Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

2 milyon 575 min nəfər...

02 Fevral 2018
 

Bu gün onların günüdür. Nə az, nə çox - 21 ildir, bu günün qəhrəmanları məhz gənclərdir. Müasir Azərbaycan dövləti zamanında onları dəyərləndirdi - ölkənin bugününü, sabahını, işıqlı gələcəyini gənclərin inkişafında, sağlamlığında və xoşbəxt gələcəyində gördü. Elə ona görə də gənclər hər yerdə önə çəkildilər, yüksək qayğı ilə əhatə olundular...

Bu əlamətdar gündə Azərbaycanda kimlər gənc hesab olunur, onların sayı  nə qədərdir suallarına cavabları “rəqəmlərin gözü” ilə təqdim etmək qərarına gəldik...

“Gənclər siyasəti haqqında” qanuna əsasən, bu gün Azərbaycanda 14-29 yaşlarında olan şəxslər gənc hesab edilir və onlar ölkə əhalisinin 26,3 faizini təşkil edir. Statistika Komitəsinin məlumatına görə, Azərbaycanın 9 milyon 810 min əhalisinin 2 milyon 575 min nəfəri gənclərdir. Onların da 1 milyon 325,4 min nəfərini kişilər və 1 milyon 249,3 min nəfərini qadınlar təşkil edir.

Gənclik yaşına aid olan əhalinin müəyyən olunmuş yaş qrupları üzrə bölgüsünə nəzər saldıqda isə məlum olur ki, gənclərin 790,6 min nəfəri 14-19, 842,2 min nəfəri 20-24 və 941,9 min nəfəri isə 25-29 yaş arasında olanlardır. Azərbaycanlı gənclərin 50,9 faizi şəhər, 49,1 faizi isə kənd yerlərində yaşayır. Bunlardan da yarım milyondan yuxarısı (537,3 min) Bakı şəhərinin daimi sakinləridir. Onu da xatırladaq ki, Azərbaycanda gənc ailə kateqoriyasına yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideynlər daxildir.

Bu gün cəmiyyətin ən fəal nümayəndələri olaraq gənclər hər yerdə, hər sahədə ön sıradadırlar. Təbii ki, perspektivli və fəal gənclərin formalaşması üçün çox önəmli faktorlardan biri də onların yüksək savada, ixtisaslı təhsilə sahib olmalarından irəli gəlir. Sözsüz, bunu nəzərə alaraq Azərbaycanda gənclərin təhsil səviyyəsi ilbəil artırılır. Təsadüfi deyil ki, yerli təhsil müəssisələrində təhsilin səviyyəsinin yüksəldilməsi ilə yanaşı, ötən il dövlət xətti ilə xaricdə təhsil alan azərbaycanlı tələbələrin sayı 2197-yə çatmış və onlardan 63 faizi Bakı şəhərinin, 37 faizi isə digər şəhər və rayonların orta məktəblərinin məzunlarıdır. Bundan əlavə, elmi fəaliyyətlə maraqlanan, ümumiyyətlə, ölkənin elmi potensialında müstəsna rol oynayan gənclərin sayı da sürətlə artır. Belə ki, 2017-ci ilin əvvəlində fəlsəfə doktorlarının hazırlanması proqramını həyata keçirən müəssisələrdə 2182 nəfər təhsil alıb və onların da 1228 nəfəri və ya 56 faizi, həmçinin tədqiqat və işləmələri yerinə yetirən 16 min nəfər tədqiqatçının 2147 nəfəri və ya 14 faizi 30 yaşa qədər olan gənclərdir.

Gənclərin statistikasının belə zənginliyi həm də onların fəaliyyət sahələrinin çoxşaxəli olmasının və cəmiyyətin mənəvi sərvəti kimi hər zaman diqqət mərkəzində saxlanılmasının göstəricisidir. Respublikanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni və idman həyatının inkişafında gənclərin öz payı var və hər zaman yüksək fəallıqları ilə seçilirlər. Heç şübhəsiz ki, qarşıdakı illərdə də bu, belə olacaq: dövlət gənclərə, gənclər də dövlətə dəstək olacaq...

 

Elnur HADIYEV,

“Azərbaycan”