Boks idmanı 2020-ci il Olimpiya Oyunlarının proqramından çıxarıla bilər

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Boks idmanı 2020-ci il Olimpiya Oyunlarının proqramından çıxarıla bilər

05 Fevral 2018
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri Tomas Bax bildirib ki, BOK Beynəlxalq Həvəskar Boks Assosiasiyasına ünvanlanan ödənişləri dayandırır və 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarının proqramına boksun daxil edilib-edilməməsi məsələsinə yenidən baxmaq hüququnu özündə saxlayır.

AZƏRTAC newsru.com saytına istinadla bildirir ki, T.Bax BOK-un İcraiyyə Komitəsinin iclasının yekunlarına həsr edilmiş mətbuat konfransında deyib: “Olimpiada-2020-yə kvota barəsində qərarlar qəti xarakter daşıyır. BOK Gənclər arasında Olimpiya Oyunlarının və Olimpiada-2020-nin proqramına boksun daxil edilib-edilməməsi məsələsinə yenidən baxmaq hüququnu özündə saxlayır”.

T.Bax daha sonra deyib: “İcraiyyə Komitəsi federasiyanın (AİBA) idarəetmə sistemində təhqiqat başlanmasını təsdiq edir. BOK bu federasiyaya ünvanlanan ödənişləri dayandırır. BOK-un icraiyyə komitəsi həmin federasiya ilə zəruri əlaqələrdən başqa bütün əlaqələri dondurub”.

Xatırladaq ki, 2017-ci il noyabrın əvvəlində AİBA İcraiyyə Komitəsi Çinq-Kuo Vunun bu təşkilatın prezidenti vəzifəsindən müvəqqəti kənarlaşdırılması barədə qərar qəbul edib. Ona qarşı maliyyə israfçılığı da daxil olmaqla bir sıra intizam xarakterli ittihamlar irəli sürülüb. 11 il AİBA-ya rəhbərlik etmiş bu məmur noyabrın axırlarında təşkilatın rəhbəri vəzifəsindən istefa verib. Bundan sonra prezident vəzifəsini müvəqqəti olaraq AİBA-nın vitse-prezidenti Franko Falçinelli icra edib, bu il yanvarın sonunda isə Qafur Raximov AİBA-nın prezidenti vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.

BOK-un rəsmi saytında bildirilir ki, İcraiyyə komitəsi aprelin 30-dan gec olmayaraq AİBA-dan yeni məruzə gözləyir.

Tomas Bax sonda deyib: “Biz bu problemləri hələ dekabr ayında görmüşdük, amma onlara dair izahat verilmədi. Bu, daxili qərarlar qəbul edilməsi proseduruna aiddir. Rəhbər işçilərin təyin edilməsi və seçilməsi ilə bağlı problemlər sizə də məlumdur. Federasiyanın yeni müvəqqəti prezidenti ilə bağlı, o cümlədən maliyyə məsələləri ilə əlaqədar problemlər də var. Biz bu federasiyada dopinqə qarşı mübarizə sahəsində heç bir yaxşılaşma görmədik”.