YAP-ın qərarı xalqın birmənalı seçimi olacaq

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

YAP-ın qərarı xalqın birmənalı seçimi olacaq

08 Fevral 2018
Bu gün Yeni Azərbaycan Partiyasının qurultayı keçiriləcək. Qurultayda qarşıdan gələn növbədənkənar prezident seçkilərində YAP-ın namizədi elan olunacaq. Mövzu ilə bağlı Milli Məclisdə hakim partiyanı təmsil edən deputatların fikirlərini öyrəndik.

 

Azərbaycanın müstəqilliyinə və daha qüdrətli dövlətə çevrilməsinə səs verəcəyik

 

Nəsib MƏHƏMƏLİYEV,
Milli Məclisin deputatı:


- Prezident İlham Əliyevin sərəncamı ilə aprel ayının 11-də respublikamızda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçki kampaniyasına hələ start verilməsə də, artıq bir neçə gündür ki, cəmiyyətimiz qarşıdan gələn bu seçkiyə köklənib. Görünən odur ki, Azərbaycan xalqının seçimi dəyişməzdir və bu seçkidə də ən layiqli namizəd olan Prezident İlham Əliyevi dəstəkləyəcək.
Öncə onu qeyd edim ki, 2018-ci il ölkəmizin ictimai-siyasi həyatında bir sıra hadisələrlə əlamətdardır. Belə ki, biz bu il mühüm əlamətdar tarixlərin və hadisələrin - ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünü, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyini, Milli Qurtuluş Gününün 25-ci ildönümünü qeyd edəcəyik. 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunması ilə əlaqədar ölkəmizdə beynəlxalq tədbirlər, o cümlədən Beynəlxalq Humanitar Forum keçiriləcək. Bütün bunları nəzərə alsaq prezident seçkilərinin aprel ayına təyin olunması olduqca düzgün və vaxtında verilmiş qərardır.
Seçkilərin vaxtının təyin olunması Konstitusiyaya əsasən ölkə rəhbərinin səlahiyyətində olan məsələdir. Bu mənada seçkinin keçirilmə vaxtının ictimaiyyətin müzakirə mövzusu olmaması tamamilə məntiqlidir. Seçkinin nə vaxt keçirilməsindən asılı olmayaraq Azərbaycan ictimaiyyəti öz seçimini 2003-cü ildən edib, 2008-ci və 2013-cü illərdə isə bu seçimi bir daha təsdiqləyib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda əldə edilən mütərəqqi nailiyyətlərin - hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin həyata keçirilməsi, sosial-iqtisadi sferada islahatların bəhrəsini verməsi, ən əsası, Azərbaycanın müstəqil dövlət kimi adını dünya dövlətlərinin sırasına yazması və digər uğurlar ümummilli liderin siyasi kursunun davam etdirilməsini 2003-cü ildə sosial sifariş olaraq zəruri edirdi. Heydər Əliyev ideyalarının davamçısı isə onun siyasi məktəbinin ən layiqli yetirməsi, ulu öndərin siyasi kursunu davam etdirməyə qadir olan bir şəxs ola bilərdi. Çox doğru və haqlı olaraq bütün Azərbaycan ictimaiyyətinin diqqəti cənab
İlham Əliyevə yönəlmişdi. Çünki yalnız İlham Əliyev ümummilli liderin milli mənafelərə köklənmiş missiyalarının ən layiqli daşıyıcısı idi. 2003-cü ilin prezident seçkiləri ərəfəsində böyük öndər Heydər Əliyev də xalqa müraciətində siyasi varislik məsələsi ilə əlaqədar çox mətləbləri açıqlayaraq dövlətin idarə edilməsinin İlham Əliyevə etibar olunmasını məsləhət bilirdi: “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin firavanlığı yolunda çox işlər görəcəklər... İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Bəli, ötən 14 il ulu öndərin öz ümidlərində yanılmadığının təsdiqi olub. Prezident
İlham Əliyev Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı olduğunu, cəmiyyətdə alternativsiz lider kimi qəbul edilməsini ölkəyə rəhbərliyinin ilk vaxtlarından sübuta yetirdi. O dövrdə bütün antiazərbaycançı dairələrin təzyiqlərinə, hətta təhdidlərinə baxmayaraq, Prezident İlham Əliyev öz qətiyyətli siyasəti ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisini başa çatdırdı, ulu öndərin neft strategiyasının uğurla reallaşmasını təmin etdi. BTC-dən başlanan uğur seriyası isə İlham Əliyevin ölkəyə prezidentliyinin bütün mərhələlərini əhatə etdi. Belə ki, ötən 15 ildə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb. Ölkədə qazlaşdırmanın səviyyəsi 93 faizə çatıb, 30 elektrik stansiyası, 4 yeni su anbarı, 7 hava limanı, 3100-dən çox məktəb, 642 tibb müəssisəsi, 43 olimpiya idman kompleksi tikilib, Oğuz-Qəbələ-Bakı su xətti, Bakı-Tbilisi-Qars dəmir yolu inşa olunub, 12 min 300 kilometr yol çəkilib, Azərbaycan kosmik dövlətə çevrilib. Eyni zamanda artan maliyyə imkanları həm də Azərbaycanın öz təhlükəsizliyini daha etibarlı şəkildə formalaşdırmağa imkan verib, Ermənistanla müharibə şəraitində ölkəmizin siyasi-hərbi üstünlüyünü təmin edib.
Dövlət başçısının uzaqgörən siyasəti, genişmiqyaslı islahatçı fəaliyyəti, o cümlədən müstəsna təşkilatçılığı sayəsində bütün bu istiqamətlərdə qazanılmış nailiyyətlər hər bir Azərbaycan vətəndaşının qəlbində milli iftixar və ölkəmizin işıqlı gələcəyinə dərin inam hisslərini daha da gücləndirib. Hər bir uğur vətəndaşların Prezident İlham Əliyevə olan etimadını yüksəldib, milli həmrəyliyi daha sıx edib.
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının qurultayında qarşıdan gələn seçkidə cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul olunub. Bu gün isə Yeni Azərbaycan Partiyasının qurultayı keçiriləcək və biz qarşıdan gələn seçkidə partiyamızın sədri, ulu öndərin layiqli davamçısı, son 14 ildə Azərbaycana uğurla rəhbərlik edən cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcəyik.
Həm YAP, həm də həmkarlar təşkilatları sıralarında yüz minlərlə insanı, Azərbaycan cəmiyyətinin bütün təbəqələrini birləşdirir. Bu mənada qarşıdan gələn seçkilərdə də Azərbaycan seçicisinin seçimi aydındır. Biz cənab İlham Əliyevin namizədliyini dəstəkləməklə əldə olunan uğurların davamlı olmasına, Azərbaycanın müstəqilliyinə və daha qüdrətli dövlətə çevrilməsinə səs verəcəyik.