Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanın gələcəyi gənclərin gücü və potensialı ilə qurulur

04 Fevral 2018
 

Fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qaradağ rayon Heydər Əliyev Mərkəzində Gənclər Günü ilə əlaqədar gənclərlə görüş keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, tədbirdən öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub.

Rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov tədbir iştirakçılarını

2 fevral - Gənclər Günü münasibətilə təbrik edərək ölkəmizdə aparılan və əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu gənclər siyasətindən, Azərbaycan gənclərinin quruculuq işlərində fəal mövqeyindən söhbət açıb.

Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov elmin müxtəlif sahələrində, ictimai-siyasi həyatda, eləcə də idman sahəsində Azərbaycan gənclərinin qazandıqları uğurlardan danışıb, bu gün Azərbaycanın gələcəyinin gənclərin gücü və potensialı ilə daha inamla qurulduğunu söyləyib.

Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev Azərbaycanda gənclər siyasətinin məqsədləri, prinsipləri, istiqamətləri, təşkilati-hüquqi əsasları barədə geniş məlumat verib. O bildirib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasi xəttin məqsədi gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına, sosial problemlərinin həllinə və hüquqlarının müdafiəsinin təmin olunmasına kömək etməkdir.

Görüşdə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov “Azərbaycan gənci dünən, bu gün və sabah” mövzusunda məruzə ilə çıxış edib. O, “Prezident İlham Əliyevin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamını dövlətimizin gənclərə və gənclər siyasətinə verdiyi önəmin bariz nümunəsi kimi dəyərləndirib: “Bu gün Azərbaycan gənclərinin təhsili, tələbələrin elmi, mədəni və ictimai fəaliyyətinin, məşğulluğunun, sahibkarlıq və yaradıcılıq fəaliyyətinin dəstəklənməsi, gənclərlə iş sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir”.

Sonra rayon gənclərinin sualları cavablandırılıb, görüşün təşkilatçılarına və mühazirəçilərə Bilik Fondunun hədiyyələri verilib.

Tədbirdə Bakı Humanitar Kollecinin tələbələrinin hazırladıqları musiqili kompozisiya nümayiş olunub.