiri, maarifləndirici layihələrə verdiyi dəstəyə və iki ölkənin elm, təhsil və mədəniyyət sahələrində əlaqələrin möhkəmləndirilməsində fəal iştirakına görə Bilik Fondunun rəhbərliyinə minnətdarlığını bildirib, O.Səmədova Misir Ərəb Respublikasının Ali Təhsil Nazirliyinin xüsusi mükafatını təqdim edib.