Prezident İlham Əliyevin diqqət və qayğısı Abşeronun sürətli inkişafına təkan verib

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Prezident İlham Əliyevin diqqət və qayğısı Abşeronun sürətli inkişafına təkan verib

08 Fevral 2018
 

Geridə qoyduğumuz 2017-ci il Azərbaycan üçün bir sıra uğurlarla yadda qaldı. Bu dövrün ən mühüm nailiyyətlərindən biri iqtisadi islahatların tədricən öz bəhrəsini verməsi, milli iqtisadiyyatın keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymasıdır. Prezident 

İlham Əliyev tərəfindən qəbul edilmiş qərarlar, qanunlar, imzalanmış sərəncamlar iqtisadi islahatları daha da dərinləşdirmiş və görülmüş bu işlər imkan vermişdir ki, ölkəmiz qeyri-neft sektorunun hesabına inkişaf etsin.

 

Dövlət başçısının səfərləri böyük ruh yüksəkliyi yaradıb

 

Yanvarın 10-da keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunları ilə bağlı konfransda geniş nitq söyləyən Prezident İlham Əliyev bildirib ki, 2017-ci ildə ölkəmiz sürətlə və uğurla inkişaf edib. Bunu əldə edilmiş nəticələr bir daha təsdiqləyir. Ötən il ölkədə qeyri-neft sektorunda 2,5 faiz, sənayedə 3,6 faiz, kənd təsərrüfatında 4,1 faiz artım əldə olunub. Bir sıra önəmli infrastruktur və sosial layihələr icra edilib.
Ölkə Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində bütün sahələrdə qazanılmış uğurlar hər bir vətəndaşı sevindirir. Ölkə üzrə əldə olunmuş nailiyyətlərdə abşeronluların da öz payı var. Belə ki, ötən il qarşıya qoyulmuş bütün tapşırıqlar vaxtında və keyfiyyətlə icra edilib və nəticədə 2017-ci il Abşeron rayonu üçün ən uğurlu illərdən biri olub.
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunları ilə bağlı konfransdan irəli gələn məsələlər və qarşıda duran vəzifələr dünən Abşeron rayonunda keçirilən hesabat yığıncağında müzakirə olundu. Əvvəlcə 2017-ci ildə rayonda görülmüş abadlıq-quruculuq işləri, keçirilmiş tədbirlərlə bağlı videoçarx nümayiş olundu. İclasda məruzə ilə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bildirdi ki, ölkə Prezidenti İlham Əliyevin müdrik daxili və xarici siyasəti nəticəsində qazanılmış uğurlar abşeronluları da ürəkdən sevindirir. Hesabat dövründə Abşeronda qarşıya qoyulmuş bütün tapşırıqlar vaxtında və keyfiyyətlə icra edilib. Bunun nəticəsidir ki, 2017-ci il rayon üçün uğurlu dövrlərdən biridir.
İradə Gülməmmədova xüsusi olaraq qeyd etdi ki, ötən il Prezident İlham Əliyevin 3 dəfə Abşerona səfər etməsi rayonun inkişafının və bu inkişafa dövlət başçısının verdiyi böyük qiymətin göstəricisidir. Bu səfərlər zamanı Prezident İlham Əliyev Xırdalan şəhərində Olimpiya İdman Kompleksinin, Masazır kəndində orta məktəb binasının, Corat-Novxanı və Mehdiabad-Digah-Məmmədli avtomobil yollarının açılışlarında iştirak edib. Dövlət başçısının səfərləri rayon əhalisində böyük ruh yüksəkliyi yaradıb, onların qurub-yaratmaq əzmini daha da artırıb.

 

Cəlb edilmiş investisiyaların həcminə görə Abşeron liderdir

 

Görülən işləri təhlil edən RİH başçısı bildirdi ki, ölkə rəhbərliyinin qarşıya qoyduğu mühüm vəzifələr sahibkarlığın inkişafı, özəl investisiyaların daha çox cəlb edilməsi, xüsusilə kənd təsərrüfatı və sənaye istehsalı üçün əlverişli şəraitin yaradılması, daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsidir. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident
İlham Əliyev investisiya qoyuluşu ilə bağlı Abşeron rayonunda görülən işləri müsbət qiymətləndirib və bildirib ki, cəlb edilmiş investisiyaların həcminə görə Abşeron rayonu birinci yerdə durur. Belə ki, təkcə 2017-ci ildə sahibkarlar tərəfindən rayona 179 milyon manat dəyərində özəl investisiya yatırılıb. İl ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonun inzibati və təhkim olunmuş ərazilərində fəaliyyət göstərən sahibkarlara investisiya layihəsi üçün 26 milyon manat güzəştli kredit verilib. Bu layihələrin icrası nəticəsində 658 yeni iş yeri açılıb. Hazırda 68 hüquqi və ya fiziki şəxs tərəfindən həyata keçirilən və ümumi dəyəri 250 milyon manat olan investisiya layihələrinin icrası nəticəsində rayonda yaxın vaxtlarda 4 minə yaxın yeni iş yerinin yaradılması təmin ediləcək.
Qeyd olundu ki, ötən il ərzində xüsusən sənaye məhsulları istehsalı üzrə investisiyaların cəlb edilməsi işində də irəliləyişlərə nail olunub. Tərəvəz məhsullarının konservləşdirilməsi, süd, spirtli içki, mineral su, un, şirniyyat məhsulları istehsalı üzrə 8 sahibkar tərəfindən 23 milyon, tikinti materialları istehsalı üzrə isə 11 milyon manatlıq investisiya qoyulub. Görülmüş tədbirlərin nəticəsidir ki, ötən il rayonda sənaye məhsulunun həcmi 60 faiz artaraq 195.3 milyon manata çatıb. İstehsal olunmuş sənaye məhsulunun 73.8 faizi qeyri-dövlət müəssisələrinin payına düşür.
2017-ci ilin ötən dövrü ərzində rayon ərazisində tikinti sektorunda da işlər canlanıb, sahibkarlar tərəfindən rayonun Xırdalan şəhəri, Saray, Ceyranbatan qəsəbələri və Masazır kəndi ərazisində çoxmənzilli yaşayış binalarının tikintisi davam etdirilib. Qeyd olunan ərazilərdə 7 Mənzil Tikinti Kooperativi tərəfindən 11683 mənzildən ibarət 126 çoxmənzilli yaşayış binasının tikintisinə başlanılıb və bu məqsədlə 2017-ci ilin ötən dövründə 42.4 milyon manatlıq investisiya qoyulub.
Rayon sahibkarları tərəfindən ixrac yönümlü məhsul istehsalına da diqqət artıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rayon icra hakimiyyəti ilə birgə həyata keçirdiyi maarifləndirici tədbirlər nəticəsində ərazidə fəaliyyət göstərən 37 şirkət tərəfindən istehsal olunan 330 adda məhsulun xarici bazarlara çıxarılması üçün “Azexport.az” saytında məlumatlar yerləşdirilib.
Rayon ərazisində və Bakı şəhərindən Abşeron rayonuna təhkim olunmuş kənd təsərrüfatı təyinatlı torpaqlarda istixana komplekslərinin inşası, zeytun və badam bağlarının salınması daha geniş vüsət alıb. 2017-ci ildə 142 hektar sahədə müasir tipli istixana kompleksi inşa olunub. Burada pomidor, xiyar və digər tərəvəz məhsullarının istixana şəraitində yetişdirilməsinə başlanılıb. Rayon icra hakimiyyətinin daxili imkanları hesabına Aşağı Güzdək qəsəbəsində 50 hektar sahədə zeytun bağı salınaraq 22 min ədəd ting əkilib. Bundan əlavə, Novxanı kəndində 55 hektar sahədə 13800 ədəd zeytun, Mehdiabad qəsəbəsində isə 4 hektar sahədə 2 min ədəd badam tingi əkilərək bağlar salınıb. Eyni zamanda, ötən il Xəzər rayonunun Abşeron rayonuna təhkim olunmuş 3570 hektar torpaq sahəsində “Grand-Aqro” MMC tərəfindən aqropark yaradılması istiqamətində işlərə başlanıb. Bu məqsədlə 8 km uzunluğunda su xətti çəkilmiş, 70 min kubmetr tutumu olan su hovuzu tikilmiş və 80 hektar sahəyə damla üsulu ilə suvarma sistemi quraşdırılaraq 58 min ədəd badam tingi əkilmişdir. Bu il aqropark ərazisində 2370 hektar sahədə zeytun, 130 hektar sahədə badam bağı salınması, həmçinin zeytun emalı müəssisəsinin tikilərək işçilərin sayının 200 nəfərə çatdırılması nəzərdə tutulur.
2017-ci ildə rayonda heyvandarlıq və bitkiçilik məhsulları istehsalının həcmi xeyli artmışdır. Rayonun qəsəbə və kəndlərində əhali və fermer təsərrüfatlarında qaramalın sayı 22365 baş, davarın sayı 110218 baş olmuş, quşların sayı isə 1 milyon 54 min başa çatmışdır. Ötən dövr ərzində 2215 ton ət, 49 min ton süd, 2430 sentner yun istehsal olunmuşdur. Yumurta istehsalı 210 milyon ədədə çatmışdır. Hesabat dövründə 73.7 min ton tərəvəz toplanılmışdır ki, bunun da 71.6 min tonu istixanaların payına düşür.
Sahibkarlığın inkişafı rayonda yerli vergi daxilolmalarının artımına da səbəb olub. Hesabat dövründə büdcəyə 37 milyon 464 min manat vəsait cəlb olunaraq proqnoza 106.4 faiz əməl edilib. Rayonun yerli xərcləri 97.8 faiz icra olunub. 2018-ci il də daxil olmaqla artıq 7 ildir ki, Abşeron rayonu dotasiya almadan yerli gəlirlər hesabına öz xərclərini maliyyələşdirir və bu il öz xərclərindən əlavə 23 milyon manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.

 

İnfrastrukturun keyfiyyəti yüksəlir

 

Məruzədə qeyd olundu ki, ötən il Xırdalan şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılması rayonun həyatında çox mühüm bir hadisədir. Azərbaycan hökuməti ilə Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi, dəyəri 108 milyon manat olan layihə çərçivəsində 2 il ərzində 168 km uzunluğunda içməli su xəttinin, 110 km uzunluğunda isə kanalizasiya xəttinin çəkilməsi nəzərdə tutulur. Layihənin icrasına başlanıldığı 2017-ci ilin iyul ayından bu günə qədər 47 km su, 18 km uzunluğunda kanalizasiya xətti çəkilib və hazırda bununla bağlı işlər davam etməkdədir.
Bundan əlavə, ötən il Prezident İlham Əliyevin sərəncamları ilə ayrılmış vəsait hesabına Novxanı, Pirəkəşkül və Qobustan kəndlərində içməli su xətlərinin yüklənməsi işləri başa çatdırılıb, Mehdiabad və Digah qəsəbələrində isə kanalizasiya xətlərinin yenilənməsi işləri davam etməkdədir.
2017-ci ildə elektrik enerjisi ilə təminat sahəsində də layihələr həyata keçirilib. Qobu qəsəbəsində 110 kv-luq, Xırdalan şəhərində və Masazır kəndində hər biri 35 kv-luq yeni yarımstansiyalar inşa olunub. Hazırda Xırdalan şəhərində 110 kilovoltluq və 35 kilovoltluq daha iki yarımstansiyanın tikintisində son tamamlama işləri həyata keçirilməkdədir. Qobu 110 kilovoltluq yarımstansiyasına Qobu və Hökməli qəsəbələrinin qoşulması təmin edilib və Güzdək qəsəbəsinin də gələcəkdə bu yarımstansiyaya qoşulması üçün yeni transformator məntəqəsi tikilib. Bağlar elektrik şəbəkəsi tərəfindən Mehdiabad-Novxanı yolu üzərindəki 6 kv-luq hava veriliş xətləri kabel xətləri ilə əvəz olunmuş və 7 ədəd 3 girişli yeni kompleks transformator məntəqəsi quraşdırılıb. Digah qəsəbəsində elektrik enerjisi verilişinin “Binəqədineft”dən ayrılaraq Fatmayı yarımstansiyasının üzərinə keçirilməsi nəticəsində qəsəbədə elektrik təchizatı ilə bağlı problemlər aradan qaldırılıb. Xırdalan şəhərində 3 yarımstansiyanı birləşdirəcək dairəvi 35 kilovoltluq xəttin çəkilişi işləri başa çatıb. Hazırda Hökməli, Aşağı Güzdək, Saray qəsəbələrində, Masazır, Məmmədli, Fatmayı və Görədil kəndlərində daxili elektrik təsərrüfatlarının yenidən qurulması işləri həyata keçirilir.
Rayon əhalisinin təbii qazla təchizatı ilə bağlı Xırdalan, Saray, Ceyranbatan, Qobu, Hökməli, Masazır, Novxanı və Pirəkəşkül yaşayış məntəqələrində müxtəlif diametrli 4546 paqonmetr uzunluğunda yeni təbii qaz xətləri çəkilib, 13 ədəd qaz tənzimləyici şkaf və 8084 ədəd sayğac quraşdırılıb.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq və Prezident İlham Əliyev tərəfindən ayrılmış vəsait hesabına ötən il Mehdiabad-Digah-Məmmədli, Mehdiabad-Novxanı və Lökbatan-Qobu yollarının əsaslı yenidən qurulması işləri həyata keçirilib. Novxanı kəndindən Sumqayıt şəhərinə gedən 2.5 km uzunluğunda yolda rayonun daxili imkanları hesabına genişləndirmə işləri aparılaraq asfalt örtük salınıb. Hazırda Hökməli-Qobu, Güzdək-Buta, Mehdiabad-Fatmayı-Pirşağı yollarının təmirinə və Masazır-Novxanı istiqamətində alternativ yol çəkilişi işlərinə başlanılıb. Bakı-Şamaxı, Bakı-Quba magistral avtomobil yollarının Abşeron rayonundan keçən hissəsində 7 yerdə yerüstü piyada keçidi quraşdırılıb. Bundan əlavə, rayonun daxili imkanları hesabına Xırdalan, Ceyranbatan, Saray, Masazır, Hökməli, Məmmədli, Novxanı yaşayış məntəqələrində daxili yollarda asfaltlama işləri həyata keçirilib.
Rayon ərazisində Hökməli-Qobu, Mehdiabad-Fatmayı, Mehdiabad-Novxanı, Mehdiabad-Digah-Məmmədli avtomobil yollarının kənarlarında abadlaşdırma işləri görülmüş, ümumilikdə yol kənarlarında, parklarda və digər ərazilərdə 50 mindən çox zeytun, xan çinar, şam və digər növ ağaclar əkilib. Mehdiabad qəsəbəsində və Məmmədli kəndində parklar yenidən qurularaq istifadəyə verilib. Aşağı Güzdək qəsəbəsində şəhidlərin xatirəsinə abidə ucaldılaraq ətrafı abadlaşdırılmışdır. Xırdalan şəhərinin Qalubiyyə küçəsində baxımsız qalmış ərazi abadlaşdırılaraq, park salınıb.
Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, çoxmənzilli yaşayış binalarının təmiri ilə bağlı Ceyranbatan qəsəbəsi ərazisində 12 çoxmənzilli yaşayış binasında, Xırdalan şəhərində isə 8 binada təmir işləri aparılıb. Hazırda Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, ayrılmış vəsait hesabına Xırdalan şəhərində 23 çoxmənzilli yaşayış binasının əsaslı təmiri işləri həyata keçirilir.
İradə Gülməmmədova bir məsələni də diqqətə çatdırdı ki, 29 dekabr 2017-ci il tarixdə Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun açılışı zamanı Prezident İlham Əliyev Məmmədli kəndində yerləşən və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Yanardağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunda olub. Dövlət başçısı “Yanardağ”da şəraitin bugünkü inkişaf səviyyəsinə uyğun olmadığını bildirərək, mövcud olan vəziyyətin aradan qaldırılması barədə tapşırıqlar verib.
2017-ci ildə rayonun təhsil müəssisələrinin normal fəaliyyətləri üçün lazımi şəraitin yaradılması, infrastrukturun müasirləşdirilməsi istiqamətində işlər davam etdirilib. Masazır kəndində 1200 şagird yerlik məktəb binası, dövlət investisiya xərcləri hesabına Masazır kəndində və Aşağı Güzdək qəsəbəsində körpələr evi-uşaq bağçası tikilib, daxili imkanlar hesabına Xırdalan şəhərinin 1 və 15 saylı uşaq bağçalarının binaları təmir edilərək ətrafı abadlaşdırılıb. Mehdiabad qəsəbəsində 1200 şagird yerlik müasir tipli məktəb binasında da işlər başa çatdırılıb.
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının dördüncü ilinin yekunları ilə bağlı keçirilən konfransda Prezident İlham Əliyev tərəfindən qarşıya böyük vəzifələr qoyulub. Verilmiş tapşırıqların icrası ilə bağlı Abşeronda tədbirlər planı tərtib olunub. Rayonun qəsəbə və kəndlərində mərkəzi qaz xətti çəkilməyən yeni yaşayış massivlərinin qazlaşdırılması, Xırdalan şəhərində və Masazır kəndində inşa edilən elektrik yarımstansiyalarının xətt çıxışlarının verilərək istismara başlanması, Xırdalan şəhərinin su kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı başlanılmış işlərin keyfiyyətinə ciddi nəzarət edilməklə vaxtında icrasının təmin edilməsi, rayonun dövlət fondu torpaqlarında 1500 hektar sahənin, Mehdiabad, Fatmayı, Pirəkəşkül və digər ərazilərdə sakinlərin xüsusi mülkiyyətində olan 100 hektardan çox sahənin suvarılması üçün xətt şəbəkələrin inşası, rayonun qəsəbə və kəndlərində 30 küçənin əsaslı təmir olunması tədbirlər planında əksini tapıb. Xırdalan şəhərində şagird sıxlığı olan məktəblər üçün əlavə tədris korpuslarının inşası, investisya qoyuluşu sahəsində rayona təhkim olunmuş kənd təsərrüfatı təyinatlı torpaqlarda 50 hektar sahədə müasir istixanaların tikintisinin təşkil olunması, Xəzər və Suraxanı rayonları ərazisində Abşeron rayonuna təhkim olunmuş kənd təsərrüfatı təyinatlı torpaqlarda 3570 hektar sahədə Aqroparkın yaradılması işlərinin davam etdirilərək zeytun və badam bağlarının genişləndirilməsi də qarşıda duran vəzifələrdəndir. Rayon icra hakimiyyətinin daxili imkanları hesabına Aşağı Güzdək qəsəbəsində 30 hektar sahədə zeytun tinglərinin əkilməsi, Qobu qəsəbəsində “Azərxalça” ASC-nin rayon filialının açılması, Məmmədli kəndində qənnadı məmulatları istehsalı, Hökməli qəsəbəsi ərazisində plastik butulka istehsalı, Xırdalan şəhəri ərazisində mineral su istehsalı, rayonun Aşağı Güzdək qəsəbəsi ərazisində dəri emalı istehsalı müəssisələrinin yaradılması, Saray qəsəbəsi ərazisində 860 mənzildən ibarət 10 çoxmənzilli yaşayış binasının inşası və digər məsələlərin həyata keçirilməsi tədbirlər planına daxil edilib.
Həmçinin Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq, torpaqlardan səmərəli istifadə edilməsi, istər bələdiyyə, istərsə də dövlət mülkiyyətinə aid istifadə olunmayan kənd təsərrüfatı təyinatlı torpaqların dövriyyəyə cəlb edilməsi, bu torpaqlarda qanunsuz tikililərin qarşısının alınması istiqamətində işlərin ciddi şəkildə davam etdirilməsi də qarşıya qoyulan ən mühüm vəzifələrdəndir.
İclasda çıxış edən rayonun müxtəlif idarə rəhbərləri, Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev görülən işlərdən və qarşıda duran vəzifələrdən söz açdılar. Qeyd olundu ki, Abşeronun müxtəlif idarə və təsərrüfatları Nazirlər Kabinetinin iclasında və “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr edilmiş konfransda verilmiş tapşırıq və tövsiyələrdən irəli gələn vəzifələri dərindən təhlil etməklə, qarşıda duran tədbirləri vaxtında və keyfiyyətlə yerinə yetirəcək, rayonun sosial-iqtisadi inkişafı üçün mümkün olan bütün tədbirləri həyata keçirəcəklər.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”