Yaqub Mahmudov: Gənc tarixçi alimlər yeni tədqiqat əsərlərinin yazılmasında fəal iştirak edirlər

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yaqub Mahmudov: Gənc tarixçi alimlər yeni tədqiqat əsərlərinin yazılmasında fəal iştirak edirlər

02 Fevral 2018
Fevralın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunda Gənclər Günü ilə bağlı elmi şuranın iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, institutun direktoru, akademik Yaqub Mahmudov Azərbaycanda Gənclər Gününün yaranmasından, gənclərin cəmiyyətdəki rolundan, ölkəmizdə onlara göstərilən diqqət və qayğıdan söz açıb. Bildirilib ki, ulu öndər Heydər Əliyev hər zaman gənclərlə bağlı siyasətini müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirib. Akademik ölkəmizdə əsası Ulu Öndər tərəfindən qoyulan gənclər siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.

Y.Mahmudov deyib: “Tarix İnstitutunda çalışan gənclər ölkəmizin, Ulu Öndərin, dövlətimizin başçısının çağırışlarını, milli mənafeyimizi rəhbər tutaraq tarix elmimizin dirçəldilməsində, inkişafında, yeni tədqiqat əsərlərinin yazılmasında fəal iştirak edirlər. Bu gün Azərbaycanın qabaqcıl gənclərindən olan tarixçi gəncləri həm səngərdə, həm də informasiya müharibəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mənfur qonşularımıza qarşı mübarizə aparırlar. Onlar Azərbaycanın itirilmiş torpaqlarının, Qarabağın, Xocalı soyqırımının, ermənilərin şimali Azərbaycana köçürülüb gətirilməsinin, Zəngəzurun, Tiflis əmirliyinin, Dərbəndin tarixini yazırlar. Eyni zamanda, onlar erməni faşizminin tarixini qələmə alırlar”.

Sonda Y.Mahmudov Azərbaycan gənclərini dövlətimizin, torpaqlarımızın, xalqımızın mənafeyi uğrunda mətbuatda, sosial şəbəkələrdə, informasiya müharibəsində fəal olmağa çağırıb.

Tarix İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Rəşad Mustafa qeyd edib ki, hazırda institutda qırx gənc çalışır, üç magistr təhsil alır. İnstitutun magistrləri Azərbaycanın qədim və orta əsrlər tarixi üzrə ixtisaslaşır, o cümlədən qədim mixi yazılarını və osmanlı xətlərini öyrənirlər.

Qeyd edilib ki, institutun gənc alimləri ötən il 24 beynəlxalq elmi konfransda iştirak ediblər. Onların elmi məqalələri bir sıra nüfuzlu jurnallarda dərc olunub. Gənc alimlərdən Lamiyə Qafarzadə 2017-ci ildəki uğurlarına görə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin gənci” mükafatına layiq görülüb. Elnur Nəciyev isə Azərbaycandilli “Vikipediya”nın zənginləşdirilməsində fəal iştirakına görə müxtəlif qurumlar tərəfindən mükafatlandırılıb.

Digər çıxış edənlər əlamətdar gün münasibətilə gənc alimləri təbrik edib, onlara uğurlar arzulayıblar.

Sonda institutun bir qrup gənc aliminə fəxri fərmanlar təqdim olunub.