Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

06 Fevral 2018
Fevralın 6-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə sədr Komissiya üzvlərini növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə tanış edib.

Sonra növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin edilməsi məsələsinə baxılıb və Komissiyanın qərarı ilə seçkilər 2018-ci il aprelin 11-nə təyin olunub.

İclasda seçki qanunvericiliyində nəzərdə tutulmuş tədbirlərin ardıcıl və keyfiyyətlə həyata keçirilməsi, seçki subyektlərinə metodiki yardım göstərilməsi və onların seçki prosesindəki fəaliyyətlərinin sadələşdirilməsi məqsədilə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiq edilib.

Komissiyanın iclasında seçki hüquqlarının pozulması ilə əlaqədar hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılmasına dair məsələyə də baxılıb. Komissiyanın qərarı ilə MSK nəzdində 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradılıb. Qanunvericilikdə nəzərdən tutulmuş müddətdən gec olmayaraq dairə seçki komissiyaları nəzdində 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması isə dairə seçki komissiyalarına həvalə olunub.

İclasda, həmçinin növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədin qeydə alınması üçün təqdim edilmiş imza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə müvafiq dövlət qurumlarının mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və Komissiyanın üzvü işçi qrupunun rəhbəri təyin edilib.

Beynəlxalq təşkilatların, xarici ölkələrin diplomatik nümayəndəliklərinin, eləcə də yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.