Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yeni Azərbaycanın və müstəqillik kursunun etibarlı təminatçısı

08 Fevral 2018
 

Hakim partiya bugünkü qurultayında İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürəcək

 

Bu gün Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi, üzvlərinin sayı yeddi yüz mini ötən Yeni Azərbaycan Partiyasının VI qurultayı keçiriləcək. Qurultayda partiya növbəti dəfə cənab İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürəcək.
Xatırladaq ki, aprel ayının 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri baş tutacaq. Dövlət başçısı İlham Əliyev səlahiyyətlərindən istifadə edərək “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalamaqla ölkə Konstitusiyasına, qanunvericiliyin tələblərinə tam uyğun şəkildə addım atdı. Seçkilərin daha erkən tarixə təyin edilməsi dövlətin qarşısında duran mühüm məsələlərin həlli və siyasi-iqtisadi resursların yeni dövr üçün daha mütəşəkkil şəkildə səfərbər edilməsi baxımından vacibdir. Gündəlikdə olan islahatların səmərəsinin artırılması, kadr və struktur islahatlarının aparılması, müvafiq qanunvericilik aktlarının qəbul edilməsi məqsədilə prezident seçkilərinin aprel ayına təyin edilməsi məqsədəuyğun hesab edilib.

 

Xalqının alternativsiz lideri

 

Azərbaycanda prezident seçkilərinin apreldə, yaxud oktyabrda keçirilməsinin qədirbilən xalqımız üçün heç bir fərqi yox idi. Çünki Azərbaycan xalqının alternativsiz lideri cənab İlham Əliyevin yenidən Prezident seçiləcəyinə heç bir şübhə yoxdur.
Əlbəttə ki, Azərbaycan vətəndaşlarının cənab İlham Əliyevə yüksək etimadı danılmazdır. Hər bir ölkə vətəndaşı bilir və şahiddir ki, dövlət başçısının bütün fəaliyyəti əsasən ölkə vətəndaşlarının sosial rifahının yüksəlməsinə, yoxsulluğun azaldılmasına, ictimai-siyasi sabitliyə nail olunmasına yönəlib. Xalq bunun nəticəsini də görüb və görür. Prezident İlham Əliyev ölkəsinin lideri kimi 2003-cü ildən bu günədək Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevrilməklə adını şanlı tariximizə yazdırıb. Bəs görəsən, Azərbaycan cənab İlham Əliyevin prezidentliyi dönəmində nələr qazanıb?

Həmrəylik və sabitlik

 

Bu gün inkişaf və tərəqqi dövrünü yaşayan Azərbaycan son illərdə həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və güclü iqtisadiyyatla sürətli inkişaf edən ölkələr sırasında inamla irəliləyir. Təhlükəsizlik, əmin-amanlıq, sabitlik şəraitində öz yolu ilə uğurla addımlayan müstəqil Azərbaycan inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə dünyada nümunəvi ölkələrdən biridir.
Əlbəttə ki, Azərbaycandakı həmrəylik və sabitliyin mənbəyi xalqın iradəsidir, xalq-iqtidar birliyidir. Prezident
İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşının maraqları dayanır.
Son 14 ildə ölkəmizdə dərin sosial-iqtisadi islahatların həyata keçirilməsi, vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi istiqamətində dövlət proqramlarının və infrastruktur layihələrinin uğurla reallaşdırılması yoxsulluq və işsizlik kimi ağır problemlərin səviyyəsinin minimuma endirilməsinə, əhalinin rifah halının yüksəldilməsinə imkan verib. Enerji resurslarından əldə edilən gəlirlər, ilk növbədə, iqtisadiyyatın şaxələndirilməsinə, insan kapitalının və iqtisadi potensialın inkişafına yönəldilib. Aparılmış islahatlar nəticəsində ölkəmizin ümumi daxili məhsulunda qeyri-neft sektorunun həcmi ildən-ilə artır, sahibkarlığın genişlənməsi üçün yaradılmış əlverişli mühit özəl bölmənin fəaliyyətinə müsbət təsir göstərir və çoxsaylı yeni iş yerləri açılır.

 

Azərbaycan siyasətçilərə ən çox etimad göstərilən 20 ölkə arasındadır

 

Ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi ictimai-siyasi sabitliyin başlıca təminatçısıdır. Azərbaycan xalqı öz Prezidentini dəstəkləyir, cənab İlham Əliyev isə dövlətinin maraqlarını qətiyyətlə müdafiə edir.
Təsadüfi deyil ki, Azərbaycan Davos İqtisadi Forumunun son hesabatında “Siyasətçilərə ictimai etimad” kateqoriyası üzrə dünyada 137 ölkə arasında 20-ci yerə yüksəlib. Respublikamız “Böyük İyirmilik” ölkələrinin hər 4-dən 3-nü, bütün postsovet respublikalarını və türk dövlətlərini isə qabaqlayır. Bu, Azərbaycanda həyata keçirilən inkişaf siyasətinin vətəndaşlar tərəfindən rəğbətlə və məmnunluqla qarşılanmasının ifadəsidir.Tam obyektiv sorğu nəticəsində Azərbaycanda iqtidarla xalq arasında böyük etimadın olduğu təsbit edilib. Belə bir etimad isə siyasi və iqtisadi inkişafı, ölkədə sabitliyi təmin edir. Əlbəttə ki, bu, cənab İlham Əliyevin siyasətinə əhalinin və beynəlxalq ictimaiyyətin layiqli qiymətidir.

 

Vətəndaşların 81 faizi hökumətə etibar edir

 

2017-ci ildə bir sıra xarici və yerli qeyri-hökumət təşkilatları ölkəmizdə sosialoji sorğular aparmaqla Azərbaycan hökumətinin xalq qarşısındakı xidmətlərini, görülən işləri və ölkə vətəndaşlarının öz rəhbərinə nə qədər güvəndiyini müəyyənləşdiriblər. Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının sifarişi ilə hazırlanan araşdırma nəticəsində bəlli olub ki, Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir.
Ötən ilin sonunda “ELS-Müstəqil Araşdırmalar Mərkəzi”nin 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı ölkədə mövcud ictimai-siyasi durumun qiymətləndirilməsinə dair ekspres rəy sorğusunun nəticələrinə əsasən respondentlərin 85,2 faizi cənab
İlham Əliyevə səs verəcəyini qeyd edib. Bundan başqa, respondentlərin 92,8 faizi Azərbaycanda ictimai-siyasi vəziyyəti sabit kimi qiymətləndirib.

 

Dövlətin siyasətinə ictimai etimad

 

Son 14 ildə Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində xalq-iqtidar birliyi daha da dərinləşib. Adətən böhran zamanı digər ölkələrdə ictimai-siyasi kataklizmlər olduğu halda, Azərbaycanda sabitlik nəinki qorunub, həm də möhkəmlənib. Məhz bu sabitliyin nəticəsidir ki, nəinki Azərbaycan xalqı, həm də xarici investorlar iqtidarın siyasətinə etimad göstərirlər.
Elə bunun nəticəsidir ki, son 14 ildə ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə yatırılıb. Bu sərmayənin 93 faizi məhz İlham Əliyevin prezidentliyi dönəmində qoyulub və proses bu gün də davam edir. Ölkəmizin valyuta ehtiyatları 23 dəfə artaraq 42 milyard dollara yüksəlib. Son 14 ildə ölkədə 443 körpü tikilib, 3100-dən çox məktəb inşa edilib, 642 tibb müəssisəsi, 43 olimpiya idman kompleksi tikilib, 265 min məcburi köçkün yeni evlərlə, mənzillərlə təmin edilib, 30 elektrik stansiyası tikilib, qazlaşdırma 93 faizə çatıb. Bütün şəhərlər qazla 100 faiz təmin edilib, maaşlar 5, pensiyalar 8 dəfədən çox artıb. Sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlər verilib. 7 beynəlxalq aeroport yenidən qurulub və 1,9 milyon iş yeri yaradılıb ki, onlardan 1,4 milyonu daimi iş yeridir.
Bütün bunlar dövlətin siyasətinə ictimai etimadın və xalqın inamının təzahürüdür. Prezident İlham Əliyevin daim xalqla bir yerdə olması, xalqın maraqlarını ifadə etməsi, verilən tapşırıqların icrası ilə yerində maraqlanması, dövlət xidmətlərinin keyfiyyətinin və əlçatarlılığının daim artırılması, Prezidentin tapşırığı ilə mərkəzi hakimiyyət qurumlarının rəhbərlərinin regionlarda mütəmadi keçirdikləri görüşlər, biznesə yaradılan münbit şərait, xarici siyasətdə uğurlar, ordu quruculuğu və düzgün kommunikasiya siyasəti xalqın dövlət institutlarına etimadını yüksəldir.
Əldə olunmuş bu nailiyyətlər bir daha təsdiq edir ki, Azərbaycan yeni çağırışları qarşılamağa hazırdır və bunun üçün adekvat inkişaf strategiyasına malikdir.

 

Azərbaycan xalqı davamlı tərəqqiyə, yüksələn rifaha səs verəcək

 

Əlbəttə ki, bu gün Azərbaycanda azad, ədalətli, demokratik və şəffaf seçkilər keçirilməsi üçün əlverişli mühit var. Bugünədək ölkəmizdə bütün seçkilər Konstitusiya normalarına, Seçki Məcəlləsinə və digər aidiyyəti qanunvericilik aktlarına uyğun olaraq demokratik, şəffaf və ədalətli şəkildə baş tutub. İstər prezident, istər parlament, istərsə də bələdiyyə seçkiləri xalqın iradəsini əks etdirib. Seçki prosesi və onun nəticəsi yerli, beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib.
Əminliklə söyləyə bilərik ki, aprel ayının 11-də prezident seçkiləri ədalətli və şəffaf şəkildə keçiriləcək. Azərbaycan xalqı öz müdrik seçimini edərək işıqlı sabaha, davamlı tərəqqiyə, yüksələn rifaha səs verəcək.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”