Dinamik inkişaf və quruculuq məkanı

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dinamik inkişaf və quruculuq məkanı

09 Fevral 2018
 

Prezidentin himayəsi və dəstəyi ilə Nərimanov rayonunda aparılan abadlıq-yenidənqurma prosesi Azərbaycanın yüksəlişinin əyani təzahürüdür

 

Cənab İlham Əliyevin 15 illik prezidentlik missiyası Azərbaycanın öz tarixinin ən qüdrətli dövrünü yaşaması ilə səciyyəvidir. Bu zaman kəsiyi həm də respublikamızın dünyanın nüfuzlu ölkələri sırasına yüksəlməsi, Avrasiyanın enerji təhlükəsizliyinin əsas aktorlarından birinə çevrilməsi ilə yanaşı, ölkə miqyasında çoxşaxəli inkişaf, quruculuq prosesinin aparılması ilə əlamətdardır. Paytaxt Bakı müasirlik və estetik gözəlliyinə görə dünyanın ən məşhur şəhərləri sırasında olduğu kimi, rayonlarımız da öz quruculuq standartlarına görə üstün beynəlxalq səviyyəyə çatıblar.

 

Dövlət başçısı 96 dəfə Nərimanov rayonunda olub

 

Azərbaycan iqtisadi inkişaf baxımından ortaya mükəmməl nümunə qoyub, həm bölgənin liderinə, həm də beynəlxalq miqyasda söz sahibi olan nüfuzlu dövlətə çevrilib. Həyata keçirilən inkişaf kursu 2017-ci il ərzində də ölkəmizin davamlı inkişafını təmin edərək müsbət nəticələrin əldə olunmasını şərtləndirib. Sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri ölkənin hər yerində olduğu kimi, Bakının Nərimanov rayonunda da yüksək templə davam edib.
Ölkə Prezidenti İlham Əliyevin Bakının və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair təsdiq etdiyi müvafiq proqramlar, imzaladığı sərəncamlar, verdiyi tapşırıqlar Nərimanov rayonunun da sürətli inkişafına, infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, sosial-mədəni obyektlərin yaradılmasına, bununla da əhalinin rifah halının yaxşılaşdırılmasına, layiqli həyat tərzinin təmin olunmasına müstəsna töhfələr vermişdir. Son illər Nərimanov rayonunun geniş quruculuq məkanına çevrilməsinin ən başlıca səbəblərindən biri ölkəmizin bütün bölgələri kimi, bu rayona da dövlət başçısı cənab İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı göstərilməsidir.
Prezident İlham Əliyev 2003-cü ildən bugünədək 96 dəfə, 2017-ci il ərzində isə 12 dəfə Nərimanov rayonunda olmuş, sosial obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə, habelə inşası davam edən obyektlərdə işlərin gedişatı ilə tanış olmuşdur. Dövlət başçısı ötən ilin 21 iyun tarixində Nərimanov Rayon Məhkəməsinin yeni inşa olunmuş inzibati binasının açılışında iştirak etmiş, 7 sentyabr tarixində əsaslı təmir edilən 212 saylı tam orta məktəbdə yaradılan şəraitlə, 6 noyabr tarixində Bakı Metropoliteninin 50 illik yubileyi ilə əlaqədar metropolitenin retro vaqonları ilə tanış olmuşdur. Bundan başqa, cənab İlham Əliyev Nərimanov rayonu ərazisində keçirilən beynəlxalq konfranslarda, tədbirlərdə iştirak etmişdir.

 

Beynəlxalq əməkdaşlıq genişlənir

 

2010-cu ildən etibarən Prezident İlham Əliyevin göstəriş və tapşırığına əsasən Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Həştərxan şəhərində mühüm sosial infrastruktur layihələri həyata keçirilmişdir. Bu cür dinamik inkişafın göstəricisi və iki dövlətin dostluq əlaqələrinin bariz nümunəsi kimi Həştərxan vilayətinin mərkəzində yerləşən 3,5 hektar ərazisi olan parkda nümunəvi abadlıq işləri aparılaraq ümummilli lider Heydər Əliyevin əzəmətli abidəsi ucaldılmış, Bakı küçəsində yerləşən 11 nömrəli orta məktəbə ulu öndər Heydər Əliyevin adı verilmiş, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə həmin məktəbin əsas korpusu genişmiqyaslı rekonstruksiya olunmuş, müasir standartlara uyğun iki yeni korpus inşa edilmiş və şagirdlərin təhsilinin lazımi səviyyədə təşkil edilməsi üçün bütün şərait yaradılmış, mebel və texniki avadanlıqlarla təchiz edilmişdir.
Həyata keçirilən layihələrin davamı olaraq Həştərxan şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş Azərbaycan və Rusiya Dostluq körpüsünün və Heydər Əliyev parkında yaradılmış “Meçta” uşaq əyləncə şəhərciyinin və eyni adlı uşaq kafesinin, Müqəddəs Vladimir məbədinin önündəki meydanda Knyaz Vladimirin abidəsinin və abidənin yerləşdiyi ərazidə salınmış parkın təntənəli açılış mərasimləri keçirilmiş, həmçinin Həştərxan şəhərində Voljskiy küçəsində Heydər Əliyev Fondu tərəfindən orijinal layihə əsasında və müasir memarlıq üslubunda 140 yerlik “Dostluq” uşaq bağçası inşa edilib körpələrin istifadəsinə verilmişdir.
Müxtəlif sahələrdə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində aparılan işlərin davamı olaraq hazırda Həştərxan şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan İş Mərkəzinin beşmərtəbəli binası layihəyə uyğun olaraq tikilib hazır vəziyyətə gətirilmişdir. Binanın birinci mərtəbəsində 600 kvadratmetrlik sərgi salonu, 2-ci mərtəbəsində ofislər, 3-cü mərtəbədə konfrans və restoran zalları, 4-cü və 5-ci mərtəbələrdə mehmanxana yerləşdirilmişdir. İş Mərkəzinin ümumi ərazisi 5.200 kv.m təşkil edir. İnşa olunan bu mərkəz hər iki ölkənin təsərrüfat subyektləri arasında ticari-iqtisadi əlaqələrin səmərəli inkişafına kömək edəcək, “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullarımızın Rusiya ərazisində, xüsusilə də Rusiyanın cənub bölgəsində tanınmasına və yayılmasına geniş imkanlar açacaqdır.
Ötən il sentyabr ayının 28-də Rusiya Federasiyasının Stavropol şəhərində keçirilən VIII Rusiya-Azərbaycan Regionlararası Forumda Həştərxan vilayətinin hökuməti və Nərimanov Rayon İcra Hakimiyyəti arasında əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb. 2017-ci ilin dekabrında isə Bakı şəhərinin Nərimanov rayonu ərazisində, X.R.Ulutürk küçəsində Həştərxan vilayəti tərəfindən inşa ediləcək Həştərxan İş Mərkəzinin təməlqoyma mərasimi olub. Bu layihə qarşılıqlı olaraq Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Həştərxanda inşa edilmiş Azərbaycan İş Mərkəzinin layihəsi əsasında həyata keçiriləcəkdir.
2017-ci ilin dekabr ayı soydaşlarımızın qürur və sevincinə səbəb olan bir hadisə ilə yadda qalmışdır. Belə ki, Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı Rus Pravoslav Kilsəsinə köməyə və Həştərxan şəhərinin abadlaşdırılmasına göstərdiyi qayğıya görə yüksək mükafatla - II dərəcəli Müqəddəs Knyaginya Olqa ordeni ilə təltif etmişdir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva təqdimetmə mərasimində çıxış edərək demişdir: “Həştərxan vilayəti ilə bizim çox səmimi dostluq münasibətlərimiz var. Bu vilayət bizim dostumuz, qonşumuzdur və burada uğurlu əməkdaşlıq nümunələri çoxdur. 2013-cü ildə Müqəddəs Knyaz Vladimirə abidə ucaldılması, bu abidənin açılışı bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Bu abidənin yaradılması üzərində Azərbaycanın ən yaxşı rəssamları və memarları çalışıb. Onlar bir il ərzində bizim Rus Pravoslav Kilsəsinə dərin hörmət və ehtiramımızı ifadə edən möhtəşəm monument yaratdılar”. Çıxışdan göründüyü kimi, ölkə Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Həştərxan vilayətində həyata keçirilən genişmiqyaslı layihələrə yüksək dəyər verir və nəzarətdə saxlayırlar.

 

219 yaşayış binası yenidən qurulacaq

 

Ötən dövr ərzində rayonda geniş abadlıq və quruculuq işləri həyata keçirilmişdir. Rayon sakinlərinin mənzil-kommunal şəraitinin yaxşılaşdırılması istiqamətində bir neçə il bundan əvvəl başlamış layihələrin icrası 2017-ci il ərzində də uğurla davam etdirilmişdir. Heydər Əliyev prospekti 64 və Koroğlu Rəhimov küçəsi 3a ünvanlarda müasir memarlıq üslubunda inşa edilmiş yeni yaşayış binaları sakinlərin istifadəsinə verilmiş, yaşayış və qeyri-yaşayış sahələrinin sənədləşdirilməsi işləri başa çatdırılmışdır. Bakı şəhərinin giriş qapısı sayılan Heydər Əliyev prospektinin yenidən qurulması layihəsinə uyğun olaraq istismar müddətini keçməsi ilə əlaqədar sökülmüş 8 ədəd yaşayış binasının yerində müasir milli memarlıq üslubunda 4 ədəd yaşayış binasının tikintisi sona çatdırılmış və tam təmirli mənzillər sakinlərin istifadəsinə verilmişdir.
Prezident İlham Əliyevin ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqlarının icrasının təmin edilməsi istiqamətində Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən ötən il ərzində müvafiq işlər görülmüş və bu işlər hazırda da uğurla davam etdirilir.
Əhalinin məşğulluq səviyyəsinin qısa vaxt ərzində artırılması üçün birinci növbədə tikinti sektorunun inkişaf etdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Buna görə də tikinti sektorunda fəaliyyət göstərən iş adamları və sahibkarların fəaliyyətinə münbit şəraitin yaradılması bir vəzifə kimi qarşıya qoyulmuş və bu sahənin inkişaf etdirilməsi üçün çox mühüm tədbirlər həyata keçirilmişdir. Bununla bağlı rayon icra hakimiyyətinin təşəbbüsünü və təkliflərini nəzərə alaraq Nazirlər Kabineti tərəfindən bu sahədə bir çox mühüm qərarlar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 №-li qərarı ilə Bakı şəhərinin 9 rayonunun, o cümlədən, Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər görülməsi qərara alınmışdır. Qərarda rayon ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması öz əksini tapmışdır. Eyni zamanda Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 ədəd mənzildən ibarət olan 219 yaşayış binasının sökülməsi və yenidən qurulması qərara alınmışdır.
Nazirlər Kabinetinin bu qərarının icrasının təmin edilməsindən irəli gələn vəzifələrin mərhələlərlə həll edilməsi istiqamətində cox mühüm işlər görülmüşdür. Bunun üçün rayon ərazisində qəzalı vəziyyətdə olan yaşayış binaları siyahıya alınmış, bərpası mümkün olmayan binaların sökülərək yerində müasir memarlıq üslubunda yeni yaşayış binalarının inşa edilməsi ilə bağlı işlərə başlanılmış və bu istiqamətdə xeyli işlər görülmüşdür. Rayon icra hakimiyyəti başçısının sərəncamlarına müvafiq olaraq 27 sahibkar tərəfindən 36 ədəd hündürmərtəbəli və çoxmənzilli yaşayış binalarının layihələndirilməsi və inşa edilməsi üçün torpaq sahələri ayrılmış və binaları inşa edəcək şirkətlərin istifadəsinə verilmişdir. Sərəncama əsasən yeni yaşayış binalarının inşa ediləcəyi ünvanlar və şirkətlər müəyyənləşdirilmişdir. Bir sıra ünvanlarda sakinlərlə bağlanmış müqavilələr əsasında onların köçürülməsi, ərazinin boşaldılması işləri artıq başa çatdırılmış, tikinti işlərinə başlanılmışdır. Digər ünvanlarda isə müqavilələrin bağlanılması və sakınlərin köçürülməsi işləri davam etdirilir.
Pilot layihələrin həyata keçirilməsi ilə əlaqədar 2699 mənzil və yaxud 141450 kv.m mənzil sahəsi sökülmüş və yaxud sakinlərin köçürülməsi işləri davam etdirilir. Ümumilikdə 8485 ədəd yeni mənzil tikiləcək ki, bu da 862.638 kvadratmetr yaşayış sahəsi deməkdir. Yeni inşa ediləcək yaşayış binalarında 4850 yerlik 35 ədəd yeni uşaq bağçası inşa ediləcək və rayon sakinlərinin uşaq bağçalarına olan tələbatı tam ödəniləcəkdir. Özəl investisiya qoyulmuş layihələrin ümumi dəyəri təxminən 258,9 milyon manat təşkil edir. 2017-ci ildə rayona artıq 40,2 milyon manatlıq investisiya cəlb edilmişdi.
Uzun müddətə hesablanmış bu tədbirlərin həyata keçirilməsi nəticəsində heç bir kommunal şəraiti olmayan qəzalı binaların yerində, müasir memarlıq üslubunda yeni yaşayış binaları inşa edilərək rayonun ümumi görünüşünü əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq, sakinlərin mənzil kommunal problemləri həll ediləcək, tikinti aparıldığı müddətdə yeni iş yerləri açılacaq, vergi gəlirləri hesabına dövlət büdcəsinə xeyli miqdarda vəsait daxil olacaq. Tikinti materiallarının istehsalı və satışında xeyli canlanma yaranacaqdır. Budur düşünülmüş iqtisadi islahatların real nəticələri.

 

Abadlıq-quruculuq işləri geniş vüsət alır

 

Rayonun abadlaşdırılması, mənzil-kommunal obyektlərinin istismarı vəziyyətinin yaxşılaşdırılması sahəsində 2017-ci il ərzində müvafiq işlər görülmüşdür. Bütün yaşayış binalarının zirzəmiləri təftiş edilmiş və binaların zirzəmisindən suyun təmizlənməsi istiqamətində zəruri işlər aparılmışdır. Rayon icra hakimiyyətinin nəzdində daimi fəaliyyət göstərən Qanunsuz tikililərə qarşı mübarizə komissiyasının gördüyü tədbirlər nəticəsində göstərilən dövr ərzində müxtəlif ünvanlarda qanunsuz çəpərlənmiş sahələr təmizlənmiş, qeyri-qanuni tikililər sökülmüşdür. Məhəllədaxili ünvanlara 600 kv.m, məhəllədaxili ərazilərdə isə 6434 kv.m sahəyə asfalt örtüyü salınmışdır. 22 ünvandakı yaşayış binalarında təmir işləri başa çatdırılmışdır. 2017-2018-ci il payız-qış mövsümünə hazırlıqla əlaqədar 6710 kv.m sahədə qarışıq, 989 kv.m şifer, 140 kv.m dəmir və 350 kv.m ruberoid dam örtüyü təmir edilmiş, 120 ədəd qapı və 182 ədəd pəncərə dəyişdirilmiş, 1332 p.m yağış suyu boruları təmir edilmiş, 540 mənzilin tüstü bacası təmizlənmişdir.
2016-2017-ci tədris ilində tam orta məktəbi bitirən 1777 nəfərdən 1328 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Ali məktəblərə qəbul imtahanlarında 650 baldan yuxarı toplayan şagirdlərin sayı 32 nəfər olmuşdur. 2 nəfər şagird məktəbi qızıl medalla bitirmişdir. 1 nəfər tələbə Prezident təqaüdünə layiq görülmüşdür.
Prezident İlham Əliyevin tapşırığı ilə 2017-ci ilin fevral ayının 12-dən mayın 15-dək respublika əhalisinin ümumi profilaktik müayinələrə cəlb olunması aksiyası çərçivəsində rayon əhalisinin tibbi müayinəsi təşkil olunmuşdur. 83 469 nəfər müayinədən keçmiş, bunlardan 7795 nəfəri müalicəyə cəlb edilmişdir. Hazırda cənab Prezidentin tapşırığına əsasən əhalinin növbəti tibbi müayinədən keçirilməsinə başlanmışdır.
İl ərzində Məşğulluq Mərkəzinə 877 nəfər qadın olmaqla 2052 nəfər işaxtaran vətəndaş müraciət etmişdir ki, onlardan da 1008 nəfəri müxtəlif iş yerləri ilə təmin olunmuşdur. Bu dövr ərzində 138 nəfər işsiz və işaxtaran vətəndaş peşə hazırlığı kurslarına cəlb edilmiş, 386 nəfər işaxtaran vətəndaşa işsiz statusu verilərək 359 nəfərə işsizlik müavinəti təyin edilmişdir. Rayon əhalisinin məşğulluğun artırılması istiqamətində də işlər davam etdirilir. Əhalinin məşğulluğunun təmin edilməsi barədə verilmiş tapşırığa uyğun olaraq abadlıq və yaşıllaşdırma işlərinə 272 nəfər cəlb edilmiş və binaların təmiri ilə bağlı 262 nəfərlik iş yeri yaradılmışdır. Novruz, Ramazan və Qurban bayramlarında icra nümayəndəlikləri tərəfindən rayonda yaşayan şəhid ailələrinə, müxtəlif kateqoriyadan olan əlillərə, tənha və kimsəsizlərə, eləcə də imkansız, aztəminatlı ailələrə yardımlar paylanılmışdır.

 

Növbədənkənar prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılır

 

Rayon rəhbərliyi tərəfindən təsdiq olunmuş qrafikə əsasən 2017-ci il ərzində 26 səyyar qəbul və görüş keçirilmişdir. Qəbullar müəssisə və təşkilatlarda, məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda, inzibati və inşası yarımçıq qalmış binalarda, habelə rayonun ayrı-ayrı yaşayış sahələrində, əhalinin mədəni-kütləvi tədbirlər otağında və s. yerlərdə təşkil edilmişdir. Keçirilmiş səyyar görüş və qəbullarda 2725 nəfər vətəndaş iştirak etmişdir.
Ötən il Nərimanov rayonu üçün əlamətdar hadisələrdən biri də Prezident tərəfindən rayonun məsul vəzifəli şəxslərinin dövlət təltifləri ilə mükafatlandırılması olub. Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, həmçinin Nərimanov Bələdiyyəsinin sədri, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev və RİH başçısı Aparatının memarı İsrail İsrafilov “Tərəqqi” medalı ilə təltif olunmuşlar.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral tarixli sərəncamı ilə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri 2018-ci il aprel ayının 11-nə təyin olunmuşdur. Nərimanov rayonundakı 3 seçki dairəsi üzrə 84 seçki məntəqəsi mövcuddur. Onlardan 16 məntəqə 18 saylı Nərimanov-Nizami Seçki Dairəsi üzrə, 35 məntəqə 19 saylı Nərimanov Birinci Seçki Dairəsi üzrə, 33 məntəqə isə 20 saylı Nərimanov İkinci Seçki Dairəsi üzrə fəaliyyət göstərir. Hər üç seçki dairəsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada hər gün seçici siyahılarının dəqiqləşdirilməsi işləri aparılır.
Hazırda bütün seçki dairə və məntəqələrinə baxış keçirilir, onların iş şəraiti və texniki vəziyyəti araşdırılır, darısqal və ya seçki keçirilməsi üçün uyğun binalarda yerləşməyən, eləcə də rayonda pilot layihənin həyata keçirilməsi ilə əlaqədar köçürülən məntəqələr üçün yeni yerlərin müəyyənləşdirilməsi istiqamətində müvafiq işlər görülür. Təmirə ehtiyacı olan seçki məntəqələrində təmirlə əlaqədar görüləcək işlərin siyahısı hazırlanır və həmin siyahıya əsasən işlər həyata keçiriləcəkdir. Hər bir seçki dairəsi kompüter dəstləri, surətçıxaran, faks aparatları və digər zəruri texniki avadanlıqlarla, habelə enerji generatorları ilə təmin edilmişdir.
Seçkilərə hazırlıqla əlaqədar rayonda fəaliyyət göstərən təbliğat qruplarının cədvəl əsasında müxtəlif ünvanlarda sakinlərlə görüşləri təşkil olunacaq, həmin görüşlərdə ölkədə aparılan böyük tikinti və quruculuq işləri təbliğ edilərək seçiciləri seçkilərdə fəal və mütəşəkkil iştirak etməyə səsləyəcəklər. Son illər rayon ərazisində irimiqyaslı abadılq, tikinti və quruculuq işlərinin aparılması, habelə rayon rəhbərliyinin yerlərdə keçirdiyi səyyar görüş və qəbullarda minlərlə rayon sakininin problem və qayğılarının öyrənilməsi və həlli insanlarda ruh yüksəkliyi və vətəndaşların seçkilərdə fəal iştirakına zəmin yaradır.
11 apreldə Nərimanov sakinləri həmişə olduğu kimi, Heydər Əliyev siyasi kursuna növbəti dəfə böyük etimadlarını göstərəcək, İlham Əliyev missiyasına qarşıdakı 7 il üçün dəstəklərini bildirəcəklər.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”