Qədim və həmişəcavan NAXÇIVAN

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qədim və həmişəcavan NAXÇIVAN

09 Fevral 2018
 

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan ölkəmizin tarixində və müasir inkişafında möhkəm yer tutan əsas mərkəzlərdən biridir. Bu diyar Azərbaycanda insanların ilkin məskunlaşma zamanından protoazərbaycanlıların formalaşdıqları, türk-oğuz qəbilə-tayfa birliklərinin yaranmasına qədərki ən qədim dövrlərdən etibarən həmişə ulu əcdadlarımızın məskənlərindən biri olmuşdur. Bir sıra dünya hadisələri və regional proseslər Naxçıvanın ilkin sivilizasiyaların əsas mərkəzlərindən biri olduğunu sübut edir. 

Bəşəri əhəmiyyət daşıyan Dünya tufanı hadisəsi və Nuh peyğəmbərin əfsanəvi səfərinin bu diyarda çoxsaylı izlərinin yaşaması Naxçıvan torpağı üzərində tarixin möhürləridir. Dünya tufanından sonrakı hadisələrlə bağlı olan Gəmiqaya, Qapıcıq, Nəbi yurdu (Nuh - Nəbi yurdu), Qaranquş yaylağı, Xəzər obası, Haçadağ, Nuhdaban yaşayış yeri, Nəhəcir, Nehrəm və sair kimi onlarla toponimlər Naxçıvanın bəşəriyyətin ilkin sivilizasiyasının əsas mərkəzlərindən biri olmasını göstərən etibarlı vəsiqələridir.
Nuhdaban - indiki Naxçıvan şəhərinin tarixi-mifoloji varisidir. Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarı və türbəsi qədim Nuhdabandan qalmış mavzoleydir.
Naxçıvan sözünün mənası da Nuhçıxan deməkdir. Nuhçıxan - həzrəti Nuh peyğəmbərin əfsanəvi gəmisinin Dünya tufanından sonra gəlib çatdığı yer deməkdir.
Yeni Naxçıvan Nuh peyğəmbərin gəmisinin ilk dayanacağıdır.
Nuhdaban - bəşəriyyətin babası Nuh peyğəmbərin Dünya tufanından sonra ayağını yerə basıb, ilk yaşayış məskəni saldığı yerin adıdır.
Naxçıvan şəhəri qədim Nuhdabanın üzərində salınmışdır. Ən qədim zamanlarda bu ərazilərdə yaşamış Naxçı tayfaları da əslində, Nuhçu qəbiləsinin adı ilə bağlıdır. Bütün bunlar Naxçıvan sözünün Nuhçıxan anlayışı ilə üzvi surətdə əlaqədar olduğunu təsdiqləyir. Hətta Novruz bayramındakı Novruz sözü də Nuh-ruz, Noy-ruz, Noyruz-Novruz şəklində inkişaf edərək formalaşmışdır. Rəvayətə görə, həzrəti Nuh peyğəmbərin əfsanəvi gəmisi Dünya tufanından sonra gecə ilə gündüzün taraz olduğu gündə quru torpağa çatmış və bununla da insanlığın yeni həyatı başlamışdır. Və ən qədim zamanlardan indiyədək yer kürəsinin müxtəlif yerlərində həmin sivilizasiya aktı Novruz bayramı hadisəsi kimi qeyd olunmaqdadır.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan diyarı qədim tarixə malikdir. Məşhur Gəmiqaya rəsmləri, Əshabi-Kəhf ziyarətgahı və Qazma mağarası Naxçıvan diyarının Qafqazda ilk insan məskənlərindən biri olduğunu sübuta çatdırır. Qazma mağarasından, Duzdağ nekropolundan tapılmış arxeoloji materiallar Naxçıvanda hələ daş dövründən etibarən ilkin yaşayış məskənlərinin salındığını qəti surətdə isbat edir. Rəvayətə görə, Duzdağ yataqları da ilk dəfə Nuh peyğəmbər tərəfindən aşkar edilmişdir.
Beləliklə, Nuhdaban - Duzdağ qədim sivilizasiyanın sübutu olan tarixi ərazilərdir. Dünya üzrə protoşəhər mədəniyyətinin əsasında ibtidai sənaye addımlarının dayandığını nəzərə alsaq, Nuhdaban - Duzdağ ilkin məskunlaşmanın Naxçıvan şəhərinə çevrilmə prosesini aydın surətdə təsəvvür edə bilərik. Bu isə öz növbəsində Naxçıvan ilkin şəhərinin ən azı 5 min illik tarixə malik olduğunu deməyə əsas verir. Naxçıvan ərazilərində aparılan arxeoloji qazıntılar da Naxçıvan protoşəhərinin dünyanın ən qədim şəhərsalma nöqtələrindən biri olduğunu təsdiq edir.
Haqqında müqəddəs “Qurani-Kərim”də ayrıca bir surə səviyyəsində bəhs edilən məşhur Əshabi-Kəhf ziyarətgahı da bu qədim ərazilərdə yerləşib, Tanrıya sitayiş edənlərin ilkin ibadət yeridir. Gəmiqaya rəsmləri və Əshabi-Kəhf ziyarətgahı Naxçıvanın təkallahlığın, türk tenqriçilik dini sitayiş təliminin ən qədim məskənlərindən biri olduğunu göstərir. “Kitabi-Dədə Qorqud” dastanlarında işlədilib, Naxçıvan ərazisində bu günə qədər yaşayan Qaraçuq, Qaracaçoban mərzi, Qazançı, Qazangöl, Salaxana, Şəruk (Şərur), Altuntaxt, Dərəşam, Əlincə, Buğa çeşməsi, Səkrək (Sədərək) və sair kimi çoxsaylı toponimlər də bu diyarın ən qədim turk-oğuz damğalarıdır. Burada qədim türk sivilizasiyası ilə İslam dini dünyagörüşü qaynayıb-qarışmış və bu möhtəşəm sintez Naxçıvanı həm də müsəlman intibahının əsas mərkəzlərindən birinə çevirmişdir.
Bu mənada Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi tamamilə təbii olub, regionda gedən çoxəsrlik tarixi-mədəni proseslərin reallıqları ilə tam səsləşir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı seçilməsi haqqındakı 2 iyun 2016-cı il tarixli sərəncamında haqlı olaraq deyildiyi kimi “tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün keçmişi ərzində İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynamışdır”. Bütün dövrlərdə, o cümlədən hazırkı mərhələdə də Naxçıvanda milli-mənəvi dəyərlərin ağırlığı ilə Şərq-müsəlman amillərinin sintezi qorunub saxlanılır, inkişaf etdirilib möhkəmləndirilir.
Azərbaycanın dövlətçilik tarixində də Naxçıvanın xüsusi yeri vardır. Naxçıvan şəhəri XI-XII əsrlərdə Atabəylər dövlətinin paytaxtı olmuşdur. Səfəvilər dövlətinin mühüm bir hissəsini təşkil etmiş Naxçıvan Bəylərbəyliyi ölkənin ərazi bütövlüyünün qorunub saxlanılmasında mühüm rol oynamışdır. Sonralar Naxçıvan xanlığı Azərbaycan xanlıqları arasında xüsusi əhəmiyyətə malik dövlət kimi ölkənin parçalanmaqdan xilas olub bütövləşməsinə doğru ciddi səylər göstərmişdir. Son illərdə tapılmış Naxçıvan xanlığının bayrağında bu regiona xas olan Əcəmi memarlığı əlamətləri ilə ümumi xarakterli rəmzlərin ifadə olunması da burada ümumölkə maraqlarına uyğun aparılmış siyasətin mahiyyətini aydın surətdə ifadə edir.
XIX əsrdən etibarən Naxçıvan mahalında maarifçilik hərəkatı geniş yer tutmuşdur. XX əsrin əvvəllərində Araz-Türk Respublikası müstəqil dövlət qurumu kimi mürəkkəb ictimai-siyasi şəraitdə Azərbaycanın böyük bir hissəsində ölkənin ərazi bütövlüyünün təmin edilməsi vəzifələrini uğurla həyata keçirmişdir. 1924-cü ildən fəaliyyət göstərmiş Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Şərqin qapısında inkişaf etmiş diyar kimi mühüm hərbi-strateji əhəmiyyətə malik olmuşdur. Beynəxalq Moskva və Qars müqavilələri ilə Naxçıvanın muxtariyyat statusu qazanması Azərbaycan xalqının tarixi nailiyyətidir.
Hazırda Naxçıvan Muxtar Respublikası müstəqil Azərbaycan dövlətinin üzvi tərkib hissəsi olmaq etibarilə ölkənin cənub-qərb sərhədində alınmaz qalaya çevrilmişdir.
Naxçıvan diyarı tarixən özünün görkəmli yetirmələri ilə böyük şöhrət qazanmışdır. Naxçıvan torpağının ölkəmizə bəxş etdiyi ümummilli lider Heydər Əliyev dünyada böyük şöhrət qazanmış görkəmli dövlət xadimi kimi yeni Azərbaycanı yaratmış, dövlət müstəqilliyimizin banisi olmuş, böyük inkişafın mühüm təməllərinin əsasını qoymuşdur.
Naxçıvan hərb tarixində qüdrətli sərkərdələr kimi tanınmış Ehsanxan Naxçıvanski, Hüseynxan Naxçıvanski, Cəfərquluxan və Cəmşidxan Naxçıvanskilərin vətənidir. Azərbaycanın elm və mədəniyyət tarixində də Naxçıvanın əhəmiyyətli yeri vardır. Belə ki, Naxçıvanda yaşayıb-yaratmış Şərq memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin məşhur Möminəxatun məqbərəsi özünün sənət dəyərinə görə Nizami Gəncəvinin məşhur “Xəmsə”si ilə müqayisə olunur. Şərqdə ilk akademiyanı və rəsədxananı yaratmış Nəsirəddin Tusi, qüdrətli yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadə, Azərbaycan realist rəssamlıq məktəbinin banisi Bəhruz Kəngərli, ilk tarixi romanların müəllifi Məmməd Səid Ordubadi, böyük maarifçi və ədib Məhəmməd Tağı Sidqi, romantizm ədəbi cərəyanının əsasını qoymuş Hüseyn Cavid, adlı-sanlı publisist Məhəmmədağa Şahtaxtlı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidentləri, görkəmli kimyaçı alim Yusif Məmmədəliyev, yarımkeçiricilər fizikası məktəbinin yaradıcısı Həsən Abdullayev, məşhur riyaziyyatçı Fəraməz Maqsudov, informatika-radiasiya üzrə qəbul olunmuş elm xadimi Mahmud Kərimov, akademik Məmməd Cəfər Cəfərov, professor Abbas Zamanov, xalq şairi Məmməd Araz, xalq yazıçısı Hüseyn İbrahimov və onlarla başqaları kimi elm, mədəniyyət və ədəbiyyat xadimləri Azərbaycan elminə, milli ədəbiyyat və incəsənətin, ictimai fikrin inkişafına yeni səhifələr yazmışlar.
Kiçik əraziyə malik olan Naxçıvan təbii sərvətlərlə zəngin bir diyardır. Təsadüfi deyildir ki, Naxçıvan diyarını “Azərbaycanın Uralı” adlandırırlar. Min illər boyunca mövcud olmuş Naxçıvandakı daş-duz yataqlarının böyük ehtiyatı mövcuddur. Diyarın mineral suları - Badamlı və Sirab dünyada məşhurdur. Vaxtilə Ordubad ipəyi və Şahtaxtı qovunu ümumdünya sərgilərində nümayiş etdirilmişdir. Bu torpaqdakı molibden filizi, gümüş, kükürd, mis yataqları diyarın təbii zənginliyini nümayiş etdirir. Naxçıvanın kişmişi üzüm sortları orta əsrlərdən etibarən dünya bazarlarında önəmli yer tutur.
Naxçıvan - Azərbaycanın qədim və zəngin memarlıq abidələri diyarıdır. Naxçıvan Muxtar Respublikasında 1562 tarix və mədəniyyət abidəsi qeydə alınmışdır. Bunlardan 55-i dünya əhəmiyyətli abidələrdir. Naxçıvan abidələri türk-müsəlman mədəniyyətinin bütün yüksək sənətkarlıq xüsusiyyətlərini özündə yaşadır. Azərbaycan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin XII əsrdə yaratdığı məşhur Mömünəxatun məqbərəsi Şərq memarlığının şah əsərlərindən biri, ölkə memarlıq sənətinin “Daş Xəmsəsi” kimi qiymətləndirilir.
Ölkəmizdə milli maarif və mədəniyyətin əsas inkişaf mərkəzlərindən biri də Naxçıvan diyarıdır. Hələ 1883-cü ildən fəaliyyət göstərən Naxçıvan teatrı Azərbaycan teatr mədəniyyətinə böyük töhfələr vermişdir. Naxçıvanda 1830-cu ildə ilk dünyəvi məktəb yaradılmışdır. Orta əsrlərdə isə Naxçıvanda ali mədrəsələr mövcud olmuş, universitet funksiyasını yerinə yetirmişdir. Bu gün Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas elm, təhsil, mədəniyyət və ictimai fikir mərkəzlərindən biridir. Fəaliyyətə başlamasının 50 illik yubileyini qeyd etmiş Naxçıvan Dövlət Universiteti nümunəvi kampusuna, nailiyyətlərinə və ərazisinin genişliyinə görə “Azərbaycanın Oksfordu” kimi tanınır. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi fəaliyyət göstərdiyi 15 il ərzində ölkəmizin mühüm elmi mərkəzlərindən birinə çevrilmişdir.
Qüdrətli sənətkarlar olan Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Məmməd Səid Ordubadinin ev muzeyləri, Ədəbiyyat və tarix muzeyləri Naxçıvanın mədəni həyatında mühüm yer tutur. Məşhur Batabat yaylağı, füsunkar Ordubad dağları, Arpaçay vadisi Naxçıvanın turizm baxımından da böyük imkanlara malik olduğunu göstərir. Naxçıvan şəhərindəki 5 ulduzlu “Təbriz” və “Duzdağ” hotelləri və digər mehmanxanalar xarici qonaqlara Avropa standartları səviyyəsində xidmət göstərmək imkanlarına malikdir. Bronxial astma və allergiya xəstəliklərini təbii üsullarla müalicə edən Duzdağ xəstəxanasının dünyada analoqu yoxdur. Naxçıvan Duz muzeyi dünyanın nadir muzeylərindən biridir.
Azərbaycanda Dövlət müstəqilliyi uğrunda mübarizədə də Naxçıvan ön cəbhəni təmsil etmişdir.
Ölkəmizin ayrı-ayrı yerlərinə və Naxçıvan Muxtar Respublikasının sərhədlərinə 1990-cı ilin yanvarında Ermənistan tərəfindən edilən hərbi müdaxilələrə və haqsız təcavüzə etiraz əlaməti olaraq Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Naxçıvanın SSRİ-nin tərkibindən çıxmaq haqqında qərarı ilə qəti əks cavab vermişdir. Görkəmli dövlət xadimi, həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan Heydər Əliyevin uzaqgörən siyasi iradəsinə əsaslanan Naxçıvan Muxtar Respublikasının əhalisi müstəqillik ərəfəsində SSRİ-ni saxlamaq haqqında referendumda iştirak etməkdən imtina etmişdir. Vətənpərvər nəsillər Naxçıvanın yaxın xarici ölkələrlə sərhədlərindəki tikanlı sərhəd dirəklərini dağıtmaqla milli azadlıq uğrunda mübarizəyə böyük təkan vermişdir. SSRİ Ali Sovetinin Rəyasət Heyəti 10 yanvar 1990-cı ildə “Naxçıvan Muxtar Respublikası ərazisində SSRİ-nin dövlət sərhədləri haqqında Qanunun kobud şəkildə pozulması haqqında” qərar çıxarmalı olmuşdur.
Naxçıvanda müstəqil dövlətçilik və ərazi bütövlüyü uğrunda milli azadlıq mübarizəsinə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev rəhbərlik etmişdir.
Görkəmli dövlət xadimi Heydər Əliyevin iradəsi ilə Naxçıvanda Azərbaycanın üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul olunmuşdur.
Respublikanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikası da özünün ən böyük inkişaf və yüksək mərhələsini müstəqillik dövründə qazanmışdır. Naxçıvan Muxtar Respublikası bütün sahələr üzrə böyük sürətlə inkişaf edərək, sözün əsl mənasında, intibah mərhələsi səviyyəsinə yüksəlmişdir. Regionda müasir mənaye mərkəzləri yaradılmış, aqrar sektorun yüksək inkişafı təmin edilmişdir. Bu gün Naxçıvan ali məktəblər, universitet şəhərcikləri mərkəzi kimi tanınır. Naxçıvanın 2018-ci ilin Gənclər Paytaxtı seçilməsi burada insan resurslarının sürətli artımı ilə bərabər, həm də ölkəmizin yeni nəsillərinin inkişafına yaradılan geniş imkanları da nümayiş etdirir. Naxçıvan Muxtar Respublikasının 2017-ci ilin mühüm iqtisadi göstəricilərinə görə Azərbaycan Respublikasının regionları arasında birincilik qazanması burada illərdən bəri aparılan ardıcıl quruculuq proseslərinin qanunauyğun məntiqi nəticəsidir.
Hazırda tamamilə yenidən qurulmuş Naxçıvan şəhəri haqlı olaraq Avropa şəhərləri ilə müqayisə olunur.
Naxçıvan Muxtar Respublikasının Culfa və Şahtaxtı gömrükxanası vasitəsilə İran İslam Respublikası, Sədərək gömrükxanası ilə Türkiyə Cümhuriyyəti vasitəsilə əlaqələri regionun ticarət-iqtisadi əlaqələrinin genişləndirilməsinə münbit şərait yaradır. Yüksək Avropa standartlarına tam cavab verən Naxçıvan aeroportunda Bakıdan, İstanbuldan və Moskvadan qəbul edilən təyyarələr Muxtar Respublikanın əlaqələrinin daha da inkişaf etdirilməsində mühüm rol oynayır. Yaxın illərdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Naxçıvana qədər uzadılması ideyası da bu regionun Şərqlə Qərb arasında etibarlı körpüyə çevriləcəyinə tam təminat verəcəkdir. Bu gün qədim və həmişəcavan Naxçıvan Muxtar Respublikası Şərqin qapısında alınmaz qalaya çevrilmişdir.
Ərazi etibarilə kiçik Naxçıvan Ana vətən - Azərbaycana böyük başucalığı gətirməyin məsuliyyətini və şərəfini yaşayır.
Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyev tarixin ən məsuliyyətli mərhələsində Naxçıvan Muxtar Respublikasını erməni işğalından xilas etmiş, burada böyük inkişafın möhkəm təməllərini yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində Naxçıvan Muxtar Respublikasında möhtəşəm layihələr həyata keçirilmiş, hərtərəfli inkişaf təmin olunmuşdur.
Prezident İlham Əliyevin 2003-2017-ci illərdə Naxçıvan Muxtar Respublikasına etdiyi 23 tarixi səfərləri zaman açılmış 90-dan çox obyekt muxtar respublikanın taleyüklü məsələlərinin həllində mühüm rol oynayır.
Möhtərəm Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasında aparılan genişmiqyaslı işlərə verdiyi yüksək qiymətdə ifadə olunduğu kimi “Naxçıvanda gözəl quruculuq və abadlıq işləri aparılır. Blokada şəraitində yaşayan, Azərbaycanın əsas hissəsindən ayrı düşmüş Naxçıvan yaşayır, güclənir, irəliyə doğru inamla addımlayır”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun ardıcıl və məqsədyönlü fəaliyyəti, böyük quruculuq əzmi Azərbaycanın bu qədim diyarında hərtərəfli böyük inkişafın rekord nəticələrinə nail olmağa meydan açır. Hazırda Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində ölkəmizin daha böyük inkişafına doğru məsuliyyətli və qətiyyətli yolunu uğurla davam etdirir.
Naxçıvan Muxtar Respublikasının əhalisi qarşıdakı növbədənkənar seçkilərdə ölkəmizin, müstəqil Azərbaycan Respublikasının yeni epoxasını yaradan və böyük gələcəyini müəyyən edən Prezidenti İlham Əliyevin yenidən ölkə rəhbəri vəzifəsinə seçilməsinə mütəşəkkil surətdə yekdilliklə səs verəcəklər.

İsa HƏBİBBƏYLİ,
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik