Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Reyhan dünyanı işıqlandıracaq

02 Fevral 2018
 

İ.Trampın təqdimatı ilə dünyada məşhurlaşan 15 yaşlı həmvətənimiz əsl şöhrətə Nobel mükafatı qazanmaqla çatacağına əmindir

 

“İnanmayacaqsınız bəlkə, Reyhanın cəmi 15 yaşı var. Amma bu onu yağış suyundan enerji istehsal edən şirkət yaratmaqdan çəkindirmədi. Reyhanın güclü bir şüarı var: “Hər dəfə bir evi işıqlandır!” Reyhan, sənin işıqlandırdığın hər bir ev dünyanı işıqlandırır... Sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır”.
Bu fikirləri ABŞ Prezidenti Donald Trampın baş müşaviri və qızı İvanka Tramp Hindistanın Heydərabad şəhərində ötən ilin sonlarında keçirilən “Qlobal Sahibkarlıq Sammiti 2017” layihəsində gənc azərbaycanlının nailiyyətini təqdir edərkən söylədi...
...Və Reyhan bir anın içində öz ixtirası ilə məşhurlaşdı. Onun dostu ilə birgə hazırladığı yağışdan elektrik enerjisi əldə edən “Rainergy” layihəsi elmi ictimaiyyətin də rəğbətini qazanaraq dünyaya səs saldı.

 

5 yaşlı “ixtiraçı”

 

Reyhan Camalova Quba şəhərində ziyalı ailəsində anadan olub. 2009-cu ildə Quba şəhərindəki A.Məmmədov adına 2 nömrəli təbiət-təmayüllü məktəb-liseyə qəbul olub.
2015-ci ildə isə “İstək” liseylərinə keçirilən qəbul imtahanında ən yüksək nəticə göstərərək tam təqaüdlə təhsil almaq hüququ qazanıb. O, hazırda həmin liseyin 9-cu sinif şagirdidir, eyni zamanda “ASAN xidmət”in ideya müvəkkilidir.
Həmsöhbətimiz Reyhan uşaqlıqdan istedadı ilə fərqlənib, 5 yaşından kiçik “ixtira”lar etməyə başlayıb. “Robotlar”, kağızlardan xüsusi qurğular düzəldib. Bu yolda ailəsindən böyük dəstək aldığını deyir: “Atamla hər zaman alternativ enerji mənbələrinə maraq göstərmişik. Sənədli və elmi-fantastik filmləri izləyirdik. Özümün ən sevimli ilham pərim isə məşhur ixtiraçı Nikola Tesla olub. Onun da ən böyük məqsədi dünyaya sərhədsiz elektrik vermək idi. Lakin o, bu istəyini tam olaraq həyata keçirə bilməmişdi və mən də onun davamçısı olmaq istəyirdim. Bildiyiniz kimi, dünyada alternativ enerji mənbələri ehtiyatı çoxalıb. İnsanlar, xüsusilə də Avropada yaşayanlar alternativ enerji mənbələrindən geniş istifadə edirlər. Günəşdən, küləkdən, dənizdən, demək olar ki, hər şeydən enerji alırlar. Belə bir sual ortaya çıxır ki, bəs niyə insanlar yağış suyundan enerji almasınlar?”

 

“Rainergy” yağış suyunu enerjiyə və təmiz suya çevirir

 

Yağış suyundan enerji istehsal edən 15 yaşlı ixtiraçı gəncin fikrincə, dünyada milyardlarla litr yağış suyundan düzgün istifadə olunsa, o zaman ondan potensial enerji əldə etmək olar. Bu istəyini reallaşdırmaq üçün Reyhan öz şagird dostları və fizika müəllimləri ilə birlikdə yağış suyundan enerji istehsal edən “Rainergy” qurğusunu yaradıb. Qurğu dörd əsas hissədən: yağış suyunun kollektoru, su çəni, elektrik generatoru və batareyadan ibarətdir. Kollektor su çənini yağış suyu ilə doldurur, su isə elektrik generatorunun içi ilə böyük sürətlə axaraq elektrik enerjisi yaradır. İstehsal olunan enerji akkumulyatorlarda toplanır, elektrik şəbəkəsinin xətlərinə düşən təzyiqi azaldır və ehtiyacı olan icmalara elektrikdən istifadə etmək üçün əlavə mənbə verir. “Rainergy”nin prototipi hazırda 22 led lampanı işıqlandırır ki, bu da təqribi 22 watt enerji deməkdir.
Reyhanın dediyinə görə, ixtira daha çox yağışlı bölgələr üçün nəzərdə tutulub. Filippinin, İndoneziyanın, Hindistanın bəzi bölgələri üçün çox əlverişlidir. Hətta yağış suyu xüsusi filtrlərlə təmizləndikdən sonra ondan içmək üçün də istifadə oluna bilər. Hindistanın bəzi bölgələri quraqlıq, bəzi bölgələri isə çox yağışlıdır. Toplanan su daha sonra quraqlıq ərazilərə də göndərilə bilər ki, insanlar istifadə edə bilsin.
Azərbaycanda ilk dəfə keçirilən “ClimateLaunchpad - startap yaşıl biznes” müsabiqəsinə öz “Rainergy” layihəsi ilə qatılan Reyhan Camalova bildirdi ki, ilk başlayanda bu layihənin əhəmiyyətinə heç kəs inanmırdı, amma ürəyimizdə çox kiçik bir ümid vardı: “9 həftə boyunca güclü iş rejimində işlədik. Həmin vaxt biznes haqqında heç nə bilmirdim. Lakin çox şey öyrəndik. Möhtəşəm komandalarla tanış olduq. Biz qurğunun kiçik prototipini düzəltdik. Ürəyimizdəki kiçik ümidlər böyük işığa çevrildi. Avqust ayında çox möhtəşəm final keçdi. Biz “Tamaşaçıların ən sevimli startapı” mükafatına layiq görüldük”.

“Qlobal Sahibkarlıq Sammiti 2017”dən dünyaya açılan pəncərə...

 

Reyhan deyir ki, bu yarışmadan sonra mentoru Leyla Tağızadə “Qlobal Sahibkarlıq Sammiti 2017” haqqında məlumat verərək yarışmaya qatılmağı məsləhət görüb. O da, bir növ, ideyasını biznesə çevirməyə başlayıb. Yarışmada yaş həddinin 18-dən başlaması, Reyhanın isə həmin vaxt 14 yaşında olması onu getdiyi yoldan çəkindirməyib, ümidini itirməyərək layihəyə baş vurub: “Layihəyə qatıldıqdan sonra məni ABŞ səfirliyindən müsahibəyə çağırdılar. Müsahibədən uğurla keçdikdən sonra xüsusi qeydiyyat forması göndərildi. Ərizə formasını doldurub Vaşinqtona göndərdim və oradan müsbət cavab aldım. Bütün maddi xərclərimi ABŞ administrasiyası və ölkəmizdəki səfirliyi ödədi. Beləliklə də dünyada 8-ci dəfə keçirilən “Qlobal Sahibkarlıq Sammiti 2017”də iştiraka getdim”.
“Qlobal Sahibkarlıq Sammiti 2017”yə ABŞ Prezidentinin baş müşaviri və qızı İvanka Tramp, Hindistanın Baş naziri Narendra Modi başçılıq edirdi. Həmin sammit dünyanın hər yerindən yeni sahibkar, sərmayəçi və dəstəkləyiciləri bir araya gətirən məşhur ənənəvi illik tədbir idi. “İlk növbədə qadınlar, tərəqqi hamı üçün” şüarı altında keçirilən sammitdə qadın sahibkarların dəstəklənməsi və iqtisadi artımın dünya səviyyəsində saxlanması müzakirə edilir.
“Social Innovation Lab”ın rəsmi təşkilatçılığı ilə keçirilən “ClimateLaunchpad” startap akselerator proqramının məzunu olan Reyhan Camalova sammitdə mentoru Leyla Tağızadə ilə birlikdə iştirak edib.
Reyhan Hindistanda mehribanlıqla qarşılandıqlarını, hər şeyin gözlədiyindən də gözəl keçdiyini deyir: “İvanka Tramp məni təqdim edəndə həm həyəcanlandım, həm də qürur keçirdim. Çünki ölkəmə kiçik də olsa xeyrim dəydiyini düşündüm. Orada bir çox komandalarla, sahibkarlarla, investorlarla tanış oldum”.

 

Lütfi Zadənin izi ilə...

 

Reyhanın yağış suyundan enerji əldə edən qurğusu bəşəriyyət üçün önəmli kəşflərdən biri hesab olunur. Zahirən öz həmyaşıdlarından fərqlənməyən, ancaq qeyri-adi istedadı ilə hamının diqqətini özünə cəlb etməyi bacaran bu gənc gələcəkdə dünyada dönüş yaradacaq layihələrə imza atmağı, Nobel mükafatını qazanmağı qarşısına məqsəd qoyub.
Azərbaycanlı gənc artıq gələcəklə bağlı planlarını da müəyyənləşdirib. Gənc ixtiraçı dünyada Lütfi Zadə kimi iz qoymaq istəyir. Reyhanın ən böyük arzusu bütün dünyanı lərzəyə gətirəcək kəşflərə imza atmaqdır. Kiçik ixtiralarının onu işıqlı yola aparacağına inandığını, insanlığa xeyri olan biri olmaq istədiyini deyir: “Azərbaycan xalqı, təhsil aldığım məktəb mənə çox dəstək oldu. İndi də hiss edirəm ki, üzərimə məsuliyyətli iş düşüb. Əminəm ki, insanların etimadını doğruldacağam”...

Səbinə MƏMMƏDOVA,
“Azərbaycan”