Su ekzemanın qarşısını alır

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Su ekzemanın qarşısını alır

01 Fevral 2018
Ekzema kifayət qədər yayılmış, xroniki residivləşən dəri xəstəliyidir. Statistikaya əsasən, dəri xəstəliklərinin təxminən 30-40 faizini ekzema təşkil edir. Xəstəlik bütün yaş qrupu insanlarda ola bilər. Ekzema ilk dəfə, əsasən, uşaq yaşlarında özünü göstərir. Problemin əmələgəlmə səbəbləri tibbə hələ də məlum deyil. Lakin bəzi amillər bu xəstəliyin inkişafına təkan verə bilər. Bunlara misal olaraq, irsiyyət, psixiki travmalar, şəkərli diabet, qalxanvari vəzi, həzm sistemi, varikoz kimi xəstəliklər, allergiyalar, bəzi kimyəvi maddələrlə uzun müddət təmasda olmaq, mikroblar, göbələklər kimi səbəblər ola bilər.

AZƏRTAC Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasına istinadla xəbər verir ki, soyuq havalarda bol su içmək ekzemanın qarşısını almağa kömək edir. Belə ki, soyuq havaya məruz qalan dəri nəmliyini itirərək quruyur. Bu da bəzi insanlarda ekzemaya və qaşıntıya səbəb olur. Ümumiyyətlə, soyuq hava dəriyə, o cümlədən hüceyrələrə, toxumalara, dərialtı piy toxumasına bilavasitə zərər verir. Bundan əlavə soyuq hava dərini qidalandıran damarların vazospazmına səbəb olur.

Bütün bunların qarşısını almaq üçün mütəmadi olaraq bol su içilməli və nəmləndirici kremlərdən istifadə edilməlidir.