Müasir dövrdə Milli Kitabxananın fəaliyyəti və funksiyası daha genişdir

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Müasir dövrdə Milli Kitabxananın fəaliyyəti və funksiyası daha genişdir

07 Fevral 2018
 

Son illər respublikamız beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkili sahəsində dünyanın ən inkişaf etmiş ölkələri üçün nümunə ola biləcək müsbət təcrübə qazanmışdır və bu mənada yola saldığımız 2017-ci il də çox uğurlu olmuş, ictimai həyatımızın bütün sahələrində yaddaqalan nailiyyətlər qazanılmışdır. Prezident İlham Əliyevin sərəncamı ilə “İslam həmrəyliyi ili” kimi yaşadığımız bir il də artıq tarixə çevrilmişdir və bu il Azərbaycanın bütün islam dünyasında lider dövlətə çevrilməsinə gətirib çıxaran uğurlarla yadda qalmışdır. 

Bakıda çox yüksək səviyyədə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, İslam ölkələri rəhbərlərinin Bakı forumunun yüksək səviyyədə təşkili və burada təkcə islam dünyası üçün deyil, bütövlükdə bəşəriyyət üçün, sivilizasiyaların inteqrasiyası üçün çox əhəmiyyətli qərarların qəbul edilməsi yola saldığımız ilin zəngin olmasını şərtləndirən əsas amillərdir.
Ötən il mədəniyyət sahəsində də əldə edilən uğurlarımızın təməlində həm ölkəmizdə hökm sürən sabitlik və əmin-amanlıq, həm də mədəniyyətlərin inteqrasiyasına, qarşılıqlı mədəni əməkdaşlığa yönəlmiş məqsədyönlü və sivil mədəniyyət siyasəti dayanmışdır. Mədəniyyətimizin və mənəvi sərvətlərimizin dünya miqyasında daha geniş təbliğinə yönəlmiş dövlət siyasəti və Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi tədbirlər bu sahədə nailiyyətlərin əldə olunmasına səbəb olmuşdur. Son illər cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mədəniyyət siyasəti öz gözəl bəhrələrini verməyə başlamışdır. Mədəniyyətlərarası dialoq, Qərb və Şərq mədəniyyətinin qarşılıqlı inteqrasiyası, mədəniyyət sahəsində əlaqələrin genişlənməsi ötən ildə bu sahədə qazanılan uğurların əsas bünövrəsini təşkil etmişdir.
Azərbaycan Milli Kitabxanası da bu uğurlu mədəniyyət siyasətinin həyata keçirilməsinə öz töhfələrini verməyə çalışaraq bir sıra yaddaqalan tədbirlərə imza atmış, milli mənəvi dəyərlərimizin təbliği, kitabın və mütaliənin kütləviləşdirilməsi istiqamətində əhəmiyyətli layihələr həyata keçirmişdir. Bunun bariz nümunəsi kimi hər iki ildən bir keçirilən Bakı Beynəlxalq Kitab Sərgisini xüsusi qeyd etmək lazımdır. Ölkəmizdə artıq beşinci dəfə keçirilən bu möhtəşəm tədbirin miqyası ildən-ilə genişlənərək daha böyük coğrafiyanı əhatə etməyə başlamışdır. Belə ki, V Bakı beynəlxalq kitab sərgisində 10-dan artıq xarici milli kitabxana və 30-dan çox nəşriyyat öz ekspozisiyası ilə iştirak etmişdir. Bu il iştirakçıların sırasına ilk dəfə olaraq uzaq Amerikadan, İngiltərədən və Malayziyadan milli kitabxanalar qatılmışdır ki, bu da ildən-ilə bu tədbirin sözün əsl mənasında beynəlxalq miqyas almasından xəbər verir.
Ötən il Milli Kitabxana V Bakı beynəlxalq kitab sərgisi çərçivəsində 15 xarici ölkədən kitabxana mütəxəssislərinin iştirakı ilə “Kitabxanalar üçün yeni çağırışlar, yeni ideyalar, yeni tələblər: kitab, mütaliə, innovasiyalar” mövzusunda beynəlxalq elmi konfrans keçirmişdir. Burada informasiyalı cəmiyyətdə kitabxanaların yeri və vəzifələri, innovativ yeniliklərin və kreativ düşüncənin kitabxana təcrübəsinə tətbiqi, ieni iş formalarından istifadə və digər məsələlərə dair geniş elmi müzakirələr aparılmış və mühüm nəticələr əldə olunmuşdur.
Əvvəlki illərdən fərqli olaraq, bu tədbirə respublikamızın şəhər və rayon kitabxanaları da cəlb olunmuş və xarici qonaqların iştirakı ilə kitabxana işçilərinin respublika müşavirəsi də keçirilmişdir. Bu tədbirdə çıxış edən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev informasiya texnologiyalarının, internetin və innovasiyaların dominantlıq qazandığı müasir mərhələdə kitabxanaların və kitabxanaçıların qarşısında mühüm vəzifələr qoymuş və bugünün tələblərinə cavab verməyən iş üsulları ilə işləyən kitabxana və kitabxanaçıların tezliklə zamanın burulğanında itib-batacaqlarını söyləyərək hamını yeni ideyalarla silahlanmağa çağırmışdır. Nazir Milli Kitabxananın bu sahədə təcrübəsini yüksək qiymətləndirərək hamını bu təcrübədən bəhrələnməyə çağırmış və oxuculara xidmət işində innovasiyalardan daha çox istifadəni günün çağırışı hesab etmişdir.
Bakı Beynəlxalq Kitab sərgisi çərçivəsində xarici ölkələrin milli kitabxanaları ilə qarşılıqlı əməkdaşlığa dair memorandumların imzalanması artıq ənənə halını almışdır. Bu dəfə Misir Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında kitab, informasiya və təcrübə mübadiləsini, qiymətli kolleksiyaların və əlyazmaların qarşılıqlı tədqiqini, hər iki ölkə oxucularının milli kitabxanaların elektron resurslardan qarşılıqlı istifadəsinin təmin olunmasını nəzərdə tutan memorandum imzalanmışdır. Tədbirin sonunda 10-dan artıq milli kitabxananın sərgi-yarmarkada nümayiş etdirdiyi 500 nüsxə ədəbiyyat Azərbaycan Milli Kitabxanasına hədiyyə edilmişdir.
Fərəhli haldır ki, ABŞ-ın məşhur Kaliforniya Universitetinin kitabxanasından, Britaniya, Malayziya milli kitabxanalarından və digər aparıcı ölkələrin kitabxanalarından gələn mütəxəssislər Milli Kitabxananın nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”nın işi ilə tanış olarkən heyrətlərini gizlədə bilməmiş və dünyada analoqu olmayan bu təcrübənin öyrənilməsinə böyük maraq göstərmişlər. Yeri gəlmişkən qeyd edək ki, ötən il “Açıq kitabxana” oxucularına və şəhərimizin qonaqlarına özünün elektron xidmətlərini təqdim etmişdir. İyul ayında “Açıq kitabxana”nın saytı elektron kitabxana, oxuculara göstərdiyi onlayn xidmətlər və yeni kreativ düşüncənin məhsulu olan iş formalarını geniş ictimaiyyətə təqdim etmişdir. Təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Ə.Qarayev Milli Kitabxananın “Açıq kitabxana” layihəsini gələcəyin layihəsi və Azərbaycan brendi adlandırmışdır. Mədəniyyət və Turizm Nazirliyinin Milli Kitabxana ilə birgə layihəsi olan “Açıq kitabxana” günün 24 saatını və həftənin 7 gününü fasiləsiz işləyən sərbəst mütaliə guşəsinə, oxucularla müəlliflərin, naşirlərlə kitabxanaların görüş yerinə çevrilmiş və bir il yarımlıq fəaliyyəti dövründə gənclərimizin, şəhərimizin sakinlərinin və qonaqlarının sevimli məkanına çevrilmişdir. Məhz buna görə də “Açıq kitabxana” gələcəyin layihəsi kimi nazirliyin kollegiyasının qərarı ilə müsbət təcrübə kimi qiymətləndirilərək respublikanın bütün kitabxanalarında tətbiqi tövsiyə olunmuşdur.
“Açıq kitabxana”da oxuculara yeni xidmət növləri təqdim edilmiş, açıq səma altında poeziya günləri, mütaliə axşamları, ayrı-ayrı yazıçı və şairlərlə görüşlər, təqdimat mərasimləri, imzalı görüşlər təşkil olunmuş, “Kitab satışı mərkəzi” yaradılmışdır. Gəncləri kitabxanaya cəlb etmək, onlar arasında bədii ədəbiyyatın təbliğini gücləndirmək məqsədilə fəal oxuculardan, yuxarı sinif şagirdlərindən, tələbələrdən, kitabxananı və kitabı sevən oxuculardan ibarət “Könüllülər qrupu” yaradılmışdır. Bu qrup “Açıq kitabxana”da keçiriləcək tədbirləri sosial şəbəkələrdə paylaşır və öz oxuduqları maraqlı kitablar haqqında fikir mübadiləsi edirlər. Bu da gənclər arasında mütaliənin təbliğini genişləndirir. İl ərzində “Gəlin kitab oxuyaq”, “Evlərə kitab ataq”, “Ən çox oxunan kitablar” layihələri həyata keçirilmişdir. Kiçikyaşlı oxucular üçün “Ən çox kitab oxuyan oxucu” müsabiqəsi həyata keçirilmiş, ətrafdakı məktəblilər müsabiqəyə cəlb olunmuş, həvəsləndirmə məqsədilə müsabiqənin qaliblərinə kitab hədiyyə edilmişdir.
Ötən il ərzində Milli Kitabxana Azərbaycan həqiqətlərinin, bugünkü iqtisadi yüksəlişimizin daşıyıcısı olan ölkəmizin mədəniyyətinə, tarixinə, iqtisadi quruculuq işlərinə, yaralı yerimiz olan Dağlıq Qarabağ məsələsinə və digər mövzularda kitabların ölkə ərazisində və xaricdə təbliği istiqamətində də xeyli işlər görmüşdür. Bakı, Frankfurt, Tehran, Təbriz, Moskva, İstanbul, Düşənbə və digər şəhərlərdə keçirilən beynəlxalq kitab sərgilərində Azərbaycana dair ekspozisiyalar nümayiş etdirilmişdir. Ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə görkəmli şair Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi geniş qeyd olunmuşdur. Milli Kitabxana bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir sıra tədbirlər keçirmişdir. İlk dəfə olaraq M.P.Vaqifin fundamental biblioqrafiyası hazırlanaraq “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəfis tərtibatla nəşr olunmuşdur, şairin əsərlərini və haqqında materialları əks etdirən elektron-məlumat bazası hazırlanaraq dünya oxucularına təqdim olunmuşdur. Beynəlxalq TÜRKSOY təşkilatının 2017-ci ili “M.P.Vaqif ili” elan etməsi çərçivəsində TÜRKSOY-la birlikdə Türkiyənin Ankara, İstanbul və Sakarya şəhərlərində, Qazaxıstanın Astana və Türküstan şəhərlərində, Qırğızıstanda yubiley tədbirləri, elmi konfranslar, kitab sərgiləri və Milli Kitabxananın TÜRKSOY-la birlikdə nəşr etdirdiyi və şairin18 dildə şeirlərini əhatə edən “M.P.Vaqifin şeirləri dünya dillərində”, akademik Nizami Cəfərovun “Molla Pənah Vaqif”, Milli Kitabxananın nəşr etdiyi “Molla Pənah Vaqif. Biblioqrafiya” kitablarının təqdimat mərasimləri keçirilmişdir.
Bütün bu tədbirlər gənclərin kitabxanalara cəlb olunmasında əhəmiyyətli rol oynamış və oxucuların sayının xeyli artmasına səbəb olmuşdur. Nəticədə 2017-ci ildə Milli Kitabxananın daimi oxucularının sayı 152 min nəfərə, kitabxanaya gələnlərin sayı 200 min nəfərə çatmış, virtual oxucularımızın sayı 1 milyon nəfəri ötmüşdür, kitabxananın saytına və elektron kitabxanasına və bazalarına 3 milyon 50 min giriş olmuşdur.
İl ərzində Milli Kitabxana həyata keçirdiyi 100-dən artıq kütləvi tədbirlərlə respublikamızın mədəni-kütləvi və ictimai həyatında fəal rol oynayan bir mənəviyyat mərkəzinə çevrilmiş, kitab təqdimatlarının, oxucu konfranslarının, yazıçı və şairlərlə, kitab müəllifləriylə oxucuların fəal görüşlərinin keçirildiyi məkana, kitabın, ədəbiyyatın aktiv təbliğatçısına çevrilmişdir. Ölkəmizin regionlarında innovasiyaların kitabxana təcrübəsinə tətbiqi, oxuculara kitabxana xidmətinin təşkilində yeni iş formalarından istifadə olunması, kitabxanadankənar xidmət işinin gücləndirilməsi və s. mövzularda treninqlər və seminarlar keçirilmiş, bu sahədə qabaqcıl təcrübə təbliğ olunmuşdur.
Kitabxanamızın mütəxəssisləri il ərzində qabaqcıl təcrübənin öyrənilməsi və qarşılıqlı təcrübə mübadiləsi məqsədilə xarici ölkə kitabxanalarında ezamiyyətlərdə olmuş və əldə etdikləri bilik və təcrübələri vaxtaşırı regionlarda keçirilən treninqlərdə, seminarlarda və görüşlərdə öz həmkarları ilə bölüşmüş, respublikamızın kitabxanalarında tətbiqinə çalışmışlar. Milli Kitabxananın nümayəndələri ötən il ərzində Minskdə, Astanada, Daşkənddə, Ankarada, Almaniyanın Ausburq şəhərlərində keçirilən beynəlxalq elmi konfranslarda, simpoziumlarda, seminarlarda iştirak etmiş, kitabxana işinə dair müxtəlif mövzularda elmi məruzələrlə çıxış etmişlər. 2017-ci ildə kitabxanamız tərəfindən 36 adda, 6560 nüsxə tirajla, 439,9 çap vərəqi həcmində fundamental biblioqrafiyalar, biblioqrafik və metodik vəsaitlər, məlumat və informasiya bülletenləri çap olunmuşdur. Bunların içərisində kitabxananın 2005-ci ildən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi fundamental şəxsi elmi köməkçi biblioqrafiyalar xüsusi əhəmiyyət kəsb edir. Bu günə kimi həmin seriyadan dövlətimizin elmimizin və mədəniyyətimizin görkəmli şəxsiyyətlərinə - ulu öndər Heydər Əliyevə, Üzeyir Hacıbəyliyə, Qara Qarayevə, Fikrət Əmirova, Nizami Gəncəviyə, M.F.Axundzadəyə, M.Ə.Sabirə, Mir Cəlala, Səməd Vurğuna, Bəxtiyar Vahabzadəyə, İlyas Əfəndiyevə, Əziz Əliyevə, Bülbülə, Səttar Bəhlulzadəyə və başqalarına həsr olunmuş 100-dək fundamental biblioqrafik vəsait nəşr olunaraq oxucuların, kitabxanaçıların və mütəxəssislərin ixtiyarına verilmişdir. Bu vəsaitlər mütəxəssislər, alimlər və ədəbiyyatşünaslar tərəfindən elmimizə, mədəniyyətimizə və ədəbiyyatımıza böyük xidmət kimi qiymətləndirilmişdir.
2018-ci ildə Milli Kitabxana özünün və ulu öndər Heydər Əliyevin 95 illik, dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 və Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı ədib Mir Cəlal Paşayevin 110 illik yubileylərini layiqli qeyd etməyə hazırlaşır. Bu ilin yanvarında Milli Kitabxana ABŞ-ın məşhur Los-Anceles Universitetinin kitabxanası ilə qarşılıqlı əməkdaşlığa dair memorandum imzalamışdır və bu, Amerika kitabxanaları ilə ilk əlaqələrimiz olacaq, uzaq ölkədə Azərbaycan həqiqətlərinin və respublikamızın bugünkü iqtisadi və mədəni uğurlarının təbliğinə əhəmiyyətli kömək göstərəcəkdir.

Kərim TAHİROV,
M.F.Axundzadə adına Milli Kitabxananın direktoru, əməkdar mədəniyyət işçisi, professor