Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xıdır Nəbi, Xıdır İlyas, Bitdi çiçək, oldu yaz

09 Fevral 2018
Muxtar respublikada fevral ayında, yəni qışın oğlan çağında kiçik çillənin tüğyan etdiyi vaxtda Xıdır Nəbi mərasimləri keçirilir. Etnoqrafik materiallara əsasən, bu mərasimlər kiçik çillənin onuncu günü, yəni fevralın 9-da qeyd olunur. Həmin mərasimlərdə məqsəd istiliyi çağırmaq, qışı yola salmaqdır.

Naxçıvanın bəzi bölgələrində “Xıdır”, “Xıdıra-Xıdır”, “Xıdır (Xızır) İlyas” adlanan bu mərasimlər türk-müsəlman aləmində Xızır Peyğəmbərin (İlyas Peyğəmbərin digər adı) adı ilə bağlıdır. Xıdır Nəbi mərasimi ilə bağlı bir folklor nümunəsində deyilir:

 

Xıdır Nəbi, Xıdır İlyas,

Bitdi çiçək, oldu yaz.

Mən Xıdırın quluyam,

Boz atının çuluyam.

 

Naxçıvanlı etnoqraflar Türkan Qədirzadə, Asəf Orucov da Xıdır Nəbi bayramı ilə bağlı dəyərli məlumatlar toplayıblar. Asəf Orucov qeyd edir ki, Anadolu türkləri bayramı “Hıdır-Ellez” adı ilə mayın 6-da, Balkanlardakı müsəlman-türk xalqları isə aprelin üçüncü ongünlüyündə keçirirlər. Türkiyənin İqdır bölgəsində isə Naxçıvanda olduğu kimi fevral ayına təsadüf edir.

Xıdır Nəbi bayramı Naxçıvan bölgəsinin müxtəlif yaşayış məntəqələrində də fərqli vaxtlarda keçirilir. Türkan Qədirzadə deyir ki, bəzi kəndlərdə Xıdır Nəbi mərasimi 3 dəfə - qışın yarısında, yəni fevralın 5-də, kiçik çillənin ortasında - fevralın 9-da, bir də fevralın 15-də - Xızır anadan olduğu gün qeyd edilir.

Tədqiqatçı-jurnalist Zaleh Novruzov bildirir ki, Xıdır Nəbinin keçirilmə mərasimi, demək olar, muxtar respublikanın hər bölgəsində oxşardır. Adətən, bu bayrama yay dövründən hazırlıq gedir. Çətənə, küncüt, fındıq, şabalıd, noxud, püstə, badam, ərik dənəsi, qarpız toxumu tədarük edilir və Xıdır günü qovurulur. Qovurğanın əsasını isə buğda təşkil edir. Qovurğa qarışığına kişmiş, mövüc, iydə, tut qurusu, xurma qarışdırılır.

Qovurğa, əsasən, ağ, yumşaq növ buğdadan hazırlanır. Qovurğa dəstərdə (kirkirə, əl daşı) çəkilir və ya dibəkdə döyülür, qovut hazırlanır. Qovut uzaq səfərə gedən adamlar üçün çörəyi əvəz edən yol azuqəsi kimi də istifadə edilərdi. Axşam pəncərə qabağında sərili qoyulardı ki, gecə Xızır Peyğəmbər qovuta əlini və ya çəliyini vursun. Quru halda qovutu yemək çətin olduğu üçün onu yoğurarlar. Qovut yoğurmaq üçün, əsasən, doşabdan istifadə edirlər. Doşabı bal ilə də əvəz etmək olar. Heç biri olmadıqda isə şəkər şərbəti hazırlayıb şərbətlə yoğururlar.

Xıdır Nəbi bayramının İlaxır çərşənbə (axır çərşənbə) mərasimi ilə də bəzi oxşar cəhətləri var. Adətən, papaqatma (şal sallama, torba atma) hər iki bayramda təkrar olunur. Xıdır Nəbi günü uşaqlar qapıları gəzir, torba ataraq Xıdır payı toplayarlar. Bu zaman müxtəlif nəğmələr oxunur:

 

Xıdıra Xıdır deyərlər,

Xıdıra çıraq qoyarlar.

Xıdıra pay yığmağa

Biz gəlmişik hayınan.

Xızır-xızır xız gətir,

Var dərədən od gətir.

 

Uşaqlar sonra bir evə toplaşar, səhərə qədər çalıb-oynayar, şənlənərdilər.

Bir məqamı da qeyd etmək istərdik. Pay toplamaq Xıdır Nəbi mərasiminin maraqlı bir elementidir. Bu mərasimi yerinə yetirən uşaqlar məhəllələri öz aralarında bölər, qapıları döyüb torba atardılar. Bəzi ailələrdə isə Xıdır Nəbidə yumurta boyayırlar. Bu bayramda oğlan evindən nişanlı qıza, bəzən də qız evindən nişanlı oğlana, təzə gəlinlərə bayram sovqatı göndərilir. Niyyət edib, qulaq falına çıxanlar olur.

Hər bir xalqın adət-ənənələri onun milli dəyərləridir. Min illərin dərin qatlarından süzülüb gələn adət-ənənələrimizi, onlarla bağlı xalq mərasimlərini qorumaq, olduğu kimi gələcək nəsillərə çatdırmaq isə hər birimizin borcudur. Bu istiqamətdə Azərbaycan xalqının adət-ənənələrinin qorunduğu Naxçıvanda ardıcıl işlər görülür, milli və mənəvi dəyərlərimiz təbliğ olunur. İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan şəhərində Xıdır Nəbi bayramının insanlar tərəfindən hər il daha təntənəli şəkildə qeyd olunması da adət-ənələrimizə bağlılığın nəticəsidir.

 

AZƏRTAC