Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xalqın sınadığı, inandığı, güvəndiyi ən layiqli namizəd

09 Fevral 2018
* Yeni Azərbaycan Partiyası ölkəmizdə aparıcı siyasi qüvvədir. Partiyamızın ideyaları, siyasəti xalq tərəfindən dəstəklənir. Partiyamızın sıraları genişlənir, 700 mindən çox üzvümüz var və çox sevindirici hal ondan ibarətdir ki, gənclər partiyaya üz tuturlar.

 

*  25 il ərzində partiyamız uğurlu və şərəfli yol keçmişdir. Bütün iştirak etdiyi seçkilərdə Yeni Azərbaycan Partiyası qələbə qazanmışdır və bu 25 il qələbələr salnaməsidir.

 

*  Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, onun qayğıları, onun rifahı dayanır. Xalq-iqtidar birliyi Azərbaycanda sabitliyi şərtləndirən əsas amildir, bu gün var və gündən-günə güclənir. Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir və o ölkədir ki, xalq-iqtidar birliyi onun uğurlu inkişafını müəyyən edir.

 

*  Gələcək illərdə də demokratik inkişafla bağlı yeni addımlar atılacaqdır, siyasi islahatlar davam etdiriləcəkdir. Son illər ərzində bu istiqamətdə gözəl nəticələr əldə edilib və bu, daimi prosesdir. Biz çalışmalıyıq ki, dünyanın demokratik baxımdan ən inkişaf etmiş ölkələrinin standartlarına yaxınlaşaq və bunu edəcəyik. Bu gün də vəziyyət çox yaxşıdır, müsbətdir. Bütün azadlıqlar - söz, mətbuat, sərbəst toplaşma azadlığı tam təmin edilir və ediləcəkdir. Bu, bizim prinsipial siyasətimizdir.

 

*  Bundan sonra da ölkəmizdə bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayacaq. Bu, bizim böyük sərvətimizdir. Bu, ölkəmizin uğurlu inkişafı üçün əsas şərtlərdən biridir, vətəndaş həmrəyliyi, vətəndaş sülhü üçün əsas şərtdir. Azərbaycanda heç vaxt milli və ya dini zəmində heç bir qarşıdurma, anlaşılmazlıq olmamışdır, bundan sonra da olmayacaq.

 

*  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Biz heç vaxt imkan verə bilmərik ki, torpağımızda ikinci erməni dövləti yaradılsın. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt olmayacaq.

 

*  Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq.

 

*  Təşəbbüsümüzlə həyata keçirilən layihələr Ermənistanı tamamilə kənarda qoymuşdur. Həm Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, “Cənub qaz dəhlizi”, Bakı-Tbilisi-Qars layihələri onlardan yan keçmişdir. Bizim siyasətimizə görə, Şimal-Cənub Nəqliyyat Dəhlizi də onlardan yan keçəcəkdir. Biz bunu gizlətmirik. Baxmayaraq, bəziləri çalışırlar bizi ittiham etsinlər ki, biz onları təcriddə saxlayırıq. Bəli, saxlayırıq və saxlayacağıq. O vaxta qədər ki, torpaqlarımız işğaldan azad olunsun. Bu siyasət öz nəticələrini verməkdədir. İndi heç kim Ermənistana sərmayə qoymur.

 

* 2016-cı ilin aprel döyüşləri bunu əyani şəkildə düşmənə və bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu nəyə qadirdir. Döyüş meydanında bizim şanlı tarixi qələbəmiz əlbəttə ki, məsələnin ədalətli həlli üçün də yeni imkanlar yaradır və yaradacaqdır. Növbəti illərdə hərbi potensialın gücləndirilməsi üçün, ordu quruculuğu üçün nə lazımdırsa, o da ediləcək. Bizim güclü iqtisadi imkanlarımız var. Gündən-günə artan maliyyə resurslarımız, ilk növbədə, ölkə qarşısında duran əsas vəzifələrin həllinə yönələcək və ordu quruculuğu burada, bu məsələdə prioritetdir.

 

* Ölkə iqtisadiyyatının dayanıqlı inkişafını ancaq bu amillər - qeyri-neft sektoru, sahibkarlıq, idarəetmədə aparılan və aparılacaq islahatlar müəyyən edəcək. Ona görə iqtisadiyyatın şaxələndirilməsi, mütərəqqi beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, maliyyə, fiskal siyasətində ən qabaqcıl texnologiyalardan istifadə etməyimiz inkişafımız üçün əsas amillər olacaqdır. Deyə bilərəm ki, bu siyasət artıq öz nəticəsini vermişdir.