Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Dünya Bankı arasında əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub

07 Fevral 2018
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembonla görüş olub.

AZƏRTAC xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə həyata keçirilən islahatlar proqramının iqtisadiyyatın uğurlu şaxələndirilməsi əsasında inkişaf tempinin davam etməsinə şərait yaratdığını qeyd edib: “Dünyada mürəkkəb siyasi-iqtisadi proseslərin mövcud olduğu şəraitdə Azərbaycan makroiqtisadi inkişafını davam etdirir. Təkcə son bir ildə ümumdaxili məhsulda artım özünü göstərməklə bərabər, xüsusilə qeyri-neft sektorunda 3,6 faiz, kənd təsərrüfatında 4,1 faiz artıma nail olunması əmək resurslarının səmərəli məşğulluq imkanlarının artırılması, əmək tutumlu sahələrin, çoxsaylı yeni iş yerlərinin yaradılması ilə müşahidə olunub. Xüsusən 2004-cü ildən ölkədə icra olunan regional inkişaf proqramları bu istiqamətdə mühüm irəliləyişlərə imkan verib”.

Nazir bildirib ki, ölkədə dayanıqlı iqtisadi inkişafı xarakterizə edən proseslər əmək bazarında da müsbət meyillərin sürətlənməsini şərtləndirir. Təsadüfi deyil ki, Davos İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan daha iki pillə irəliləyərək dünya miqyasında 35-ci yeri tutmaqla, eyni zamanda əmək bazarının səmərəliliyi üzrə 9 pillə irəliləyərək 17-ci yerdə qərarlaşıb”.

Dövlət başçısının müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nə uyğun olaraq, insan kapitalının inkişaf etdirilməsi, mövcud işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması, o cümlədən ixtisaslı kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində aparılan islahatları diqqətə çatdıran nazir ölkəmizdə sosial cəhətdən həssas qruplara yönələn sosial müdafiə sisteminin gücləndirilməsi sahəsində atılan addımları qeyd edib, həmin sistemin geniş əhatəliliyə malik olduğunu, yoxsulluğun azaldılmasında rolunun Dünya Bankı tərəfindən də yüksək dəyərləndirildiyini söyləyib: “Artıq Azərbaycan sosial müdafiə siyasətində passiv tədbirlərdən aktiv tədbirlər mərhələsinə keçidi reallaşdırır. Mərhələnin əsas məqsədi aztəminatlı ailələrin sosial təminat sistemindən asılılıqdan sahibkarlığa, kiçik biznesə çıxışına imkan yaradılmasıdır. Bunun üçün özünüməşğulluq proqramı çərçivəsində həmin ailələrə mal və materiallar verilməklə, onların fərdi təsərrüfatlara yiyələnmələri təmin edilir”.

2017-ci ilin əvvəlindən ölkəmizdə işsizlikdən sığorta sisteminin tətbiqinə başlandığını qeyd edən nazir həmin sistemin aktiv əmək bazarı proqramlarının, o cümlədən özünüməşğulluğun təmin olunması tədbirlərinin, əmək bazarının tələblərinə uyğun çevik peşə təhsili imkanlarının xeyli genişlənməsinə imkan verdiyini bildirib: “Ötən dövrdə Dünya Bankı ilə birgə icra olunan layihələr həm əmək və sosial müdafiə sisteminin müasir dünya təcrübəsinə əsasən təkmilləşdirilməsi və bu sahə üzrə institusional potensialın artırılmasında, həm də kadr hazırlığının səmərəliliyinin artırılması üçün peşə standartlarının hazırlanmasında xüsusi əhəmiyyət kəsb edib. Hesab edirik ki, Dünya Bankının Azərbaycanda İqtisadi Artımın Bərpası Proqramı da əməkdaşlığın davam etməsinə və yeni istiqamətlər, eləcə də yeni iş yerlərinin açılmasını, əmək bazarının inkişafını stimullaşdıran tədbirlərin dəstəklənməsinə yönələn layihələr üzrə genişlənməsinə imkan verəcək”.

Görüşdə BMT-nin 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyi üzrə Dayanıqlı İnkişaf Məqsədlərinin icrası sahəsində respublikada aparılan işlər barədə də məlumat verilib. Nazir əmək bazarına yönələn islahatların da həmin məqsədlərlə uyğunluq təşkil etdiyini bildirib, inklüziv əmək bazarının inkişafına, gənclərin, qadınların məşğulluğunun artırılmasına istiqamətlənən tədbirləri diqqətə çatdırıb.

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon ölkəmizdə iqtisadi sahədə uğurlarla bərabər, insan kapitalının inkişafı, sosial rifah səviyyəsinin yaxşılaşdırılması, əmək bazarının tənzimlənməsi, məşğulluğun artırılması sahəsində əhəmiyyətli irəliləyişlərə nail olunmasının, həyata keçirilən uğurlu islahatların Dünya Bankı tərəfindən rəğbətlə qarşılandığını qeyd edib. Son illərdə Azərbaycanda əmək və sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya sahələrində yaradılan avtomatlaşdırılmış sistemlərin əhəmiyyətindən bəhs edən regional direktor xüsusilə də ünvanlı dövlət sosial yardımı sisteminin elektron infrastruktur üzərində qurulmasının sistemdə ünvanlılığın və şəffaflığın təmin edilməsi, neqativ halların tam aradan qalxması kimi mühüm nəticələrin əldə olunmasına imkan verdiyini vurğulayıb. O, sosial müdafiə siyasətində aktiv tədbirlərə üstünlük verilməsinin təqdirəlayiq olduğunu, bunun aztəminatlı ailələrin sosial müdafiə sistemindən asılılığını azaldacağını və iqtisadi müstəqilliyini artıracağını qeyd edib və təmsil etdiyi təşkilatın gələcək əməkdaşlığa dair planları barədə məlumat verib.

Görüşdə Dünya Bankının Azərbaycanda İqtisadi Artımın Bərpası Proqramı, İş Yerlərinin Diaqnostikası, yoxsulluğun qiymətləndirilməsi üzrə planlaşdırılan fəaliyyəti barədə fikir mübadiləsi aparılıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Dünya Banki arasında əməkdaşlığının gələcək istiqamətləri müzakirə olunub.