Regionların sosial-iqtisadi inkişafına hədəflənən siyasət bu il də davam edəcək

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Regionların sosial-iqtisadi inkişafına hədəflənən siyasət bu il də davam edəcək

08 Fevral 2018
 

Üçüncü proqramın sonuncu ilində bölgələrdə bütün sahələr üzrə mühüm layihələr reallaşdırılacaq

 

Yanvarın 29-da Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr edilən konfransda dövlət başçısı görülən işləri yüksək qiymətləndirməklə yanaşı, qarşıda duran vəzifələr barədə də ətraflı danışmışdır.
Konfransda qeyd edildi ki, Sumqayıt Kimya Sənaye Parkında cari ildə yeni müəssisələrin fəaliyyətə başlaması nəzərdə tutulur, “SOCAR Polymer” və gübrə zavodlarının açılışı planlaşdırılır. Cari ildə həmçinin Mingəçevir Yüngül Sənaye Parkında ilk zavodun açılışı gözlənilir, Masallı, Hacıqabul, Sabirabad sənaye məhəllələrinin fəaliyyətə başlaması proqnozlaşdırılır.
Qeyri-neft sektorunun inkişafı çərçivəsində ölkəmiz üçün ənənəvi sahələrin də dirçəldilməsi nəzərdə tutulub. Belə ki, qədim ənənəyə malik xalçaçılığın müasir dövrün tələblərinə uyğun inkişafı günümüzün tələbidir. Çünki dünya bazarında Azərbaycan xalçalarına yüksək tələbat var. Artıq “Azərxalça” İstehsalat Birliyinin 10 müəssisəsi məhsul istehsal edir. Cari ildə isə daha 10 fabrikin açılışı nəzərdə tutulub. Proses 2019-cu ildə də davam edəcək. Bununla ölkəmizdə 30 xalça fabriki fəaliyyət göstərəcək. Xalçaçılığın inkişafı pambıq və barama istehsalını da artırmağa imkan verəcək. İstehsalçılar əmin olacaqlar ki, onların yetişdirdikləri məhsulların xammal şəklində alıcısı var. Onu da qeyd edək ki, xalçaçılıqda hazır məhsulun maya dəyərini aşağı salmaq üçün Sumqayıtda əyirici, boyaq fabrikinin təməli qoyulub. Bu isə sözügedən sahədə xammal üzrə idxaldan asılılığın qarşısının alınması deməkdir.
Məlum olduğu kimi, ölkəmizdə həyata keçirilən infrastruktur layihələri Azərbaycana beynəlxalq tranzit ölkə statusu qazandırıb. Belə ki, ölkəmiz “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin qovşağına çevrilib. Sözsüz ki, belə status Azərbaycana siyasi-iqtisadi dividend verir. Bu istiqamətdə görülən işlər çərçivəsində Ələt Ticarət Dəniz Limanının tikintisinin cari il başa çatdırılması nəzərdə tutulub. Tikinti-quraşdırma işləri başa çatdıqdan sonra ildə 15 milyon ton yük ötürə biləcək Ələt limanı Xəzər dənizində ən böyük ticarət limanı olacaq.
Prezident İlham Əliyev konfransda ölkənin infrastruktur layihələrinin bundan sonra da inkişaf etdiriləcəyini bildirərək demişdir: “Azərbaycan öz ərazisində “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı bütün işləri görüb. Ancaq növbəti illərdə biz bu xətti də ölkə ərazisində tədricən yenidən qurmalıyıq. Çünki bu istiqamət üzrə də böyük yüklərin daşınması gözlənilir. Mövcud dəmir yolu infrastrukturu bu yükləri ötürə bilməyəcək. Ona görə builki investisiya proqramında Bakı-Yalama və Bakı-Astara dəmir yollarının modernləşdirilməsi və yenidən qurulması, təmiri, çəkilişi nəzərdə tutulub, vəsait də ayrılıb və işlər dərhal başlanılmalıdır. Hesab edirəm ki, bu il Bakı-Yalama istiqamətində tikinti işləri aparılacaqdır. Bakı-Astara istiqamətində isə bu il daha çox layihələndirmə işləri aparılmalıdır. Çünki yolun bu hissəsi sahil boyunca gedir. Bu, həm vətəndaşlara narahatlıq gətirir, həm də cənub zonasının turizm imkanlarını məhdudlaşdırır, eyni zamanda istədiyimiz həcmdə yüklərin daşınması üçün şərait yaratmır. Ona görə biz bu iki önəmli layihəni investisiya proqramımıza daxil etmişik. Bu il və gələn il bu işlər sürətlə aparılmalıdır”.
Ölkəmizdə yüksək texnologiyalı sahələrin inkişafına da xüsusi fikir verilir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan məhdud sayda olan kosmos ölkələri klubuna daxildir. Hazırda ölkəmizin kosmosda iki peyki var. Bunlar telekommunikasiya və ərazilərin müşahidə peykləridir. Cari ildə üçüncü peykin orbitə çıxarılması nəzərdə tutulub.
Məlum olduğu kimi, elektrik enerjisinin istehsalı istiqamətində də böyük layihələr icra edilib. Bunun nəticəsində Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edib. Üstəlik, bu gün qonşu ölkələrin enerji təhlükəsizliyinə töhfə verir. Buna baxmayaraq, qeyd olunan sahədə tədbirlər davam edir. Məsələn, cari il “Şimal-2” elektrik stansiyasının açılışı gözlənilir. Stansiyanın generasiya gücü 400 meqavat olacaq.
Bu həcmdə gücün istismara verilməsi ölkəmizə əlavə ixrac potensialı da yaradacaq. Eyni zamanda cari ildə bölgələrdə yeni yarımstansiyaların tikilməsi, elektrik xətlərinin çəkilməsi, transformatorların dəyişdirilməsi istiqamətində böyük investisiya layihələri icra ediləcək.
Həyata keçirilən düzgün iqtisadi siyasət, əldə edilən yüksək nailiyyətlər sosial məsələlərin həllinə də imkan yaradır. Bu baxımdan cari ildə regionlarda içməli su və kanalizasiya sistemi layihələri ilə bağlı işlər davam etdiriləcək. O cümlədən, 3 şəhərin içməli su və kanalizasiya problemi həll olunacaq, Mingəçevir, Qəbələ və Ağdaş şəhərlərində icra ediləcək layihələrin tamamlanması başa çatdırılacaq, 20 şəhərdə içməli su və kanalizasiya layihələri reallaşdırılacaq. Bölgələrdə 300 subartezian quyusu qazılacaq. Aparılan meliorasiya işləri nəticəsində isə cari ildə əlavə 100 min hektar torpağın suvarılması mümkün olacaq.
Bu il həmçinin 137 modul tipli məktəb tikiləcək, kəndlərdə 100-dən çox məktəb qazlaşdırılacaq və yüzlərlə məktəbdə təmir işləri aparılacaq. Sosial problemlərin həlli istiqamətində məcburi köçkünlərə göstərilən dövlət qayğısı davam edəcək. Belə ki, 20 min köçkünün bu il yeni mənzillə təmin edilməsi planlaşdırılıb. Bununla evlərlə, mənzillərlə, normal şəraitlə təmin edilən məcburi köçkünlərin sayı təqribən 290 minə yaxın olacaq. Göründüyü kimi, regionların sosial-iqtisadi inkişafı ilə bağlı 14 il əvvəl başlamış tədbirlər bu sahə üzrə qəbul olunan 3-cü Dövlət Proqramının icrası davam edəcək. Amma bu, o demək deyil ki, bu proqramın sona çatması ilə dövlətin nəzəri, diqqəti bölgələrimizin üzərindən çəkiləcək. Nə qədər ki, Azərbaycan inkişaf etməkdə, dünya miqyasında önə çıxmaqda qərarlıdır, regionlarımız da özünün bütün potensialı ilə bu işin önündə olacaq.

Rüstəm KAMAL,
“Azərbaycan”