Peşəkarlığa aparan yol həvəskarlıqdan başlayır

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Peşəkarlığa aparan yol həvəskarlıqdan başlayır

10 Fevral 2018
 

Musiqi alətlərinə yenidən “can verən” usta həm də ustad olmalıdır

 

“Ustadlar deyiblər ki, hər hansı alət saz, yəni köklənmiş, istifadəyə yararlı olmalıdır. Musiqi alətlərində bu, olduqca vacib amildir. Musiqi alətlərinin uzunömürlü olması isə onlara göstərilən diqqət və qayğıdan asılıdır”. Bu fikirlərin müəllifi həm musiqiçidir, həm müəllim, həm də həvəskarlıqdan peşəkarlığadək yol keçmiş ustad Asif Quliyevdir. Musiqini insan həyatının ayrılmaz bir parçası, ruhi qidası, xalqın əvəzolunmaz sərvəti sayan usta 30 ildir əllərinin sığalı ilə yenidən “cana gətirdiyi” musiqi alətləri ilə baş-başadır. Biz də onunla həmin emalatxanada - iş başında görüşdük.

 

Qavaldaşdan başlayan yol

 

Musiqi səslərinin nə zamandan yaranmasının tarixini bilmək o qədər də asan deyil. Deyirlər ki, ilk dəfə insan övladının ovdan qayıtdıqdan sonra odun (ocağın) ətrafında yallı getməsi rəqsin bünövrəsi sayıldığı kimi, musiqinin də əsası Qavaldaşdan başlayıb. Ritmdəki səslər həm də musiqi kimi insanları hərəkətə gətirib, hətta oxudub da. Onun isə bu sənətə başladığı vaxtlardan nə az, nə çox - 40 il keçir. Əslində, uşaq yaşlarından, ağlı kəsəndən atası Aşıq Əlişin də bu işlə necə həvəs və məhəbbətlə çalışdığının şahidi olub.1993-cü ilin aprelindən, yəni Kəlbəcərin Ermənistan tərəfindən işğala məruz qalmasından sonra məcburi köçkün kimi Gəncə şəhərinin Gülüstan qəsəbəsində sığınacaq tapıb. Uşaqlıqdan sevib-seçdiyi sənətə burada da qulluq etməyi unutmayıb. Həmsöhbətim deyir ki, ilk musiqi səsləri beləcə, əllə sığallanmış alətlərdən alınmayıb. Qobustandakı Qavaldaşın ümumiyyətlə ilk insan övladının musiqi aləti sayılması təsadüfi deyil. Sevindirici haldır ki, Qavaldaşın olduğu Qobustan ərazisi UNESCO-nun Qeyri-Maddi İrs Siyahısına daxil edilib.
O, Kəlbəcər şəhərində sazbənd, eləcə də Uşaq aşıqlar ansamblının yaradıcısı və bədii rəhbəri olmuş Aşıq Əliş Quliyevin ailəsində dünyaya göz açıb. Kəlbəcər yeddiillik uşaq musiqi məktəbinin tar sinfini bitirdikdən sonra ixtisası üzrə dərs deyib. “Bahar” xalq çalğı alətləri ansamblında qoşanağara çalıb: “Atam bugünkü, müasir texniki avadanlıqları və yüksək texnologiyanı görməmişdi. O, ancaq primitiv dəzgah və alətlərlə işləyirdi. Əslində, aşıq olduğu üçün göz açandan evimizdə saz, balaban, qara zurna, qarmon, nağara, qoşanağara... səsi eşitmişdim. 1988-ci ildən Kəlbəcər Uşaq İncəsənət Məktəbində çalışmışam. Musiqi təhsilimi davam etdirmək üçün Milli Konservatoriyaya qəbul olunsam da, davam etdirə bilmədim. Buna səbəb Kəlbəcərin işğalı olub. Daha sonra Gəncə şəhərindəki Qənbər Hüseynli adına Musiqi Texnikumunda oxudum. Hazırda Kəlbəcər İncəsənət məktəbində tar ifası ixtisasından dərs deyir, boş saatlarımda isə emalatxanada məşğul oluram”.

 

Dəmir ağacın “nazı ilə oynayır”

 

Bir dəfə teleekrandan görüb ki, Afrikada bitən main ağacını göstərirlər. Ağac parçalarını bir-birinə toxundurduqda mis kimi cingiltili səs verir. Bunun səbəbini usta özü söyləyir: “Ağac o qədər quru olur ki, ondan səs - akustika almaq olur. Axı hər ağac səs vermir. Əlimdə düzəltdiyim elektrogitaranın materialı atrelikdir. Cənubi Koreyada istehsal edilir. Bu materiallardan ən çox reklam lövhələrinin hazırlanmasında istifadə olunur. Ondan gitara düzəltmək çətin olsa da, gözəl, zövqlü bir alət almaq mümkündür”.
Dünyanın bir çox ölkəsini gəzib dolaşan, oradakı musiqi alətləri istehsalı ilə məşğul olan fabriklərdə görüb-götürdüklərini burada öz sənətinə əlavə edən Asif Əliş oğlu Quliyevi digər belə işlərlə məşğul olan sənətkarlardan fərqləndirən cəhətlər az deyil. Onlardan biri özünün düzəltdiyi və ya təmir etdiyi bütün növ musiqi alətlərində məharətlə və peşəkarcasına ifa etməsidir. Deyir ki, əsasən Qərbdən gələn musiqi alətlərini Şərq üslubunda dilləndirmək üçün müəyyən improvizasiyalar, düzəlişlər etməklə onları özümüzünküləşdirirəm: “Heç avropalılar bundan incimirlər də. Axı bu musiqi alətlərinin hamısı vaxtilə Şərqdən aparılanlardır. Bilirsinizmi, usta xammalın - materialın, eləcə də avadanlığın və alətin dilini, xarakterini bilməlidir. Elə texniki avadanlıq var ki, onu da rekonstruksiya edir, ağacın, bir növ, “nazı ilə oynadıram”. Yoxsa həssas, kiçik ağac parçası bu dəmirdilli texnikanın zərbəsindən parçalanar, məhv olar”.
Asif müəllim əlindəki elektriklə işləyən avadanlığı işə salaraq izah edir ki, bu alətdən əsasən diş texnikləri istifadə edirlər: “Dişləri yonan bu həssas avadanlıqla mən ağac üzərində oyma və naxışları işləyirəm. Bir neçə funksiyanı yerinə yetirən bu avadanlıqla nələr etmirəm ki: kəsirəm, yonuram, sədəf yapışdırıram, cilalayıram...”
Daha bir maraqlı məqam ustanın həm xarrat, həm də musiqiçi olmasının ona verdiyi imkanlardır: “Xarratın musiqiçinin alətdən nələr istədiyini bilməməsi qəbahət deyil. Axı o özü musiqiçi deyil. Mən isə musiqiçi olduğum üçün istəyin və arzuların gerçəkləşməsində sifarişçinin köməkçisinə çevrilirəm”...
Asif Quliyevi təkcə ölkəmizin bütün bölgələrində deyil, artıq dünyanın bir çox qütblərində tanıyır və musiqi aləti düzəltməsi üçün ona sifarişlər verirlər. Belə olmasaydı, onun yaratdığı çeşid-çeşid musiqi alətlərinin və onların ayrı-ayrı hissələrinin satışı ilə məşğul olmazdı ki...
Ailəsində də musiqi alətlərinə maraq istəyicəndir. Oğlu Şəhriyarın skripkada mahir ifası da bunu söyləməyə əsas verir. Usta 15 növ Azərbaycan musiqi aləti düzəldir. Satışda olan eyni musiqi alətlərinin müxtəlif qiymətlərinə gəlincə, burada da səbəb maraqlıdır. Alətlərin düzəldilməsində istifadə olunan materialların dünyanın müxtəlif guşələrindən, məsələn, Afrika ölkələrindən, Hindistan və Türkiyədən gətirilməsi, həmçinin keyfiyyəti ilə bağlıdır.

 

Ağac kötüyünü dilləndirən ustad

 

“Usta istəsə, lap ağac kötüyünü də dilləndirər”. Qarşısındakı odun kötüyünü göstərərək “onu yandırsaq, külə, cilalasaq, gözəl bir musiqi alətinə çevrilər, - deyir: - Hər bir “atılmışlar”ı cana gətirmək həm xeyirxahlıq, həm mənfəət, həm də savabdır”. O, maraqlı bir aləti təqdim edir. Öyrənirik ki, bu misiqi alətini özü düzəldib və həm də onda ifa edir. Uddan bir az böyük, sazdan isə kiçikdir. Ondan elektrogitara kimi istifadə edilir. Hələ adı olmayan bu aləti yenicə rekonstruksiya edib. Televiziya verilişlərinin birində musiqiçilərə müraciət edib ki, bu alətə ad verilməsində fikirlərini bildirsinlər. Alət elektron gitaranın səsini verir. Onda qədim el havaları, muğam və segahlarımızla yanaşı, xalq və bəstəkar mahnılarını da zərif, incə səslə ifa etmək mümkündür: əsl Şərq xalqlarının ruhunun ifadəçisidir.
Yaşadığı evin zirzəmisində yerləşən, darısqallığından belə gileylənməyən usta deyir ki, bu emalatxanada kimlər alətlərlə baş-başa olmayıb ki? Onların arasında Rəmişin adını xüsusi təqdim edən usta deyir ki, elə bu tör-töküntülü emalatxanada Rəmişin ifa etdiyi “Qarabağ şikəstəsi”, “Sarı bülbül”, “Yanıq Kərəmi”... kimi el havacatlarını heç zaman unuda bilməz: “Anadolu türklərinin daha çox istifadə etdiyi sazın gitara ilə sintezləşdirilməsinə nail olmuşam. Çox maraq göstərilən musiqi alətlərindəndir. Kanon Şərq xalqlarına məxsusdur. Ud Hindistanda ağac adıdır. Ondan ancaq musiqi aləti düzəldilmir. Müqəddəs sayılır. Yandırılan ud ağacının külündən ta qədimlərdən (İbn Sina dövründən) Hindistanda diş məcunu alırlar. Orada xalq təbabətində daha çox bu istiqamətdə istifadə olunur. Udun digər musiqi alətlərindən fərqli cəhətləri çoxdur. Görünüşünə gəlincə, çanaq hissəsinin daha böyük olması səs tembrinə görədir. Yeddi səsdən ibarət muğamların improvizasiyası udda daha gözəl səslənir. Ud sanki “Şur” muğamı üçün yaradılıb. Udun elektron forması da var. Onları bir-birindən fərqləndirən ancaq səsin akustikasıdır. Elektronlarda səs qoldan (pərdədən), adi udda isə çanaq hissədən gəlir”.
Burada onu da öyrənmək mümkündür ki, Hindistanda bitən zebrana (zolaqlı) adlı ağacdan sazın çanaq hissəsi, maindən isə sinəsi düzəldilir. Qol hissəsi də Hindistan ağacındandır. Bu, əsasən, Anadolu sazlarına aiddir. Bütün simli musiqi alətlərinin “səs tablosu” var: sinə üzlüyü də deyirlər. Bizim milli sazın sinəsi xüsusən Təbriz tutundan hazırlanır, kanonun sinəsi isə qırmızı söyüddən. Kanon daha geniş diapazona və zil kökə malikdir. Sazların üzünün bəzəyinin materialı isə sədəflərdir. Onun min bir çalarını ustalar texnoloji yolla alırlar.
...Bu da bir ömürdü, həm də maraqlı: könülləri oxşayan musiqilərin pərvaz elədiyi alətlərin dilini bilib, onları yaşadasan. Usta və ustad Asif Quliyev yenicə “cana gətirdiyi” sazla gitaranın sintezindən hazırladığı aləti sinəsinə sıxaraq “Baş sarıtel”i ifa edir. Ecazkar bir səs gitaranın par-par yanan sinəsindən qopan ah-amana çevrilir...

Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan”