Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Davosda islahatçı ölkə imicini bir daha təsdiq etdi

10 Fevral 2018
 

İstənilən beynəlxalq tədbir hər dövlətə özünü başqaları ilə müqayisə etmək, üstünlüklərini və imkanlarını imtahana çəkmək şansı verir. Bu baxımdan Davos Beynəlxalq İqtisadi Forumu Azərbaycan üçün xüsusi maraq kəsb edir. 

Əvvəlcə onu qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 12-ci dəfə iştirak etdiyi bu forumda indiyədək 183 görüş keçirib. Onlardan 33-ü bilavasitə dövlət başçıları ilə keçirilən görüşlərdir. Prezident həmçinin 19 hökumət başçısı, 23 baş nazir, nazir və digər hökumət rəsmiləri, 90-dan artıq şirkət və 18 beynəlxalq təşkilatın rəhbərləri ilə görüşlər keçirmiş, forumun sessiyalarında 27 dəfə iştirak etmiş, 7 dəfə kütləvi informasiya vasitələrinə müsahibə vermişdir. Prezident İlham Əliyevin Davos forumlarında keçirdiyi bütün görüşlərin ardıcıllığı, intensivliyi və təşəbbüskarlığı əsasən qarşı tərəflərin artan maraqları üzərində qurulmuşdur.
İldən-ilə Azərbaycanın dövlət başçısı ilə görüşmək istəyən müxtəlif ranqlı forum iştirakçılarının sayı artır. Prezident İlham Əliyev isə bu görüşlərdən ən vaciblərinə, ölkə üçün daha əhəmiyyətli olanlarına diqqət ayırır. Təyin edilən bütün görüşlərdə İlham Əliyevlə görüşmək istəyən forum iştirakçılarının təşəbbüsləri nəzərə alınır, onlar arasında seçim edilərək daha vacib olanlara üstünlük verilir. Əsas diqqəti çəkən məqam ondan ibarətdir ki, hər il forum iştirakçıları arasında Azərbaycana maraq artır. Bu amil dövlətimizin başçısı ilə keçirilən görüşlərin xronologiyasında özünü aydın büruzə verir.
Sonuncu Davos Forumunun keçirildiyi 3 gün ərzində Prezident İlham Əliyev dörd istiqamətdə 30 vacib görüş keçirmişdir. Onların hamısı siyasi və iqtisadi məzmun daşımışdır. Siyasi əhəmiyyət daşıyan görüşlərdən Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, İsrailin Baş naziri Benyamin Netanyahu, İsveçrə Konfederasiyasının Prezidenti Alain Berset, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xəlid Əl Falih, OPEC-in baş katibi Məhəmməd Barkindo ilə keçirilən görüşləri qeyd etmək olar. İqtisadi əhəmiyyət daşıyan görüşlərdən 6,3 trilyon dollar investisiya portfelini idarə edən Amerikanın məşhur “Black Rock” investisiya şirkətinin rəhbəri ilə keçirilən görüş önəmli idi. “Black Rock” şirkətinin rəhbəri İlham Əliyevə Azərbaycana investisiya yatırımları imkanlarını araşdırmaq üçün ölkəmizə səfər etməkdə maraqlı olduğunu bildirmişdir.
Davosda Amerikanın 400 milyard dollara yaxın investisiya portfelini idarə edən və dünyanın 25 ölkəsində ofisi olan “Blackstone” şirkətinin Azərbaycana maraq göstərməsi ölkəmizin artan iqtisadi nüfuzunun getdikcə möhkəmlənməsinin göstəricisidir. Əslində, Davos Forumunda əsas cəhətlərdən biri dünyanın iqtisadi nəhənglərinin Azərbaycan Prezidentini dünya düzənində islahatçı lider kimi qəbul etməsi və bu zəmində diskussiyalara marağın artması ilə bağlı idi. Faktiki olaraq, Prezident İlham Əliyevin islahatçı-novator keyfiyyətləri, yüksək texnologiyalara xüsusi önəm verməsi istər Davosun iqtisadi kursu, istərsə də dünyanın digər qlobal transkontinental şirkətlərinin biznes maraqları ilə harmonik şəkildə uzlaşır və vahid hədəflər uğrunda səylərin və imkanların birləşdirilməsinə zəmin yaradır.
Həm kuluarlarda, həm də görüşlərdə diqqəti çəkən o idi ki, Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş qərarlar, reallaşdırılan islahatlar və ölkəmizin gələcək iqtisadi hədəfləri barədə bütün şirkətlər ətraflı və müfəssəl məlumatlara sahib idilər. Dünyanın 165-dən çox ölkəsində 380 ofisi və 74 minə yaxın işçisi olan “CİSCO” şirkətinin Azərbaycanın müxtəlif qurumları ilə əməkdaşlıq əlaqələri mövcuddur. Şirkətin vitse-prezidenti və baş maliyyə direktoru cənab İlham Əliyevlə görüşündə ölkəmizdə həyata keçirilən iqtisadyönümlü tədbirlərin bilavasitə “CİSCO” şirkəti tərəfindən dəstəklənəcəyini və aparılan islahatlarda şirkətin iştirak etmək niyyətini gizlətmədi.
441 milyard ABŞ dolları kapitallaşma və 100 min nəfər işçisi ilə dünyanın lider texnologiya şirkəti sayılan “Microsoft”un rəhbəri də Davosda dövlətimizin başçısı ilə görüşündə ölkəmizdə əldə edilən iqtisadi uğurların, aparılan iqtisadi proseslərin iştirakçısı olduqlarını bildirdi, Azərbaycanın uğurlu gələcəyinə inamını ifadə etdi.
Dövlət başçısının “Royal Philips”, “MasterCard”, “SUEZ GROUP” kimi nəhəng şirkətlərin rəhbərləri ilə keçirdiyi görüşlərdən də belə qənaətə gəlmək mümkündür ki, dünyanın əksər qabaqcıl şirkətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır. “SUEZ GROUP” şirkətinin rəhbəri Prezident İlham Əliyevlə görüşündə qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edərək Azərbaycanın infrastruktur layihələrində iştirak etməkdə və ölkəmizə yeni texnologiyaların gətirilməsində maraqlı olduğunu bildirdi. Davos Forumu çərçivəsində Azərbaycan Prezidenti “Lazard Freres”, “Royal Philips”, dünyanın nəhəng neft şirkətləri, o cümlədən “LukOYL” və digər neft şirkətləri ilə görüşlər keçirdi.
Bütün bu görüşlərin ana xəttini təşkil edən əsas amil dünyanın aparıcı şirkətlərinin Azərbaycanın liderinə, Azərbaycanın gələcəyinə, ölkədə olan siyasi, iqtisadi sabitliyə dəyər verməsi və Prezidentin islahatçı ideyalarını ürəkdən dəstəkləməsi ilə bağlıdır. Beləliklə, Davos İqtisadi Forumunu müasir dünya iqtisadiyyatının bugünkü durumunu əks etdirən bir güzgü kimi də nəzərdən keçirmək mümkündür. Azərbaycan Davosda özünü islahatlara sədaqətli aparıcı fiqurlardan biri kimi təqdim edə bildi.
Davos səhifəsinə Azərbaycan postsovet məkanında ən çox islahat aparan ölkə kimi adını yazdı. Məhz bu rakursdan yanaşanda görürük ki, Davos Dünya İqtisadi Forumunun elan etdiyi “Qlobal rəqabətlilik hesabatı”na görə, Azərbaycan rəqabətqabiliyyətlilik üzrə dünyada 35-ci, MDB ölkələri üzrə birinci yerdədir. “Biznesin mürəkkəbliyi” adlı indeksdə son 1 il ərzində Azərbaycan 20 pillə irəliləyib. Özəl sahibkarlıqda yoxlamaların azaldılması, investisiyaların təşviqi sənədlərinin verilməsi, sənaye zonalarının və digər texnoparkların yaradılması və həyata keçirilən digər islahatların geniş spektri Azərbaycana biznesin mürəkkəbliyi kateqoriyasına görə 20 pillədən çox irəliləməyə imkan vermişdir. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı üç ölkədən biri olmuşdur. “İnklüziv inkişaf indeksi”ndə 2018-ci ildə Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında 3-cü, MDB ölkələri arasında 1-ci yerdədir.
Davosda ölkəmizə xüsusi marağın olması, ən böyük şirkətlərlə ciddi əməkdaşlıq təkliflərinin müzakirə edilməsi belə nəticəyə gəlməyə imkan verir ki, Azərbaycan islahatçı ölkə imicini məharətlə qoruyub saxlayır.

Bahadur İMANQULİYEV,
“Azərbaycan”