İnsan orqan və toxumalarının transplantasiyası ilə bağlı reyestr sistemi yaradılması təklif olunub

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İnsan orqan və toxumalarının transplantasiyası ilə bağlı reyestr sistemi yaradılması təklif olunub

09 Fevral 2018
 

“Bu gün Azərbaycanda orqanköçürmə əməliyyatlarının həyata keçirilməsi üçün kifayət qədər kadr potensialı var. Ölkəmizdə böyrək, qaraciyər, gözün buynuz qişası, sümük iliyi və digər tansplantasiya əməliyyatları həyata keçirilir. Lakin onların sayı yetərincə deyil. Çünki ölkəmizdə belə əməliyyatlara tələbat hazırda həyata keçirilən əməliyyatlardan qat-qat artıqdır”.

Bu fikirləri dünən Milli Məclisin Səhiyyə komitəsinin iclasında “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair dinləmədə  komitənin sədri Əhliman Əmiraslanov söylədi.

Onun sözlərinə görə, Azərbaycanda orqan transplantasiyası ilə bağlı problemlər təkcə tiblə bağlı deyil, eləcə də onun hüquqi və mənəvi tərəfləri var: “Bu məsələlər düzgün tətbiq olunmadıqda transplantasiya sahəsinin inkişafı mümkün deyil. Hazırda ölkəmizdə ürəkköçürmə ilə bağlı tibbi nöqtəyi-nəzərdən heç bir problem yoxdur. Lakin bu məsələnin sürətli tətbiqinə mane olan problemlər orqan qıtlığı, donor çatışmazlığıdır. Hesab edirəm ki, bu sahədə reyestr sistemi yaradılmalıdır. Bu, çox vacib məsələdir və orqan transplantasiyasına ehtiyacı olanlar üçün məlumat bazası rolunu oynaya bilər. Bundan başqa, ölkəmizdə beyin ölümünü təsdiq edən mərkəz yaradılmalıdır”.

Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev də insan orqan və toxumalarının transplantasiyası ilə bağlı reyestrin formalaşdırılmasının vacibliyini vurğuladı: “Milli koordinasiya mərkəzi yaradılmalıdır. Yəni kimə, nə zaman orqanlar köçürülməlidir, müzakirə olunmalıdır. Qanunda müəyyən müddəalar yazıla bilər, amma cəmiyyət qəbul etməyəcəksə, bunun əhəmiyyəti olmayacaq. Kimsəsiz şəxslər vəfat etdikdən sonra orqanlarının götürülməsi məsələsi müzakirə olunmalıdır. Bəzən olur ki, hansısa insan orqanını kiməsə verir, sonra həmin insanın orqanlarında problemlər yaranırsa, ona müəyyən güzəştlər tanınmalıdır”.

Musa Quliyev parlamentin Səhiyyə komitəsinin tərkibində işçi qrupun yaradılmasını təklif edərək bildirdi ki, ya yeni qanun hazırlanmalıdır, ya da mövcud qanun təkmilləşdirilməlidir.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov isə bildirdi ki, ürək transplantasiyası beyin ölümündən sonra həyata keçirilməlidir: “Çünki bu orqanı yalnız beyni ölən şəxsdən almaq mümkündür. Bu gün ölkəmizdə bu əməliyyatı keçirməyə 4-5 klinika hazırdır”.

Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov qeyd etdi ki, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanun qəbul olunub və tətbiq olunur. Bəzi məsələlərdə dəqiqləşdirmələrə ehtiyac var: “Donorların qohum olması məsələsi problem kimi qalmaqdadır. Bu məsələ, o cümlədən digər mübahisəli məsələlər həll edilməlidir. İnsanlar klinikalara müraciət edirlər, onlara deyilir ki, donor yalnız qohum ola bilər. Onlar da haqlı olaraq şikayət edirlər. Bu məhdudiyyət aradan qaldırılmalıdır”.

 

Səbinə MƏMMƏDOVA,

“Azərbaycan”