Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan idmanının əvəzsiz hamisi

11 Fevral 2018
 

Cənab İlham Əliyev idmançıların da alternativsiz namizədidir

 

Ölkəmiz mühüm siyasi hadisə ərəfəsindədir - aprelin 11-də xalqımız növbəti 7 il üçün Azərbaycanın Prezidentini, özünün liderini seçəcək. Artıq hamı kimi biz idmançıların da seçimi bəllidir: əksər seçicilər kimi biz də Azərbaycanın hərtərəfli inkişafının müəllifi olan, ölkəmizi dünyada söz sahibi edən, xalqın sosial müdafiəsinin təminatını əsas hədəf seçən və nəhayət, idmanımızın və idmançılarımızın əvəzsiz hamisi olan İlham Əliyevə səs verəcəyik.
Bu alternativsiz qərarımız isə təsadüfi deyil. Götürək elə idman sahəsini. Hamımızın yaxşı yadındadır ki, SSRİ dağıldıqdan sonra bütün sahələrdə olduğu kimi, idman sahəsində də durğunluq hökm sürürdü. İdman bazalarımız baxımsızlıq üzündən və maliyyə çatışmazlığından fəaliyyətlərini dayandırılmış, idmana maraq azalmışdı. Buna görə də peşəkar məşqçilər və idmançılar Azərbaycanı tərk edərək başqa ölkələrə üz tutur, onların bayraqları altında çıxış edirdilər.
Yalnız ulu öndər hakimiyyətə qayıtdıqdan sonra idmana maraq yenidən artdı. Ümummilli lider ölkənin digər problemlərinin başdan aşmasına baxmayaraq, idmanın inkişafı üçün də bir sıra sərəncamlar imzaladı, tədbirlər gördü. Bununla, idman sahəsində yenidən canlanma başladı. İlk növbədə, idmançılara qayğı göstərildi, onların məşq etməsi və yarışlara qatılması üçün maliyyə vəsaiti ayrıldı, federasiyaların fəaliyyətinin canlanması üçün hər cür dəstək verildi. Bunun da sayəsində ölkəmizi tərk etmiş tanınmış məşqçilər və idmançılar Azərbaycana qayıtdılar və yenidən beynəlxalq yarışlarda ölkəmizi təmsil etməyə başladılar.
Azərbaycan idmanında növbəti yüksək sıçrayış isə cənab İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra başladı. Onu da qeyd edək ki, İlham Əliyevin Milli Olimpiya Komitəsinə prezident seçilməsi idman ictimaiyyətinin ona çoxsaylı müraciətləri sayəsində baş verdi. Çünki məşqçilərimiz, idmançılarımız bilirdilər ki, cənab İlham Əliyev idmana böyük maraq göstərir və onun inkişafı üçün çalışır.
İlham Əliyevin Olimpiya hərəkatının rəhbəri kimi qısa dövrdə fəaliyyəti idman ictimaiyyətinin yanılmadığını göstərdi. Belə ki, qısa müddətdə bütün köhnə idman bazaları təmir edildi, yeni Olimpiya mərkəzləri tikildi. Özü də bu mərkəzlər təkcə Bakı və digər böyük şəhərlərdə deyil, bütün bölgələrdə inşa olundu. Hazırda Azərbaycanda 50-yə yaxın Olimpiya mərkəzi fəaliyyət göstərir. Aradan keçən dövr göstərdi ki, İlham Əliyevin həyata keçirdiyi bu siyasət düzgündür. Bu gün istər Olimpiya, istərsə də digər beynəlxalq yarışlarda Azərbaycan bayrağının yüksəldilməsində və himnimizin səslənməsində bölgələrdə yetişən idmançıların da böyük rolu var.
Yeri gəlmişkən bir məqama da diqqət edək: cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçilərkən Sidney Olimpiadasına iki ildən bir qədər çox vaxt qalırdı. Buna baxmayaraq, Azərbaycan idmançıları həmin Olimpiadada yüksək yer qazanmaq üçün var qüvvələri ilə məşq edirdilər. Çünki onlara Milli Olimpiya Komitəsinin rəhbərliyi tərəfindən hər cür maddi və mənəvi dəstək göstərilirdi. Belə qayğı idmançılarımıza həm də mənəvi cəhətdən ruh verir, onların üzərinə böyük məsuliyyət qoyurdu. Olimpiyaçılarımız yaxşı başa düşürdülər ki, onlara uzaq Sidneydə ölkəmizi təmsil və təbliğ etmək imkanı verilir.
Həmin Sidney Olimpiadasında idmançılarımız 2 qızıl, 1 gümüş medalla vətənə qayıtdılar. Bu da başlanğıc üçün böyük nailiyyət idi. Çünki Azərbaycanın müstəqil ölkə kimi Olimpiya hərəkatında iştirak etməyinin tarixi o qədər çox deyildi. Üstəlik, qeyd etdiyim kimi, SSRİ dağıldıqdan sonra Azərbaycan idmanında bir durğunluq yaranmışdı. Sidney Olimpiadasına gedərkən biz demək olar ki, hər şeyi yenidən başlamışdıq. Ona görə də Sidney Olimpiadasında qazanılan nailiyyətlər yüksək qiymətləndirilməlidir.
Sonrakı illərdə cənab İlham Əliyevin qayğısı sayəsində Olimpiya Hərəkatında qələbələrimizin sayı ildən-ilə artmaqda davam etdi. 2016-cı ildə Rio-de-Janeyro Olimpiadasında qazandığımız medalların sayı 18-ə çatdı. Bu, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınması demək idi. Belə olmasaydı, Olimpiya hərəkatında qazandığımız bu uğurlar xarici ölkə mütəxəssisləri və kütləvi informasiya vasitələri tərəfindən də yüksək qiymətləndirilməzdi. Sözsüz ki, bu uğurların əldə edilməsində Azərbaycan idmançıları ilk növbədə, cənab İlham Əliyevə minnətdardırlar. Çünki onlara bu nailiyyətlərin əldə edilməsi üçün yaradılan bütün şərait məhz cənab İlham Əliyevin sayəsində ərsəyə gəlmişdir. Məhz bunun sayəsində Azərbaycan iştirak etdiyi 6 Olimpiya oyunlarında 44 medal qazanıb. Maraqlıdır ki, atletlərimiz hər Olimpiadada medal sayında əvvəlki rekordu təzələyiblər: Atlanta (1996) - 1 medal, Sidney (2000) - 3 medal, Afina (2004) - 5 medal, Pekin (2008) - 7 medal, London (2012) -10 medal və nəhayət, Rio -18 medal! Olimpiya yığmamız Sidneydə 199 ölkə arasında 34-cü, Afinada 202 ölkə arasında 50-ci, Pekində 205 ölkə arasında 39-cu, Londonda 204 ölkə arasında 30-cu yeri tutmuşdusa, son Olimpiadada medalların sayına görə 15-ci olduq! Medal sayına görə MDB-də 2-ci, müsəlman dövlətləri arasında 1-ci, Avropa qitəsində 7-ci yeri tutmağımız Azərbaycan idmanının əsl təntənəsi idi.
Bu gün Azərbaycanda dünya standartlarına cavab verən idman infrastrukturunun olması müxtəlif beynəlxalq yarışlara evsahibliyi etməyimizə də şərait yaradır. Bu sahədəki nailiyyətlərimiz də dünya idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.
I Avropa Oyunlarınacan da Azərbaycanda müxtəlif idman növləri üzrə beynəlxalq və qitə yarışları uğurla keçirilirdi. Həm bu amil, həm də ölkəmizdə mükəmməl infrastrukturun və təcrübənin olması Avropa Olimpiya Komitəsinin diqqətindən yayınmadı. Buna görə də I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə cənab Prezidentə müraciət edildi və nəticə hamımıza məlumdur. Mübaliğəsiz demək olar ki, ölkəmiz I Avropa Oyunlarını keçirməklə həm tarix yazdı, həm də bu Oyunların standartını müəyyən etdi. Onu da qeyd edək I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsində Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın böyük xidmətləri olub.
Düzü, bu yarışlar dünya Olimpiya yarışları səviyyəsində idi. Bunu təkcə biz demirik. Xarici ölkələrin idman ictimaiyyətinin rəhbərləri, kütləvi informasiya vasitələri etiraf etdilər ki, I Avropa Oyunları həm təşkilati, həm də yarışların açılışı və bağlanışının möhtəşəmliyi baxımından dünya Olimpiya yarışlarından geri qalmadı. Üstəlik, Azərbaycan Rusiyadan sonra bu yarışlarda ən çox medal qazanaraq ikinci yeri tutdu. Təsəvvür edin ki, Avropanın inkişaf etmiş və əhalisinin sayı bizdən qat-qat çox olan ölkələri bizim qədər medal qazana bilmədilər. Beləliklə, Avropa güclülərinin güclüsü olduq.
Ölkəmizdə keçirilən ikinci belə möhtəşəm yarış isə İslam Həmrəyliyi Oyunları oldu. Artıq 4-cü dəfə idi ki, bu yarışlar keçirilirdi. Lakin əvvəlki İslam Həmrəyliyi Oyunları Bakıdakı kimi olmamışdı. İstər texniki hazırlıq baxımından, istər yarışların gedişi, istərsə də təntənəli açılış və bağlanış mərasimləri əvvəlki yarışlardan daha möhtəşəm idi. Bu yarışlarda Azərbaycan daha çox medal qazanaraq lider oldu.
Ölkəmiz bu dəfə İslam Oyunlarının yeni standartını müəyyən etdi. Hamıya göstərdi ki, ranqından asılı olmayaraq bütün yarışları yüksək səviyyədə keçirmək mümkündür. Bunun üçün istək və gərgin əmək lazımdır. Yeri gəlmişkən onu da bildirək ki, bu dəfə də yarışların yüksək səviyədə keçirilməsində Təşkilat Komitəsinin sədri kimi Mehriban xanım Əliyevanın əməyi böyük oldu.
Göründüyü kimi, cənab İlham Əliyevin Prezident kimi ölkənin ümumi inkişafına göstərdiyi xidmətlərlə bərabər, idmanda da yüksək nailiyyətlərin əldə olunmasında böyük əməyi var. Özü də bu xidmət təkcə idman infrastrukturunun yaradılması ilə məhdudlaşmır. Bu gün Azərbaycanda hər bir idmançıya fərdi yanaşılır, onun problemləri həll olunur. Məlumdur ki, müəyyən yaş həddindən sonra idmanla vidalaşmaq lazım gəlir. Dövlət başçısının qayğısı sayəsində belə idmançılar ixtisaslarına uyğun işlə, ehtiyacı olanlar mənzillə təmin edilir. Yəni, ölkə qarşısında xidməti olan idmançılar karyeralarını bitirdikdən sonra da unudulmurlar. Bütün bunlarsa o deməkdir ki, ölkəmizin və idmanımızın gələcək inkişafı da yalnız cənab İlham Əliyevlə mümkündür.

Xəzər İSAYEV,
Milli Olimpiya Komitəsinin vitse-prezidenti