Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Egemen Qazaxıstan” Azərbaycanın media orqanları ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

08 Fevral 2018
Qazaxıstanın 250 min tirajla işıq üzü görən rəsmi dövlət qəzeti “Egemen Qazaxıstan” Azərbaycan da daxil olmaqla bir sıra dövlətlərin media orqanları ilə əlaqələrini genişləndirəcək. Buna yaxın vaxtlarda nəşrin latın qrafikalı əlifba ilə çapı da öz təsirini göstərəcək. Artıq növbəti aydan qəzetin adı və bəzi bölümlərinin latın qrafikalı əlifba ilə çapı planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən nəşrin İdarə Heyətinin sədri Dərxan Kıdırali qısa müddət ərzində qəzetin həm çapında, həm də formatında kəmiyyət və keyfiyyət dəyişikliklərinin baş verdiyini bildirib. Onun sözlərinə görə, texnoloji yeniliklərə uyğunlaşmağa çalışan qəzet sosial şəbəkələrin, mobil texnologiyaların imkanlarından da faydalanaraq özünün internet portalını yeniləyib, qazax dili ilə yanaşı, ingilis və rus dilləri əlavə olunub, eyni zamanda Android və İOS üzərində aplikasiyalarını formalaşdırıb.

Nəşrin elektron versiyası da ölkənin 40 ən nüfuzlu saytı sırasında yer alır.

Mərkəzi Asiya regionunun ən yüksək tirajlı mətbuat orqanı olan “Egemen Qazaxıstan” Azərbaycanla bağlı mövzulara xüsusi həssaslıq nümayiş etdirir. Təkcə son bir ildə qəzetdə Azərbaycan-Qazaxıstan münasibətləri, ölkənin iqtisadi və turizm potensialı, Heydər Əliyev Fondunun dünya miqyasındakı xeyriyyəçilik fəaliyyəti, Bakı-Tiflis-Qars dəmir yolu xətti və Azərbaycanın tranzit imkanları və digər mövzularda onlarla sanballı analitik məqalələr dərc olunub.

Qeyd edək ki, Qazaxıstan Prezidentinin Sərəncamı ilə ölkənin qısa müddətdə latın qrafikalı əlifbaya keçidi üçün tədbirlər planı hazırlanıb və 2025-ci ilədək bütün rəsmi yazışmalar və yayınların yeni əlifbaya keçməsi hədəflənir.