Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Abadlaşan, müasirləşən şəhər

10 Fevral 2018
 

Bölgələrimiz arasında özünəməxsus ənənələri ilə yaddaşlarda iz salmış Göyçayın xüsusi yeri var. Göyçay onun şəninə şöhrət gətirən narı, xurması, çinarı ilə yanaşı, həm də abadlığı ilə seçilən rayonlardandır. Rayon mərkəzində diqqətçəkən şəhərsalma ənənələri bir çox məkanlarla müqayisədə daha çox göz oxşayır. Buradakı xan çinarlar isə şəhərin hüsnünü daha da gözəlləşdirir.

Şəhər inzibati ərazi dairəsinin nümayəndəsi Rəşad Şükürov deyir ki, Göyçay bölgədə hər zaman seçilib: “Bu da, əslində, səbəbsiz deyil. Göyçay uzun illər qəza kimi ətrafdakı yaşayış məntəqələri üçün mərkəz olub. Ona görə də şəhər planlı şəkildə inkişaf edib”.

Hazırda şəhərin  ərazisi 610  hektar, əhalisi 38 min nəfərdir, Ümumiyyətlə, burada abadlıq və quruculuq işlərinə həmişə ciddi yanaşılıb. Təkcə 2017-ci ildə şəhərin park və küçələrinin işıqlandırılması istiqamətində xeyli işlər görülüb, şəhər stadionu əsaslı təmir edilib, Heydər Əliyev parkı genişləndirilərək yenidən bərpa olunub, Bayraq muzeyinin inşasına başlanılıb. Əli Kərim parkında aparılan əsaslı təmir işləri isə yekunlaşmaq üzrədir. Paralel olaraq şəhərin Ağsu və Ağdaş rayonları, Bərgüşad istiqamətində milli ornamentlərlə bəzədilmiş xüsusi arxitekturaya malik giriş qapıları tikilib, ətrafı çəmən və dekorativ ağaclarla bəzədilib. Bərgüşad istiqamətində yol genişləndirilib. Kənarında piyadalar üçün səkilər və yaşıllıq zonaları salınmaqla işıq dirəkləri quraşdırılıb ki, bu da piyadaların və sürücülərin rahatlığını təmin edib. Bunlardan əlavə, mənzil istismar idarəsi (MİS) tərəfindən bir sıra çoxmənzilli yaşayış evlərinin dam örtüyü təmir olunub, şəhərdən keçən bütün suötürücülər işlək vəziyyətə gətirilib. Bunun nəticəsində yağıntılar vaxtı şəhər təsərrüfatında ciddi problem yaranmır.

Göyçay Abadlaşdırma Təmir İdarəsinin kollektivi isə təkcə keçən il şəhər ərazisində 140 çinar, 280 müxtəlif növ meyvə ağacları, 680 Eldar şamı, 60 palma, 75 yapon əzgili, 180 dekorativ ağac, 55 zeytun, 2800 mövsümi çiçəklər, 1230 qızılgül kolları əkib və  8400 kvadratmetr sahədə çəmənlik salıb.

Şəhər  əhalisinin elektrik enerjisi ilə təminatında da xeyli dönüş yaranıb. Elektrik Şəbəkəsi tərəfindən şəhər ərazisində dayaqların dəyişdirilməsi, SİP xətlərinin çəkilməsi, 54 transformatorun təmiri təmin olunub.

Göyçay Qaz İstismar Sahəsi tərəfindən rayon mərkəzində 8925 abonentə xidmət olunur. Qaz təchizatını yaxşılaşdırmaq, qaz itkisini aradan qaldırmaq üçün şəhərin bir sıra küçələrində ümumilikdə istismara yararsız 9 qaztənzimləyici “ŞTQM” tipli qaztənzimləyici şkaflarla əvəz edilib.

 

Əli SƏLİMOV,

“Azərbaycan”