Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dopinqdən istifadəyə qarşı mübarizə hər zaman aktualdır

07 Fevral 2018
 

Dünən Milli Məclisdə Gənclər və idman komitəsinin üzvləri Avropa Şurasının Antidopinq Konvensiyası üzrə Monitorinq Qrupu ilə görüşdülər.

Komitə sədri Fuad Muradov bildirdi ki, idman sahəsində mühüm nailiyyətlərə imza atan, mötəbər beynəlxalq yarışlara evsahibliyi edən Azərbaycanda antidopinqdən istifadəyə qarşı mübarizənin vacibliyi daim diqqətdə saxlanılır. Ölkəmiz müvafiq beynəlxalq konvensiyalara qoşulub. Antidopinqlə bağlı milli qanunvericilik bazası yaradılıb, 2016-cı ildə müvafiq qanun qəbul olunub. Dövlət qurumları milli və regional antidopinq təşkilatları ilə sıx əməkdaşlıq şəraitində çalışır, dopinqdən istifadəyə qarşı mübarizədə ciddi addımlar atılır. Bu, idmançıların sağlamlığının qorunması baxımından da olduqca vacibdir.

Görüşdə Ümumdünya Antidopinq Agentliyi üzrə ad-hoc Avropa Komitəsinin (CAHAMA) sədri, Polşanın idman və turizm naziri ofisinin direktor müavini  Rafal Piechota ilk növbədə Bakıda olmalarından, Azərbaycan parlamentində bu məsələnin müzakirəsindən məmnun qaldıqlarını ifadə etdi. Bildirdi ki, Azərbaycana səfərlərinin əsas məqsədi burada dopinqə qarşı mübarizənin necə qurulması və tətbiq edilən mexanizmlər, həmçinin bu istiqamətdə həyata keçirilən antidopinq proqramları və layihələrlə tanış olmaqdır. Qeyd olundu ki, toplanılan məlumatlar əsasında hesabatlar tərtib ediləcək. Həmin hesabata bir sıra tövsiyələr də əlavə etmək planlaşdırılır. Bu ilin may ayına qədər monitorinq qrupunun iclası keçiriləcək və  o vaxta qədər qurumun hesabatı hazır olmalıdır. Qonaq onu da əlavə etdi ki, sözügedən istiqamətdə artıq onlar müəyyən məlumatlar toplayıblar və əməkdaşlıqda, qanunların işlənməsində Azərbaycanda olan diqqət və operativliyi çox bəyəniblər.

 

Elnur HADIYEV,

“Azərbaycan”