AMEA-nın prezidenti: Alimlərin fəaliyyətinin qiymətləndirilməsi akademiyanın çoxşaxəli islahatlarının tərkib hissəsidir

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

AMEA-nın prezidenti: Alimlərin fəaliyyətinin qiymətləndirilməsi akademiyanın çoxşaxəli islahatlarının tərkib hissəsidir

12 Fevral 2018
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elmi Müəssisələrinin Direktorları Şurasının növbəti iclası keçirilib.

Əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının (DİM) sədri Məleykə Abbaszadənin akademiyanın 500-dən çox əməkdaşının DİM-in həyata keçirdiyi buraxılış və qəbul imtahanlarının, elmi-metodik monitorinqlərin keçirilməsində, tədris vəsaitlərinin hazırlanmasında fəal iştirak etdiklərinə və öz öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərinə görə təşəkkür məktubunu iştirakçılarının diqqətinə çatdırıb.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, akademik A.Əlizadə dərslik və dərs vəsaitlərinin mükəmməlliyi, elmi biliklərin tədris ədəbiyyatında lazımi səviyyədə yer alması üçün akademiyanın alim və mütəxəssislərinin gələcəkdə də bu istiqamətdə fəaliyyətinin vacibliyini vurğulayıb.

Sonra iclasda baza kafedralarının fəaliyyəti barədə müzakirə aparılıb.

A.Əlizadə akademiyanın elm və təhsilin inteqrasiyası istiqamətində fəal çalışdığını və bunun göstəricisi olaraq, AMEA-nın institutlarında müxtəlif universitetlərin 16 baza kafedrasının fəaliyyət göstərdiyini bildirib. Qeyd edilib ki, hazırda AMEA-nın elmi müəssisələrində təşkil olunan təcrübə mərkəzlərində ali təhsil müəssisələrinin tələbələri yüksək səviyyədə praktik biliklər əldə edirlər.

AMEA-nın prezidenti gələcəkdə elmi müəssisələrdə baza kafedralarının sayının artırılması və onların fəaliyyətinə dair normativ hüquqi bazanın yaradılması barədə tapşırıq verib.

Akademik A.Əlizadə ötən il yüksək elmi nailiyyətlər əldə etmiş bir qrup alimə “AMEA-nın professoru” elmi adının verildiyini söyləyib, həmin alimlərin elmi-tədqiqat işlərinə, elmi kadrların hazırlanması prosesinə daha fəal cəlb olunmalarının vacibliyini vurğulayıb və bu barədə AMEA-nın elmi bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib.

AMEA-nın rəhbəri bildirib ki, alimlərin elmi, elmi-təşkilati və elmi-pedaqoji fəaliyyətinin qiymətləndirilməsi, onların əməyinin stimullaşdırılması akademiyanın çoxşaxəli islahatlarının tərkib hissəsidir.

Sonra Avropa İttifaqının “Erasmus+” proqramının “Nizami” layihəsinin icrası ilə bağlı tədbirlərin həyata keçirilməsi məsələsi müzakirə olunub.

AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, akademiyanın müxbir üzvü Əminağa Sadıqov vurğulayıb ki, “Nizami” layihəsinin reallaşdırılması Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 13 iyul tarixli Sərəncamının həyata keçirilməsinə dair tədbirlər planında yer alıb.

İdarə rəisi layihədə AMEA ilə yanaşı, Təhsil Nazirliyinin, ölkəmizin doqquz aparıcı universitetinin, habelə Almaniya, Fransa, İspaniya, İsveç və Çexiyanın beş nüfuzlu universitetinin iştirak etdiyini bildirib. Qeyd edilib ki, 2015-ci ildən icrasına başlanan layihə cari ilin oktyabrında başa catacaq. Ə.Sadıqov layihə çərçivəsində ölkəmizdə doktorantura təhsilinin təkmilləşdirilməsi və Vahid Avropa Ali Təhsil Məkanının tələblərinə uyğun strukturlaşdırılması ilə bağlı həyata keçirilmiş işlər haqqında yekun hesabatın, müvafiq təklif və tövsiyələrin hazırlanacağını, doktoranturada təhsil alanlar haqqında milli elektron portalın yaradılacağını deyib. Bildirilib ki, layihə iştirakçısı olan xarici universitetlərlə birgə növbəti tədbir İspaniyada olacaq.

Sonra Ə.Sadıqov AMEA-da doktorantura və dissertanturaya qəbul haqqında məsələ ilə bağlı təqdimatla çıxış edib. İdarə rəisi AMEA-nın prezidentinin akademiyada fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbulun həyata keçirilməsi barədə 2017-ci il 25 dekabr tarixli sərəncamını xatırladıb. Təqdimatda doktorantura və dissertanturada plan yerləri və sənəd verənlərin sayına dair statistik məlumatlar diqqətə çatdırılıb.

Ə.Sadıqov 2017-cı ilin qış imtahan sessiyasının yekunlarını təqdim edib, ixtisas, fəlsəfə fənni və xarici dil üzrə doktorant və dissertantların doktorluq imtahanlarının nəticələrini diqqətə çatdırıb. Həmçinin 2018-ci il üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulun gedişi barədə məlumat verilib.

Tədbirdə beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva gündəlikdə yer alan, AMEA-nın “Horizon-2020” beynəlxalq proqramında iştirakına dair məsələ ilə bağlı çıxış edib. Bildirilib ki, bu proqram Azərbaycan alimlərinə xarici həmkarlarla müştərək layihələrdə işləmək imkanı yaradır. İdarə rəhbəri alimlərimizin proqramda iştirakı ilə əlaqədar mövcud vəziyyət, problem və perspektivlər, proqram çərçivəsində 2018-2020-ci illər üzrə yeni çağırışlar, proqramda iştirak etmək üçün fəallığın artırılması məqsədilə AMEA-nın həyata keçirdiyi tədbirlər, eləcə də Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında məlumat verib.

İclasda E.Əlirzayeva Vyana konvensiyası və AMEA-nın xarici ölkələrin akkreditə olunmuş diplomatik nümayəndəlikləri ilə əlaqələrin qurulmasına dair qoyulan tələblər haqqında danışıb, AMEA-nın elmi müəssisələri tərəfindən müxtəlif ölkələrin elmi qurumları ilə əlaqələrin genişləndirilməsi istiqamətində imzalanan əməkdaşlıq sənədləri və onların hazırlanması qaydalarını iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasda Nazirlər Kabinetinin 2016-cı il 11 avqust tarixli Sərəncamının icrası ilə bağlı bəzi məsələlər haqqında müzakirə aparılıb. Hüquq və Kadrlar İdarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev məsələ ilə bağlı bir sıra təkliflər irəli sürüb. Həmçinin iclasda R.Ağasiyev AMEA-nın elmi müəssisələrində zərərli və ağır şəraitdə işləyən işçilərin əmək haqlarına əlavələrin ödənilməsi və AMEA əməkdaşlarının ezamiyyət sənədlərinin hüquqi tənzimlənməsi haqqında da danışıb.

Müzakirələrdən sonra qeyd olunan məsələlərin yenidən hüquqi tənzimlənməsi məqsədilə normativ sənədlərin hazırlanması qərara alınıb.