Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bitməyən həsrət

10 Fevral 2018
 

Bir məmləkəti ikiyə bölən, qardaşı qardaşa həsrət qoyan ayrılığın adıdır, ünvanıdır Türkmənçay müqaviləsi. Azərbaycan tarixinin ən faciəli səhifələrindən biridir. Fevralın 10-da bu ayrılığın 190 yaşı tamam olur.

XVIII əsrin əvvəllərində rus qoşunları Xəzər boyu xeyli torpaqlar ələ keçirdi. 1735-ci il martın 10-da bağlanan Gəncə müqaviləsinə əsasən, Azərbaycanı tərk etməli olsalar da, Xəzər dənizində donanma saxlamaq hüququnu qoruya bildi. Şimala doğru hərəkət etməkdə çətinlik çəkən çar Rusiyasının nəzərləri yenə Qafqaza yönəldi. I Pyotrun (1689-1725) vəfatından sonra rus qoşunları Qafqazın müxtəlif yerlərində göründü. Əvvəlcə Gürcüstan, sonra Azərbaycan torpaqlarını hissə-hissə ələ keçirdilər. Nəticədə, 1804-1813-cü illərdə I Rus-İran müharibəsi başlandı.

 

“Türkmənçay”a gələn “Gülüstan” yolu...

 

Müharibə Rusiyanın qələbəsi ilə başa çatdı. 1813-cü il oktyabrın 12-də Qarabağda Zeyvə çayı yaxınlığındakı Gülüstan kəndində rus ordu qərargahında Gülüstan müqaviləsi bağlandı. O vaxt çar Rusiyası ilə dünya hökmranlığı iddiasında olan Napoleon Bonapartın başında dayandığı Fransa arasında müharibə davam edirdi. Ölkəsi üçün olduqca çətin, mürəkkəb şəraitdə rus çarı I Aleksandr İranla sülh müqaviləsi imzalanmasının zəruriliyini nəzərə aldı. Həm də ona görə ki, yeni müqavilənin şərtləri məqsədinə müvafiq idi, Rusiya Qafqazda və Xəzər dənizində rəsmi şəkildə əsas söz sahibinə çevirilirdi. 11 maddədən ibarət olan Gülüstan müqaviləsinin şərtlərinə görə Azərbaycanın tarixi torpaqları iki dövlət - Rusiya və İran arasında bölüşdürüldü. Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı, Talış xanlığı, eləcə də Şərqi Gürcüstan və Dağıstan Rusiyanın tabeliyinə keçdi.
Yaranmış vəziyyətin bu cür davam edəcəyi inandırıcı görünmürdü. Çünki iki ölkə arasında bağlanan bu müqavilədən yalnız Rusiya tərəfi razı qalmışdı. İkinci tərəf - İran isə Gülüstan müqaviləsinin şərtləri ilə barışa bilmirdi.

 

Yenidən bölünən Azərbaycan

 

1825-ci ildə Rusiyada baş verən Dekabristlər üsyanı İran hökumətini qələbəyə ümidləndirdi. Bu ölkə ilə müharibənin yaxınlaşdığını öyrənən general Yermolov çara məlumat verdi. Həmin dövrdə bir tərəfdən də Türkiyə ilə münasibətləri gərginləşən çar yeni münaqişə istəmirdi, Talış xanlığının yarısını İrana güzəştə getməklə sülhə nail olmaq niyyətində idi. Ancaq Gülüstan müqaviləsinin şərtlərinin dəyişdirilməsinə dair danışıq nəticəsiz qaldı. Xüsusi elçi kimi Tehrandan qayıdan knyaz Menşikov mənzil başına çatmamış İran 60 minlik ordu ilə Azərbaycanın şimal torpaqlarına hücuma keçdi. 1826-cı il 16 iyulda II Rusiya-İran müharibəsi başlandı. Müharibənin İran tərəfdən əsas aparıcı qüvvəsi azərbaycanlılar idi. Çünki onlar bu savaşa öz müqəddəratları kimi baxırdılar. Hücum vaxtı Şəki, Qarabağ, Şirvan, Bakı və digər işğal olunmuş xanlıqların ərazilərində ruslara qarşı üsyanlar qalxdı.
Hərbi əməliyyata başlayan İran dövlətinin başçısı Fətəli şahın oğlu Abbas Mirzə sürətlə irəliləmək əvəzinə Şuşanı 45 gün mühasirədə saxladı. Bu müddət ruslara qüvvələrini cəmləşdirmək, əks hücuma keçmək imkanı verdi. Ruslar bu dəfə də Naxçıvanı, Xoyu, Mərəndi, Ərdəbili və Təbrizi işğal etdilər.
Təbriz yolunun üç verstliyində yerləşən kiçik Türkmənçay kəndində 1828-ci il fevralın 9-da ikinci sülh sazişinin sonuncu iclası oldu. Barışıq paktı fevralın 10-da “İsanın anadan olmasının 1828-ci ilində” gecə münəccimin təyin etdiyi vaxtda imzalandı. Müqaviləni Rusiya tərəfindən İvan Paskeviç, İran tərəfindən Mirzə Əbdül Həsən xan imzaladıqları an bu münasibətlə rus toplarından 101 yaylım atəşi açıldı. Səhəri gün bu xəbər Rusiya paytaxtına çatdı. Qələbə sevinci bu dəfə də Petropavlovsk qalasından açılan top atəşləri ilə qeyd edildi. Türkmənçay müqaviləsi xəbərini hökmdara çatdıran İvan Paskeviç qraf elan olundu. Türkmənçay sazişinin digər iştirakçısı, “Ağıldan bəla” komediyasının müəllifi A.Qriboyedov 4000 çervon ənam aldı.
Türkmənçay müqaviləsi preambula və 16 maddədən ibarət idi. “I Maddə”də yazılırdı: “Bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri arasında, onların vərəsələri və taxt-tacın varisləri, onların dövlətləri və qarşılıqlı surətdə təbəələri arasında bundan sonra əbədi sülh, dostluq və tam razılıq olacaqdır”.
Müqaviləyə əsasən, İrəvan və Naxçıvan Rusiyaya verildi. Həmçinin Xəzər dənizi həmin ölkənin daxili dənizi hesab edildi.

 

“Türkmənçayın övladları”

 

Türkmənçay müqaviləsi ermənilərə bəd əməllərini həyata keçirmək fürsəti verdi. Bunun üçün tarixçilər erməniləri “Türkmənçayın övladları” adlandırırlar.
Müqavilə bağlandıqdan sonra ermənilərin kütləvi surətdə Azərbaycan ərazilərinə köçürülməsinə başlanıldı. Bu məqsədlə xüsusi köçürülmə komitəsi yaradıldı. Rəsmi məlumatlara əsasən, 1828-1830-cu illər arasında, cəmi 2 il ərzində Şimali Azərbaycana, eləcə də Qarabağa İrandan 40 min, Osmanlı imperiyasından 90 min erməni köçürüldü. Qeyri-rəsmi erməni köçkünləri ilə birlikdə onların sayı 200 mini ötdü.
Çar I Nikolay iki Azərbaycan xanlığı - İrəvan və Naxçıvan ərazilərində “erməni vilayəti” yaradılması barədə 1828-ci il martın 21-də fərman imzaladı. Həmin fərman ermənilərin Cənubi Qafqazda dövlət yaratmalarına, bunun üçün isə terrorlar, soyqırımlar törətmələrinə yol açdı. Ancaq çar Rusiyasının canfəşanlığına, ardıcıl həyata keçirilən köçürülmə siyasətinə baxmayaraq, ermənilər hələ bundan sonra da uzun illər həmin ərazilərdə yerli əhali ilə müqayisədə azlıq təşkil etdilər. Erməni tarixçisi Anahid Terminasın yazdıqları bu fikrin təsdiqi kimi səslənir: “Ermənilər 1917-ci ilədək Qafqazın heç bir məntəqəsində çoxluq təşkil etməmişlər və onların müəyyən bir əraziləri də yox idi...” Çar Rusiyası ilə ermənilərin anlaşmaları nəticəsini verdi. XX əsrin əvvəllərində Azərbaycanda bir milyondan çox erməni məskunlaşdı. Köçürülmə siyasəti sonrakı dövrlərdə davam etdirildi...
Əsasən İrəvan və Naxçıvan xanlıqlarının ərazisində yaradılan “erməni vilayəti”nə gürcü knyazı, şair, general-mayor Aleksandr Çavçavadze rəis təyin olundu. 1840-cı ildə həmin qurum ləğv edildi. Doqquz il sonra - 1849-cu ildə keçmiş İrəvan və Naxçıvan torpaqları əsasında İrəvan quberniyası təşkil olunanda A.Çavçavadzenin kürəkəni, şair-dramaturq A.Qriboyedov İranda nazir-rezident (səfir) idi. O, çarizmin Qafqazda müstəmləkəçilik siyasətinin gerçəkləşdirilməsi üçün var gücü ilə çalışırdı.
Türkmənçay müqaviləsinin şərtləri sırasına bunlar da daxil idi: “İran şahı həzrətləri, qabaqlar olduğu kimi, Rusiyaya ticarətin xeyrinə tələb olunan hər yerə konsullar və ticarət agentləri təyin etmək hüququ verir və öhdəsinə götürür ki, hər ikisinin məhiyyəti on nəfərdən çox olmayacaq konsul və agentlərə hamilik göstərsin ki, onlar öz rütbələrinə verilmiş şan-şövkət və üstünlüklərdən istifadə etsinlər...” Ancaq müqavilə şərtləri də işğalçı ölkənin səfirini və səfirlik əməkdaşlarını xilas edə bilmədi. Çar Rusiyasının apardığı müstəmləkəçilik siyasətini böyük narazılıqla qarşılayan yerli əhali öz etirazlarını müxtəlif formalarda bildirirdilər. Qriboyedov və səfirliyin bir çox əməkdaşı İranda bu səbəbdən qətlə yetirildilər.

 

“Türkmənçay”dan başlayan faciələr...

 

Türkmənçay müqaviləsinin mətnində coğrafi yer adlarımız bilərəkdən təhrif edildi, saxtalaşdırıldı. Azərbaycanın adı müqavilənin ancaq XV maddəsində qeyd olunurdu: “Şah həzrətləri öz dövlətinə sakitliyi qaytarmaq və öz təbəələrindən hazırkı müqavilə ilə bu qədər xoşbəxtliklə başa çatmış müharibədə törədilmiş bədbəxtlikləri daha da artıra bilən hər şeyi kənar etmək kimi xeyirli, xilasedici niyyətlə hərəkət edərək, Azərbaycan adlanan vilayətin bütün əhalisinə və məmurlarına büsbütün və tam bağışlanma əta edir. Hansı dərəcəyə məxsus olmasından asılı olmayaraq, onlardan heç kəs öz hərəkətinə və ya müharibə ərzində və ya rus ordusunun adı çəkilən vilayəti müvəqqəti tutduğu zaman davranışına görə təqibə, dini əqidəsinə görə təhqirə məruz qalmamalıdır”.
Araz çayı boyunca yaşayan yerli əhalinin haqlarını bu müqavilədə belə “tanıyırdılar”: “...Arazın hər iki tərəfində tərpənməz əmlaka malik olanlarına üç il vaxt verilməlidir ki, onlar bu müddət ərzində onu azad surətdə satsınlar və dəyişsinlər. Lakin bütün Rusiya imperatoru həzrətləri ona aid olduğuna görə keçmiş İrəvan sərdarı Hüseyn xanı, onun qardaşı Həsən xanı və keçmiş Naxçıvan hakimi Kərim xanı bu iltifatlı sərəncamdan kənar edir”. “XIV Maddə” çar Rusiyasının öz məqsədlərinə çatmaq üçün satqınlarla, xainlərlə əməkdaşlıqdan çəkinmədiyini də təsdiq edirdi: “...Yüksək tərəflərdən heç biri axırıncı müharibənin başlanmasınadək və ya o vaxt digərinin təbəəliyinə keçmiş olan satqınların və fərarilərin verilməsini tələb etməyəcəkdir...”
Türkmənçay müqaviləsindəki “Bütün Rusiya imperatoru həzrətlərinin öz tərəfindən İran qaçqınlarının Qarabağ və Naxçıvan xanlıqlarında və İrəvan xanlığının Araz çayının sağ sahilində yerləşən hissəsində yurd salmasına və ya yaşamasına hər hansı bir qərarda” icazə verməyəcəyi vədi də az vaxtda boşa çıxdı. Həmin ərazilərə ermənilər köçürüldü və “erməni vilayəti” yaradıldı. 1829-cu il Ədirnə müqaviləsi ilə Osmanlı imperiyasından da ermənilərin işğal olunmuş Şimali Azərbaycan ərazilərinə köçürülməsinə başlandı.
Köçürülmədən sonra Azərbaycanın etnik tərkibində ermənilərin sayı artmağa başladı. Onlar Qarabağda və digər bölgələrimizdə möhkəmlənmək üçün 1905-1906-cı illərdə yerli əhaliyə qarşı soyqırımı törətdilər. Sonrakı dövrlərdə də azərbaycanlılar hiyləgər ermənilərin təşkil etdikləri çox faciələrin acılarını yaşamalı oldular. Onlara Azərbaycan torpaqlarında dövlət qurmaqda, yerli əhaliyə zülm etməkdə əvvəlcə çar, daha sonra isə bolşevik Rusiyası yardım göstərdi...
Kütləvi şəkildə Qarabağa köçürülmələrini ermənilər uzun illər sevinclə yada saldılar. Həmin tarixi bu yerlərə gəlişlərinin başlanğıcı kimi qeyd etdilər. Bu münasibətlə Qarabağda abidələr ucaltdılar. Ermənilər əlləri ilə qurduqları həmin abidələri XX yüzilliyin 80-ci illərində özləri də dağıtdılar. Çünki yenidən Azərbaycana qarşı ərazi iddiaları irəli sürmüşdülər. Çox da uzaq olmayan keçmişdə ucaltdıqları abidələrlə öz yalanlarını aşkara çıxarırdılar. Tarixi saxtalaşdırmaqda mahir olan ermənilər bunun da “çarəsini tapdılar”.
Türkmənçay müqaviləsindən bu günədək tarix böyük bir yol keçib. Beynəlxalq hüquqa görə Türkmənçay müqaviləsi çoxdan hüquqi qüvvəsini itirib. Çünki dövrlər kimi hakimiyyətlər də, hökmdarlar da dəyişdi. Tarixçilər təsdiq edirlər ki, artıq bu məsələyə hüquqi varislik nöqteyi-nəzərindən baxmaq doğru deyil. Türkmənçay müqaviləsini imzalayan çar Rusiyası və Qacar dövlətləri olmuşdu. 1917-ci ilin oktyabrında bolşeviklər Romanovları taxtdan salaraq hakimiyyəti ələ keçirdilər. Sosialist inqilabı həmin ildə baş vermiş burjua inqilabından fərqli olaraq özünü Rusiya imperiyasınının varisi kimi tanımadı. 1921-ci ilin 26 fevralında bolşevik Rusiyası ilə İran arasında imzalanan müqavilədə də Azərbaycana qarşı növbəti haqsızlıqlar, ədalətsizliklər edildi. Amma SSRİ adlanan böyük imperiya XX əsrdən sağ çıxa bilmədi. Əsrin son onilliyində ömrünü başa vurmalı oldu. Bu gün tarix meydanında SSRİ adlı dövlət yoxdur. Şimalı Azərbaycan öz azadlığını və müstəqilliyini əldə etdi. Artıq bu müqavilələrin heç bir hüquqi-siyasi əhəmiyyəti qalmamışdır.

Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”