Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Əvvəlki illərlə müqayisədə ötən il vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlib

09 Fevral 2018
 

Ali Məhkəmənin növbəti Plenumunda kollegiya sədrlərinin 2017-ci ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatları geniş təhlil olunub

 

Fevralın 9-da Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Ali Məhkəmənin sədri Ramiz Rzayev 2017-ci ilin Azərbaycan Respublikasının bütün məhkəmə sistemi, o cümlədən Ali Məhkəmənin fəaliyyətində mühüm il olduğunu bildirib.

R.Rzayev deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 10 fevral tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamı məhkəmə-hüquq islahatlarının səmərəliliyinin daha da yüksəldilməsinə xidmət edir. Humanizmin təntənəsi olan bu sənəd ulu öndər Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi ədliyyə və məhkəmə-hüquq islahatlarının yeni mərhələdə uğurlu davamı kimi cəmiyyətdə yüksək qiymətləndirilir.

Sərəncamın preambula hissəsində qeyd olunduğu kimi, “...Dövlət idarəçilik sisteminin müasirləşdirilməsi və məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən tədbirlər penitensiar xidmətin və bütövlükdə cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasını və səmərəli idarəetmənin təşkilini zəruri edir”. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına, o cümlədən Mülki, Cinayət, Mülki-Prosessual, Cinayət-Prosessual və sair məcəllələrinə edilən dəyişikliklər dövlətimizin başçısının müvafiq Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi mərhələlərindən biridir.

Diqqətə çatdırılıb ki, ötən il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə sistemi ilə bağlı digər sərəncamlarının icrası, Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində görülən işlər davam etdirilib. Dövlətimizin başçısının “Elektron məhkəmə informasiya sistemi”nin yaradılması haqqında 2014-cü il 13 fevral tarixli Sərəncamının icrası və elektron məhkəməyə keçidin təmin olunması məqsədilə Ali Məhkəmədə yeni elektron sənəd dövriyyəsi, kassasiya müraciətlərinin və işlərin elektron qaydada bölüşdürülməsi sistemi yenilənib. “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi məhkəmə ilə tərəflərin əlaqələrinin asanlaşdırılmasını, sənədlərin işlənməsinin sürətləndirilməsini və işlərə prosessual qanunvericiliyin tələblərinə uyğun qaydada və müddətlərdə baxılmasını təmin edir. Ali Məhkəməyə daxil olan kassasiya şikayətlərinin, ərizə, şikayət və digər sənədlərin elektron qeydiyyatı aparılır, məhkəmə prosesləri audio, video və digər texniki vasitələrdən istifadə edilməklə qeydə alınır, məhkəmə protokolları və qərarlar Ali Məhkəmənin elektron arxivinə inteqrasiya edilir. Həmçinin “Elektron hökumət” portalı vasitəsilə məhkəmə fəaliyyəti ilə bağlı bütün dövlət rüsumları elektron qaydada ödənilir.

R.Rzayev bildirib ki, əvvəlki illərlə müqayisədə 2017-ci il ərzində vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlib. Ali Məhkəmənin icraatında 2016-cı ildə 13 min 292 iş olmuşdusa, 2017-ci ildə onların sayı 2709 iş (20,4 faiz) artaraq 16 minə çatıb. 2016-cı ildə 10 min 530, 2017-ci ildə isə 13 min 550 işə baxılıb, yəni baxılan işlərin sayı 28,7 faiz artıb. Baxılan işlərin sayının artmasına baxmayaraq, ləğv olunan məhkəmə qərarlarının sayında 1,8 faiz azalma müşahidə olunur.

Baxılan işlərdə mülki kollegiyada 44,8 faiz, inzibati-iqtisadi kollegiyada 21,4 faiz artım, cinayət kollegiyasında işlərin sayında 1,6 faiz, məhkum olunmuş şəxslərin sayında 3,8 faiz azalma, hərbi kollegiyada isə baxılan işlərin sayında 8,2 faiz azalma olub.

Plenumda Ali Məhkəmənin kollegiya sədrlərinin 2017-ci ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatları dinlənilib. Həmin məlumatlarla əlaqədar Plenumda geniş müzakirələr və təhlillər aparılıb.

Məruzə edən kollegiya sədrləri 2017-ci ildə kollegiyaların fəaliyyətində nəzərəçarpacaq irəliləyiş olduğunu qeyd ediblər. Bildirilib ki, mülki kollegiyada 2016-cı ildə 6246 işə, 2017-ci ildə isə 9047 işə baxılıb. Bu da baxılan işlərin sayının ötən ilə nisbətən 44,8 faiz artmasını göstərir. Bununla yanaşı, ləğv edilmiş məhkəmə qərarlarının sayı 3,2 faiz azalıb ki, bu da ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə dəlalət edir. 2017-ci ildə bəzi kateqoriyalardan olan işlərin (ailə münasibətləri, əmək, mənzil, bank-kredit mübahisələri) sayı artıb. Belə ki, ailə münasibətləri üzrə mübahisələrə dair işlərdə 71,9 faiz, əmək mübahisələrində 2 dəfə, mənzil mübahisələrində 39,8 faiz, bank-kredit mübahisələrində 93,6 faiz artım olub. Hesabat ilində mülki işlərin sayının artması ədalət mühakiməsinin düzgün həyata keçirilməsi ilə əlaqədar olmaqla, eyni zamanda, vətəndaşların məhkəmələrə inamının artmasının təsdiqidir.

Diqqətə çatdırılıb ki, 2017-ci il ərzində inzibati-iqtisadi kollegiyada baxılmış 2637 işdən 504 iş iqtisadi, 2133 iş isə inzibati mübahisələrə dair işlərə aiddir. İnzibati məhkəmələrin fəaliyyətə başladığı 2011-ci ilin yanvarın 1-dən indiyədək inzibati orqanlara qarşı qaldırılan iddiaların 82-84 faizi təmin edilib. Plenumda, həmçinin inzibati mübahisələrə dair işlərin baxılmasında müxtəlif inzibati orqanlar və onların struktur qurumlarının tərəf qismində iştirak etdiyi, əsasən inzibati orqanların və bələdiyyələrin fəaliyyəti zamanı qəbul olunmuş qərarlar və hərəkətlərdən olan şikayətlər üzrə mübahisələrin yarandığı bildirilib. Bəzi inzibati orqanlara qarşı olan iddiaların sayı artıb. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun struktur qurumlarına qarşı 99,1 faiz, Vergilər Nazirliyi və onun struktur qurumlarına qarşı iddiaların sayında 27,5 faiz artım qeyd alınıb.

Bildirilib ki, 2017-ci ildə cinayət kollegiyasının icraatında olan 2495 nəfər haqqında 2460 işdən 2234 nəfər haqqında 1954 işə baxılıb. 2016-cı ildə isə 2271 nəfər haqqında 2031 işə baxılmış, bununla da 2016-cı illə müqayisədə işlərin və məhkum olunmuş şəxslərin sayında müvafiq olaraq 3,8 faiz və 1,6 faiz azalma olmuşdu.

Apellyasiya instansiyası məhkəmələrinin qəbul etdikləri qərarların stabilliyi ilə bağlı təhlil göstərir ki, 2016-cı ildə baxılmış 288 nəfər (12,6 faiz) haqqında 247 iş üzrə (12,1 faiz) qərar ləğv edilmişdisə, hesabat dövründə cəmi 258 nəfər (11,5 faiz) haqqında 202 iş üzrə (10,3 faiz) qərarlar ləğv olunub. Göründüyü kimi, bu göstəricələrdə də azalma müşahidə edilir.

Cinayət kollegiyasında kassasiya qaydasında baxılmış işlər üzrə şəxslər əsasən mülkiyyət əleyhinə, həyat və sağlamlıq əleyhinə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan, ictimai təhlükəsizlik əleyhinə, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət əməllərini törətdiklərinə görə məhkum olunmuş və kassasiya şikayətləri və kassasiya protestləri də ən çox məhz bu cinayətlərə görə məhkum olunmuş şəxslər haqqında qəbul edilmiş hökm və qərarlardan verilib. Ləğv olunmuş və ya dəyişdirilmiş qərarlar sırasında isə mülkiyyət əleyhinə cinayət törətmiş şəxslər haqqında qəbul edilmiş qərarlar və ya çıxarılmış hökmlər daha çox olub. Kassasiya qaydasında baxılmış işlər üzrə talama cinayətlərinə, bu cinayətlərin sırasında da dələduzluğa (Cinayət Məcəlləsinin 178-ci maddəsi) görə məhkum edilmiş şəxslər çoxluq təşkil edib.

Hərbi kollegiyanın icraatına 2017-ci ildə daxil olmuş 182 nəfər haqqında 142 işdən 134 nəfər haqqında 112 işə baxılıb. 2016-cı ildə 146 nəfər haqqında 122 işə baxılmışdı. Bununla da 2016-cı illə müqayisədə işlərin və məhkum olunmuş şəxslərin sayında müvafiq olaraq 8,2 faiz azalma olub. Ötən il hərbi kollegiyada kassasiya qaydasında baxılmış işlərin təhlili göstərir ki, hərbi məhkəmələr tərəfindən baxılmış işlər üzrə şəxslər, əsasən mülkiyyət əleyhinə (47 nəfər), hərbi xidmət əleyhinə (30 nəfər), həyat və sağlamlıq əleyhinə (13 nəfər) olan cinayətləri törətdiklərinə görə məhkum olunublar.

Məlumat verilib ki, Ali Məhkəmənin Plenumunun 2017-ci ildə 6 iclası keçirilib, müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib. Plenumun 2017-ci il aprelim 7-də keçirilmiş iclasında Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən 2015-ci ildə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə və ev dustaqlığında saxlanılma müddətinin uzadılması ilə bağlı təqdimatlara və həbsin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatətlərə baxılması təcrübəsinin ümumiləşdirilməsi digər dövlət qurumlarının rəhbərlərinin iştirakı ilə müzakirə edilib.

Bundan əlavə, Plenumda qeyd edilib ki, hesabat ilində Ali Məhkəmədə vətəndaşların ərizə və şikayətlərinə, habelə digər müraciətlərinə baxılıb, onlara hüquqi cəhətdən əsaslı və düzgün cavab verilib.

Plenumda müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul edilib.