Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında

10 Fevral 2018
 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etmək üçün Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin  32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaratsın.

2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi:

3.1. iki ay müddətində Azərbaycan İlahiyyat İnstitutunun nizamnaməsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

3.2. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.4.  Azərbaycan İlahiyyat İnstitutunun bina ilə təmin edilməsi üçün iki ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.5. Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətinin maliyyələşdirilməsi və texniki təminatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin;

4.6. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 9 fevral 2018-ci il