Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

YAP-ın namizədi xalqın namizədidir

09 Fevral 2018
 

Paytaxt sakinləri hakim partiyanın qurultayında qəbul edilən qərarı birmənalı dəstəkləyirlər

 

Dünən Yeni Azərbaycan Partiyasının VI qurultayı keçirildi. Qurultayda Qafqazın ən böyük siyasi partiyası olan YAP 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul etdi. 15 ildir ki, Azərbaycan dövlətinin inkişafına, xalqın xoşbəxt gələcəyinə, yaşayış tərzinin gündən-günə yaxşılaşmasına xidmət edən, bütün enerjisi və gücünü ölkəsinin parlaq gələcəyinə həsr edən bir insana etimadın göstərilməsi təqdirəlayiqdir və bu, hər bir vətəndaş üçün gözlənilən idi.
Həm də bu qərar təkcə 700 minlik bir partiyanın yox, böyük çoxluğun - hər bir azərbaycanlının arzusunun ifadəsidir.
Hər halda, bu barədə vətəndaşların öz dilindən eşitmək daha maraqlıdır. Ona görə də şəhər sakinləri arasında sorğu keçirib qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsinə münasibətlərini öyrəndik.


Əlipaşa RƏHİMOV,
təqaüdçü:
- Bu qərar ürəyimizcə oldu. Həqiqət anlamından yanaşanda başa düşürsən ki, heç bir lider ölkəni İlham Əliyev kimi idarə edib bu səviyyəyə çatdıra bilməzdi. Ulu öndər Heydər Əliyevin başladığı siyasi, iqtisadi islahatları cənab İlham Əliyev yüksək səviyyədə davam etdirdi. Bu gün dünyanın çox yerində xaos, özbaşınalıq, siyasi və iqtisadi təlatümlər baş alıb gedir. Amma biz tam rahat, heç nədən qorxmadan təhlükəsiz ölkədə yaşayırıq. Əlbəttə, bu, İlham Əliyevin uzaqgörən siyasəti və çevikliyi ilə mümkün olub. Digər tərəfdən, ölkə gündən-günə çiçəklənir. Hər tərəfdə abadlıq, quruculuq işləri gedir. Belə olduğu halda kim öz rahatçılığını istəməz?! Ona görə də İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyirik, seçki günü də dəstəyimizi əsirgəməyəcəyik.

Əminə ƏLİYEVA,
tələbə:
- Cənab Prezidentin namizədliyinin növbəti dəfə irəli sürülməsi biz tələbələr üçün çox sevindirici oldu. Ümumiyyətlə, Prezident gənclərin, gənclər də Prezidentin dostudur. Dövlət başçısının indiyə qədərki fəaliyyətində biz bunu dəfələrlə müşahidə etmişik. Ona görə də təhsilimizin inkişafını, gələcəyimizi, ümumiyyətlə, Azərbaycan gəncliyini düşünərək İlham Əliyevin namizədliyini dəstəkləyirik və seçki zamanı da xalqla birlikdə səsimizi ona verəcəyik.

Anar SƏFƏROV,
idmançı:
- Azərbaycanda istənilən idmançı üçün bu, gözəl xəbərdir. Çünki cənab İlham Əliyev hər zaman gənclərə, xüsusilə idmançılara qayğı göstərib. İdmançıların formalaşması, uğur qazanması Prezidentin tövsiyəsi və iştirakı ilə mümkün olub. İşi çox olsa belə, vaxt tapıb idmançılarla görüşüb, onların uğurlarını alqışlayıb, problemləri ilə maraqlanıb. Artıq bu gün Azərbaycan idmançılarının sorağı dünyanın hər yerindən gəlir. Eyni zamanda, ölkəmiz həm də idman ölkəsi kimi tanınıb. Bunlar hamısı ölkə rəhbərinin xüsusi diqqəti və uğurlu siyasəti sayəsində mümkün olub. Ona görə biz cənab İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyirik və əminik ki, hər zaman belə olacaq.

Səbinə MUSTAFAZADƏ,
tərcüməçi:
- Əlbəttə, Prezidentimizin namizədliyinin növbəti seçkilərdə rəhbəri olduğu partiya tərəfindən irəli sürülməsi sevindirici haldır. Bu, bizim də ürəyimizdən oldu. Çünki cənab İlham Əliyev prezidentliyi dövründə özünün böyük liderliyini təsdiq edib. Ölkədə bütün sahələrdə inkişaf var, insanların həyat tərzi gündən-günə yüksəlir. Hər prezident seçildiyi müddətdə qarşısına qoyduğu ali məqsədləri layiqincə icra edir. Bu da Azərbaycan xalqının, dövlətinin xöşbəxt gələcəyinə hesablanmış bir siyasətdir. Açığı, bu gün ölkənin taleyini başqasına tapşırmaq çox ağır bir risk ola bilər. Ona görə biz hazırkı Prezidenti alternativsiz namizəd kimi görürük.

Ratxan BAYRAMOV,
poliqrafiyaçı:
- Bu gözəlliyi, bu rahatlığı yaradan adamın prezidentliyə namizədliyinin irəli sürülməsi əslində xalqın birmənalı seçimidir. Çünki tam zamanında verilən qərardır. Hələ Azərbaycan dövlətinin görəcəyi çox işlər var. Əlbəttə, bunu da təcrübəli, işi bilən və istedadlı adam edə bilər ki, bu da cənab İlham Əliyevdir. Seçkilərdə onu dəstəkləyəcəyik ki, Azərbaycanın dinamik inkişafını davam etdirsin.

Mirzəli BAĞIROV,
sənətşünas:
- Hər zaman şükür edirəm ki, Azərbaycanın Prezidenti qətiyyətli və çevik bir insandır. 1990-cı illərdən bugünə qədər olan dövrə nəzər saldıqda hansı mərhələləri keçdiyimiz tam aydın görünür. Naşı adamlar az qalmışdı bir ildə ölkəni alt-üst etsinlər. Amma ulu öndər Heydər Əliyevin yenidən Azərbaycanda hakimiyyətə gəlişi və çevik islahatları, eyni zamanda onun layiqli davamçısı Prezident İlham Əliyevin bu islahatları uğurla davam etdirməsi Azərbaycanın taleyini müəyyənləşdirdi. Ona görə biz İlham Əliyevi, onun siyasətini dəstəkləyirik. Bizə başqa namizəd lazım deyil.

İbrahim RÜSTƏMLİ,
ehtiyatda olan polkovnik-leytenant:
- İlham Əliyevi dəstəkləyirəm və birmənalı şəkildə ona ciddi alternativ görmürəm. Onun namizədliyinin irəli sürülməsi təkcə YAP-ın yox, hər birimizin qərarıdır. Çünki İlham Əliyev hazırkı dövlət siyasətimizin ana xəttinin əsas müəllifidir. Bu siyasət ərazi bütövlüyümüzün təminatına və müstəqilliyimizin əbədiliyinə xidmət edir. Xüsusilə ordu quruculuğu işinə böyük önəm verməsi milli maraqlarımızın qorunmasında ciddi əhəmiyyət daşıyır. O üzdən cənab Prezidenti dəstəkləyir və ona bu istiqamətdə atdığı addımlarda uğurlar arzulayıram.
Həmsöhbət olduğumuz digər şəhər sakinləri də cənab İlham Əliyevin prezidentliyə namizdəliyinin irəli sürülməsini alqışladılar. Onlar İlham Əliyevin alternativsiz lider olduğunu bildirərək YAP-ın qərarını ədalətli hesab etdiklərini və seçkilərdə də fəal olacaqlarını dedilər.

Elnur HADIYEV,
Ağaəli Məmmədov (foto),
“Azərbaycan”