Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Neft-qaz layihələri Azərbaycanın uzunmüddətli inkişafına şərait yaradır

10 Fevral 2018
 

Prezident İlham ƏLİYEV: “Bütün bu layihələr xalq qarşısında tarixi xidmətlərdir”

 

Neft-qaz ixracı kəmərləri Azərbaycanın iqtisadiyyatına böyük vəsait axınını təmin edir. Əldə olunan gəlirlər xalqın ən ümdə sosial problemlərinin həllinə, zəruri infrastrukturun yaradılmasına, eləcə də iqtisadiyyatın şaxələndirilməsinə, o cümlədən qeyri-neft sektorunun inkişafına yönəldilir.
Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərini və onun ardınca neçə-neçə qlobal layihəni reallığa çevirən bir sıra mühüm amillər var. Bunlar Azərbaycan dövlətinin düşünülmüş siyasəti, Prezident İlham Əliyevin ulu öndərin yeni neft-qaz strategiyasını layiqincə davam etdirməsi və onu günün tələbləri səviyyəsində təkmilləşdirməsidir. Prezident İlham Əliyevin həyata keçirdiyi köklü iqtisadi islahatlar neft-qaz sektorunun da inkişafına təkan verir. Nəticədə sahəyə yeni sərmayələr yatırılır, beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq möhkəmlənir. Bütün bu reallıqlar həm Azərbaycan dövlətinə və xalqına xidmət edir, həm qonşu dövlətlərin maraqlarını təmin edir, həm də beynəlxalq əməkdaşlığın coğrafiyasını genişləndirir.
Son 24 ildə, yəni “Əsrin müqaviləsi” imzalanandan bəri Azərbaycan bir sıra önəmli layihələr həyata keçirib. Bakıdan 55 kilometr cənubda, yarımsəhra zonada dünyanın ən böyük neft-qaz terminallarından biri olan Səngəçal terminalı inşa edilib. Bakıdan Novorossiyskə qədər uzanan Şimal İxrac Boru Kəməri (ŞİBK), Azərbaycanın və Gürcüstanın ərazisindən keçərək Qara dəniz sahilindəki Supsa limanına çatan Qərb İxrac Boru Kəməri (QİBK) çəkilib.
Azərbaycanın artan neft hasilatı 1990-cı illərin ikinci yarısında gündəmə daha iri bir ixrac kəmərinin tikilməsi tələbini gətirdi. Belə ki, daxili bazar karbohidrogen ehtiyatımızla müqayisədə çox kiçikdir. Ona görə ixrac imkanları genişləndirilməli idi. Yoxsa neft-qaz ehtiyatlarını ixrac etmək yolları olmazdı. İxrac imkanları olmadan isə heç kəs ölkəmizə məxsus zəngin yataqların işlənməsinə vəsait yönəltməzdi.
İxrac marşrutları çox çətinliklə yaradıldı. BTC tikilərkən Azərbaycana qarşı kampaniyalar təşkil edilirdi. Antiazərbaycan qüvvələr kəmərin çəkilişinin baş tutmasına əngəl törədirdilər. Azərbaycan isə güclü iradə nümayiş etdirir, seçdiyi düzgün yola arxalanır və tərəfdaşlarından dəstək alırdı.
Zaman düzgün yolda olduğumuzu təsdiqlədi. Dövlət başçısının dediyi kimi: “Bütün bu layihələr xalq qarşısında tarixi xidmətlərdir. Biz fəxr edirik ki, bunları icra etmişik. Bu layihələr, eyni zamanda uzunmüddətli inkişafımıza şərait yaradır. Biz indi 42 milyard dollar valyuta ehtiyatlarımıza malikik. Bunları nəyin hesabına qazanmışıq? Enerji resurslarının ixracı nəticəsində. Bakı-Tbilisi-Ceyhan tikilməsəydi, bu da olmayacaqdı”.
Beləliklə, ulu öndər Heydər Əliyevin şah əsərlərindən olan, üçüncü minilliyin nəhəng mühəndis qurğusu - Bakı-Tbilisi-Ceyhan kəmərini çəkmək ideyası yarandı. 2002-ci ildə ümummilli lider tərəfindən BTC-nin təməli qoyuldu. 2006-cı ildə isə Prezident İlham Əliyev Ceyhan şəhərində Türkiyənin və Gürcüstanın dövlət başçıları ilə birlikdə kəməri tam sistem kimi istifadəyə verdi.
BTC özündən sonra yeni meqalayihələrə yol açdı. Azərbaycanın və Gürcüstanın ərazisindən keçən Cənubi Qafqaz Boru Kəməri (CQBK) 690 kilometr boyu BTC ilə paralel şəkildə inşa edildi. Gürcüstan-Türkiyə sərhədində CQBK-ya qoşulan 280 kilometrlik əlavə xətlə “Şahdəniz-1” qazı Ərzurumadək çatdırıldı. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri artıq 11 ildən çoxdur təhlükəsiz fəaliyyət göstərərək ölkəmizin karbohidrogen ehtiyatlarını dünya bazarlarına ixrac edir.
“Şahdəniz” yatağının istismara daxil olması ilə Azərbaycan dünyada həm də qaz ixrac edən ölkə kimi tanınmağa başladı.
Ölkədə hasil olunan neftin və qazın dünya bazarlarına çıxarılması məqsədilə şaxələndirilmiş boru kəmərləri sisteminin yaradılması və müvəffəqiyyətlə istismar olunması Azərbaycan neft sənayesinin şəksiz üstünlüklərindəndir. Hazırda karbohidrogen ehtiyatlarımız 7 müxtəlif neft və qaz ixrac kəməri vasitəsilə nəql edilir. Bakı-Novorossiysk, Bakı-Supsa neft kəmərləri ilə birlikdə bütün Avrasiya regionunda unikallığı ilə seçilən BTC əsas ixrac neft kəməri artıq neçə vaxtdır qlobal enerji təhlükəsizliyinin vacib elementlərindən biri kimi uğurla istismar edilir. İstifadəyə veriləndən indiyədək bu kəmər vasitəsilə milyonlarla ton Azərbaycan nefti nəql olunub. Zaman keçdikcə kəmərin əhəmiyyəti daha da artır. BTC ilə Türkmənistan və Qazaxıstanda hasil olunan neft həcmləri də dünya bazarlarına çıxarılır. Bu da Azərbaycanın qalibiyyətli enerji strategiyasının bütün regionun makroiqtisadi yüksəlişində əhəmiyyətli rol oynadığına daha bir nümunədir.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev bu barədə demişdir: “Əgər bu layihələr olmasaydı, Bakı-Tbilisi-Qars da olmazdı. Əgər bu olmasaydı, “Şahdəniz-2” də olmazdı. “Cənub qaz dəhlizi” - dəyəri 40 milyard dollardan çox olan layihə də olmazdı. Onda bizim həyatımız necə olacaqdı? Bizim iqtisadi vəziyyətimiz necə olacaqdı? Təsəvvür etmək o qədər də çətin deyil”.
Həyata keçirilməsi davam edən “Cənub qaz dəhlizi” layihəsi də yaxın illərdə Azərbaycana böyük mənfəət gətirəcək. Layihənin ehtiyat mənbəyi olan “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsindən ilk qazın alınacağı günə az qalır. Bu qazı Türkiyə sərhədinə çatdırmaq üçün genişləndirilən Cənubi Qafqaz Boru Kəmərində də müvafiq işlər demək olar ki, başa çatdırılıb. Bu il eləcə də TANAP-ın (Transanadolu Qaz Boru Kəməri) çəkilişi yekunlaşacaq. TAP-ın (Transadriatik Qaz Boru Kəməri) tikintisi isə uğurla davam edir. Bütün bunlar “Cənub qaz dəhlizi” layihəsinin artıq reallıq olduğundan xəbər verir.
Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən digər layihələr kimi, “Cənub qaz dəhlizi” də müvəffəqiyyətlə sona çatacaq. Çünki indiyədək gerçəkləşən layihələrin təməl və təcrübəsinə əsaslanır.

Flora SADIQLI,
“Azərbaycan”