Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Niyə məhz İlham Əliyev

11 Fevral 2018
 

Azərbaycan xalqı uğurlu gələcəyini, işıqlı sabahını yalnız Prezidentin həyata keçirdiyi müstəqil siyasətdə görür

 

İki aydan sonra Azərbaycanda Prezident seçkiləri keçiriləcək. Son Konstitusiya islahatlarına əsasən yeni seçiləcək prezident 7 il dövlətə, xalqa ləyaqətli xidmət missiyasını yerinə yetirəcək. Artıq müstəqillik dövrünün VIII Prezident seçkisinə hazırlıqlar başlayıb.

Xalqın mövqeyinin ifadəsi sosial sifarişdir

 

Fevralın 5-də 1 milyon 500 min üzvü və 16901 ilk təşkilatı ətrafında birləşdirən Həmkarlar İttifaqları Konfederasiyası, fevralın 8-də isə Cənubi Qafqazın ən böyük siyasi təşkilatı, 700 mindən çox insanı ətrafında birləşdirən Yeni Azərbaycan Partiyası təşkilatın sədri İlham Əliyevi prezidentliyə namizəd kimi irəli sürdü.
Təbii ki, bu sosial sifariş təkcə adı çəkilən təşkilatların deyil, Azərbaycan xalqının mövqeyinin ifadəsi idi. Bu, İlham Əliyevin alternativsiz lider olduğunun təsdiqi idi. Çünki cənab İlham Əliyevin alternativsiz lider olması bir sıra əhəmiyyətli məqamlara söykənir. Ölkəmizdə uzun illərdir mövcud olan ictimai-siyasi sabitlik, dövlətin nüfuzu, iqtisadi qüdrətinin yüksəlməsi, dünya siyasi arenasında söz sahibinə, Cənubi Qafqazın isə lider dövlətinə çevrilməsi, məhz cənab İlham Əliyevin müstəqil siyasətinin, gərgin əməyinin nəticəsidir.

 

İqtisadi, sosial, siyasi və mədəni inkişafın dönüş nöqtəsi

 

Artıq ölkəmiz prezident seçkilərinə hazırlaşır və bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da seçki mühitini ölkənin son illər ərzindəki inkişafı və bu yüksəlişin formalaşdırdığı ab-hava müəyyənləşdirir. Son 14 ildə cənab İlham Əliyevin həyata keçirdiyi yeni inkişaf konsepsiyası ölkədə köklü yeniliklərə, müasir inkişaf tendensiyalarına təkan oldu, dövlətin mövcudluq və müstəqilliyin davamlılıq şərtlərini təmin edən amilləri gücləndirdi. Ölkədə başlanan yeni inkişaf dövrü, dərin və sürətli islahatlar mərhələsi mühüm uğurları şərtləndirdi.
Dövlət başçısının rəhbərliyi ilə 2003-cü ildən ötən müddət müasir tariximizə ölkənin iqtisadi, sosial, siyasi və mədəni inkişafının dönüş nöqtəsi kimi daxil olub. Bu illər ərzində uğurla həyata keçirilən islahatlar nəticəsində Azərbaycan dünyaya özünün nadir iqtisadi inkişaf modelini təqdim edib.

 

Tam müstəqil siyasət, etibarlı tərəfdaş

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafı tam, bitkin, sistemli xarakter daşıyaraq əsl mənada intibah kimi hər bir ölkə vətəndaşının müasir həyatına və tariximizə daxil olub.
Son 14 il ərzində Prezident İlham Əliyev elə bir beynəlxaq toplantı, konfrans olmayıb ki, orada Azərbaycan həqiqətlərini dünyaya çatdırmasın. BMT, NATO kimi nüfuzlu təşkilatların tribunasından işğalçı Ermənistanın məkrli siyasətini ifşa edən cənab İlham Əliyev tutarlı arqumentlərlə, faktlarla bu ölkənin rəhbərini dəfələrlə çıxılmaz vəziyyətə salıb.
Davos Dünya İqtisadi Forumuna dəvət edilən cənab İlham Əliyev son 14 il ərzində həyata keçirilən yeni inkişaf konsepsiyası, iqtisadi islahatlar nəticəsində Azərbaycanın əldə etdiyi uğurlardan danışaraq ölkəmizin etibarlı tərəfdaşlarının sayını artırıb.
2012-ci ildə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, mötəbər beynəlxalq təşkilatlarda ölkəmizin layiqincə təmsil olunması, tam müstəqil xarici və daxili siyasət yürütməsi dövlət qüdrətinin və müstəqilliyinin ən bariz ifadələridir.
Bununla yanaşı, hərtərəfli siyasi islahatlar ölkənin siyasi sisteminin təkmilləşməsini və müasir standartlara uyğunlaşmasını əsaslı surətdə təmin edib. İnsan hüquq və azadlıqları, o cümlədən siyasi azadlıqlar, söz və mətbuat azadlığı tam təmin edilib, idarəetmənin optimallaşdırılması və səmərəliliyinin artırılması sahəsində ciddi addımlar atılıb.

 

14 ilin möhtəşəm uğurları

 

Son 14 il ərzində ölkənin siması köklü surətdə yenilənib, modernləşmə Azərbaycanın müasir tarixinin fərqləndirici xüsusiyyətinə çevrilib. Bakı dünyanın ən gözəl şəhərlərindən biri kimi şöhrət qazanıb, bölgələrdə həyatın keyfiyyəti köklü surətdə dəyişdirilib. Respublikamızın iştirakçısı və təşəbbüskarı olduğu layihələr tarixi uğurlar qazandırıb. Azərbaycandakı əlverişli investisiya mühiti də xarici şirkətlərin diqqətini cəlb edib. İndi ölkəmiz dünyada etibarlı investor kimi tanınır. İqtisadiyyatına, ilk növbədə, neft-qaz sənayesinə xarici sərmayə cəlb etməyə çalışan Azərbaycan artıq özü digər ölkələrə sərmayə yatırır. İqtisadiyyata son 14 ildə 231 milyard dollar sərmayə qoyulub. 2003-cü ildəki 1.8 milyard dollarlıq valyuta ehtiyatları 15 ildə 24 dəfə artaraq 44 milyarda yüksəlib. 2003-cü ildə 6 milyard manat olan dövlət büdcəsi indi 20 milyard manatdır.
Bununla yanaşı, son 14 il ərzində əzəmətli infrastruktur layihələrinin miqyası inşa olunan 12 min 300 kilometr müasir yollarda, 443 körpü və yol qovşağında, qazlaşdırmanın 93 faizə çatdırılmasında, əhalinin içməli su ilə təminatının 67 faizə yüksəlməsində ifadə olunur.
Bu müddət ərzində ölkə iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, qeyri-neft ixracı isə 4,1 dəfə artıb. 7 beynəlxalq aeroport yenidən qurulub, 30 elektrik stansiyası tikilib, sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlər verilib, 4 su anbarı tikilib.
Ardıcıl və sistemli şəkildə həyata keçirilən sosial siyasət sayəsində insanların həyat şəraitinin yüksəldilməsi, rifahının yaxşılaşdırılması sahəsində möhtəşəm nailiyyətlər əldə edilib. Son 15 il ərzində yoxsulluq həddi 50 faizdən 5 faizə enib, 1 milyon 900 min yeni iş yeri açılıb, maaşlar orta hesabla 5 dəfə, pensiyalar 8 dəfə artıb, 3100 məktəb tikilib və ya əsaslı surətdə təmir olunub, 642 xəstəxana qurulub istifadəyə verilib, 43 müasir idman kompleksi yaradılıb, məcburi köçkünlər üçün 92 yaşayış kompleksi tikilib və 245 min məcburi köçkün müasir mənzillərlə təmin olunub.

Regional iqtisadiyyatın lokomotivi

 

Cənubi Qafqazın və ətrafın coğrafiyasını dəyişdirməyə qadir olan möhtəşəm layihələrin təşəbbüskarı missiyasını qətiyyətlə öz üzərinə götürən Azərbaycan regional iqtisadiyyatın lokomotivinə çevrilib, Avropanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından biri kimi özünü təqdim edib.
Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, “Azəri-Çıraq-Günəşli” yatağı ilə bağlı müqavilənin uzadılması, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizində işlərin davam etdirilməsi, Yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının, iri enerji layihələrinin, qlobal əhəmiyyətli iqtisadi zonaların yaradılması, “ASAN xidmət” kimi Azərbaycan brendinin dünyaya təqdim edilməsi məhz cənab Prezidentin iradəsi sayəsində həyata keçirilib.
Bu gün qarşıda duran əsas vəzifələrdən biri isə “Cənub qaz dəhlizi”nin vaxtında təhvil verilməsidir. Artıq bütün maliyyə resursları təmin edilib və Azərbaycan öz liderlik missiyasını uğurla icra edir. Bu tarixi layihəni - 7 ölkəni, qitələri birləşdirən, 3500 kilometr məsafəsi olan və dənizin altından, dağların başından keçən qaz kəmərini Azərbaycan uğurla həyata keçirir. Bu, tarixi layihə ölkəmizin uğurlu, dayanıqlı inkişafı üçün əsas resurs bazasıdır.
Növbəti illərdə önəmli, tarixi nəqliyyat layihələrini yenə də icra etməklə Azərbaycan Avrasiyada nəqliyyat mərkəzlərinin birinə çevriləcək.
Bütün bu uğurları isə cənab İlham Əliyev belə dəyərləndirib: “Son 14 il ərzindəki reallıqlar bunu göstərir ki, verilən bütün vədlər artıqlaması ilə yerinə yetirildi. Son 14 il ərzində Azərbaycan böyük və şərəfli yol keçmişdir. Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır”.
Dövlət başçısının söylədiyi kimi, icra edilən köklü iqtisadi islahatlar, bölgələrdəki infrastruktur layihələri həm ölkəmizin ümumi inkişafına böyük təkan verdi, həm də Azərbaycanın nəhəng transmilli infrastruktur layihələri Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişdi.

 

Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən lider

 

Bu gün müstəqil Azərbaycan çoxəsrlik tarixində bütün sahələr üzrə ən yüksək inkişaf mərhələsindədir desək, yanılmarıq. Müasir Azərbaycanın yeni tarixi mərhələdəki bütün sahələr üzrə inkişafı cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin konkret əməli nəticəsidir.
Yeni Azərbaycan Partiyasının VI qurultayında cənab İlham Əliyev bu fəaliyyətini belə dəyərləndirib: “2003-cü ildə prezident seçkiləri ərəfəsində bəyan etmişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, mən Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Şadam ki, Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşir və ölkəmiz uğurla inkişaf edir”.
Həqiqətən də 2003-cü ildən bu günə qədər keçən dövrə nəzər saldıqda, aydın şəkildə görərik ki, bu illər Azərbaycanda sürətli inkişaf dövrü keçmiş və ölkəmiz dünyada analoqu olmayan iqtisadi templərlə inkişaf etmişdir. Ölkə qarşısında duran bütün vəzifələr icra olunmuş, 2003-cü ildə və ondan sonrakı illərdə verilmiş bütün vədlər həyatda öz əksini tapmışdır.
O xalq, o cəmiyyət xoşbəxtdir ki, onun idarəçiliyi dincliyə, əmin-amanlığa söykənir. Bununla yanaşı, onun dincliyi, əmin-amanlığı, bir sözlə, bütün taleyi onu idarə edən müdriklərin çiynindədir. Təcrübə göstərir ki, xalq hər zaman bu ağır yükü daşımağa qadir olan belə yüksək ləyaqətli tarixi şəxsiyyətlərini, liderlərini dəstəkləyir, onların ardınca gedir, onlara inanır və arxalanır.
Qurultayda xalqa müraciət edən cənab İlham Əliyev bir daha bildirdi ki, əgər prezident seçkilərində Azərbaycan xalqı ona yenidən yüksək etimad göstərərsə, ləyaqətli xidmət missiyasını uğurla davam etdirəcək.
Əminliklə söyləyə bilərik ki, Azərbaycan xalqı aprelin 11-də seçkilərə gedib cənab İlham Əliyevə səs verməklə növbəti 7 il ərzində Azərbaycanın inkişafına, tərəqqisinə, sabitliyinə, əmin-amanlığına təminat verəcəklər.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”