Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Nazir: Azərbaycan Avropa İttifaqı ölkələrinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır

09 Fevral 2018
2017-ci il əməkdaşlığımızın inkişaf etdirilməsi üçün məhsuldar və perspektivli olduğunu sübut etdi. Azərbaycan Prezidentinin 2017-ci ilin fevralında Brüsselə səfəri bu sahədə mühüm rol oynayıb. Yeni ikitərəfli sənəd üzərində danışıqlar prosesinin rəsmi başlanması və hər iki tərəfdən yüksək səviyyəli bəyanatlar qarşılıqlı maraqların olduğunu göstərdi.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Avropa İttifaqı – Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasındakı çıxışı zamanı deyib.

Nazir bildirib ki, Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammiti Şərq Tərəfdaşlığı (ŞT) çərçivəsində əməkdaşlığın regionda çətin vəziyyətin real nəzərə alınması və Şərq Tərəfdaşlığının gətirə biləcəyi faydalar və potensial əlavə dəyərlərə əsaslanmalı olduğunu sübuta yetirdi. “2020-ci ilədək 20 çatdırılma” bizi aydın müəyyən məqsədlərlə müvafiq əməkdaşlıq sahələri, istəklər və həyata keçiriləcək zaman çərçivələrinə diqqət yetirməyə imkan verir.

“Üç illik aradan sonra biz Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin (TƏS) dialoq mexanizmlərini yenidən başladıq və müvafiq alt-komitə və parlament əməkdaşlıq komitəsi iclasları keçirildi. İki tərəf Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığı prioritetləri (2018-2020) üzrə məsləhətləşmə prosesi ilə məşğul oldu və biz bu mühüm sənədin yekunlaşdırılmasını dəstəkləyirik.

Biz Avropa Qonşuluq Siyasətinə (ENP) fərqlilik, çeviklik və daha çox sahiblik prinsiplərini inteqrasiya etmək və 2015-2017-ci illər üçün yenidən işlənmiş ENP Avropa İttifaqı-Azərbaycan Tərəqqi Hesabatının hazırlanması prosesində Aİ-nin əməkdaşlığını yüksək qiymətləndiririk.

Bu gün Azərbaycan Avropa İttifaqı ölkələri ilə Cənubi Qafqazda Aİ-nin ən böyük ticarət tərəfdaşıdır. Belə ki, Azərbaycanın ticarət dövriyyəsinin 46 faizi Aİ-nin payına düşür. Avropa İttifaqı da Azərbaycanda ən böyük investorudur və son 10 ildə Aİ üzv ölkələr tərəfindən iqtisadiyyatımıza həm neft, həm də qeyri-neft sektorunda 20 milyard dollardan artıq sərmayə qoyulub,-deyə nazir qeyd edib.

E.Məmmədyarov bildirib ki, enerji əməkdaşlığı ikitərəfli gündəlikdə mühüm yer tutur. Biz enerji mənbələri və marşrutları diversifikasiya etmək və birbaşa enerji və nəqliyyat əlaqələri qurmaq kimi Avropa İttifaqı ilə Azərbaycan arasında birgə məqsədlərə cavab verən Avropada ən böyük infrastruktur və enerji layihəsi olan Cənub Qaz Dəhlizinin təşviqi və həyata keçirilməsi yolu ilə enerji sahəsində strateji tərəfdaşlığımızı davam etdiririk.

Qeyd edilib ki, mobillik və insanlar arasında əlaqələrin təşviqi Aİ ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin əsas hissəsini təşkil edir. Hesab edirik ki, reabilitasiya və viza rejiminin sadələşdirilməsi üzrə sazişlərin uğurla həyata keçirilməsi Avropa İttifaqı ilə Azərbaycan arasında viza azadlığına dair dialoqa başlamaq üçün yol açmalıdır.

Nazir deyib: “Artıq 30 ilə yaxın dövrdür ki, Şərq Tərəfdaşlığı ölkəsi olan Ermənistan digər Şərq Tərəfdaşlığı ölkəsinin suverenliyi və ərazi bütövlüyünə qarşı gücdən istifadə edir və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini hərbi işğal altında saxlayır. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu münaqişənin həll edilməməsində əsas səbəbdir və regional sülh və təhlükəsizliyə ciddi təhdiddir.

Status-kvonun dəyişdirilməsi və münaqişənin danışıqlar yolu ilə tezliklə həllində ən maraqlı tərəf olaraq Azərbaycan beynəlxalq ictimaiyyətin münaqişənin həlli ilə əlaqədar mövqeyini dəstəkləyir. Beynəlxalq ictimaiyyətin mövqeyi beynəlxalq təşkilatların çoxsaylı qərarları və müvafiq sənədləri, xüsusilə BMT Təhlükəsizlik Şurasının qətnamələrində təsbit olunub. BMT TŞ-nın qətnamələrində tələb olunduğu kimi təxirə salınmadan Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunmalıdır.

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz qondarma rejimin təmsilçilərinin Avropa İttifaqı ölkələrinə səfərləri narahatlıq doğuran məqamdır. Bu qəbildən olan səfərlər Avropa İttifaqı ilə Ermənistan arasında vizaların sadələşdirilməsi və readmissiya haqqında sazişin və Şenqen visa rejiminin pozulması ilə müşayiət olunur. Bununla bərabər, Avropa İttifaqının üzv dövlətlərində olan hüquqi və fiziki şəxslərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətləri ciddi narahatlıq doğuran başqa bir məsələdir.