Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Artaqmı, dayanaqmı

01 Fevral 2018
 

Azərbaycanda hər il orta statistik bir rayonun əhalisi qədər demoqrafik artım var

 

Çağdaş dünyada bəşəriyyətin həllinə çalışdığı ekoloji, təbii fəlakətlər, ərzaq təhlükəsizliyi və s. məsələlərlə yanaşı, problemli bir sahə də var: demoqrafiya. Fəsadlarının sadaladığımız və sadalamadığımız digər sahələrdən az olmasına baxmayaraq, demoqrafik problemin özəl, yəni fərqli cəhəti də mövcuddur. Və bu cəhət də onun ayrı-ayrı ölkələrdə bir-birinə tamam əks forma və məzmunda olmasıdır, yəni ölkə var ki, əhalisinin çoxluğundan, ölkə də var ki, azlığından əziyyət çəkir. Özü də bu əziyyət özünü yalnız demoqrafik tarazsızlıq kimi göstərmir, o həm də mövcud olduğu ölkəni sosial-iqtisadi cəhətdən çətin vəziyyətə salır.
Düzdür, belə ölkələr həmin çətin vəziyyətdən çıxmaq üçün əhalinin artımını, yaxud azalmasını stimullaşdıran tədbirlər görürlər. Lakin bu, əksər vaxt istənilən nəticəni vermir. Çünki “rels”dən çıxmış “demoqrafik qatar”ı yoluna qaytarmaq çox əziyyətli işdir, onun üçün külli miqdarda vəsait və uzun zaman lazımdır.
Ötən ilin sonlarında çox izlənən saytlarımızın birində Qərbi Avropa ölkələrində, eləcə də qonşu Rusiyada verilən uşaq pullarının, həmçinin yeni doğulan körpələr üçün birdəfəlik ödənilən vəsaitlərin həcmi barədə statistik məqalə oxuduq. Məlumat almaq sarıdan pis deyildi. Amma oradakı faktları Azərbaycandakı analoji rəqəmlərlə müqayisə etməsi müəllifin belə fərqli vəziyyətin yaranma səbəbini bilməməsindən və ya bilib üzə vurmamasından xəbər verirdi. Hər il təxminən 100 min nəfərlik boy atan kiçik Azərbaycanı Avropanın hətta miqrasiya hesabına belə əhalisi nəinki artmayan, hətta azalan ölkələri, o cümlədən ərazisində günəşin heç vaxt batmadığı, dünyanın təbii sərvətlərinin üçdəbirinə sahib Rusiya ilə necə müqayisə etmək olar axı?! Bir var çoxuşaqlı ailələrin sosial müdafiəsi, bir də var çoxuşaqlılığı stimullaşdırmaq. Bunlar tamam fərqli sosial siyasətlərdir. Əgər bu gün Avropanın əksər ölkələrində əsasən yerli əhalinin sayı azalırsa, verilən yüksək uşaq pulları və digər vəsaitlərin məqsədi məlumdur: azalmanı mümkün qədər cilovlamaq. Çünki yerli əhalinin azalması bütün sosial problemlərlə birlikdə həm də milli varlıq məsələsidir, xüsusən də miqrasiyanın axını fonunda... Bəs Azərbaycanda nəyi stimullaşdıraq? Stimulsuz-filansız artırıq da, özü də nə az, nə çox - düz bir inzibati rayon qədər.
Amma iş bundadır ki, əhalinin normadan çox artımı azalmasından az problemli deyil. Həmin problemlərin həlli ölkənin iqtisadi imkanları ilə üst-üstə düşməyəndə isə onların həlli daha çətin olur. Götürək bu gün dünyanı öz iqtisadi sıçrayışları ilə təəccübləndirən Çin və Hindistanı. Hətta sürətli iqtisadi inkişafları da həmin ölkələri neçə il əvvəl əhalinin azalması üçün başladıqları tədbirlərə son qoymağa kifayət etmir və yəqin ki, yaxın gələcəkdə etməyəcək də... Çünki Çin və Hindistan bundan sonra da nə qədər inkişaf etsələr belə, milyarddan çox əhalinin sosial tələblərini normal demirik, minimum səviyyədə qarşılamaq mürəkkəb işdir. Həqiqətən, bu sayda əhalinin hamısını ərzaq və digər istehlak malları, təhsil və səhiyyə xidməti, iş yerləri ilə təmin etmək heç kəsə asan gəlməsin. Adları çəkilən ölkələr gərək vaxtında tədbirlər görəydilər ki, indi əhalisi bu təminatların dalınca çöllərə düşməyəydi.
Azərbaycan da bu gün əhalisi sürətlə artan ölkələr sırasındadır. Son illər əhalinin artım faizi azalsa da, qısa vaxtda 10 milyonu haqlamağımız faktdır. Bu, yaxşıdır, yoxsa pis?
Belə götürəndə, yaxşıdır. Başqa ölkələrin milyardlar hesabına nail olmaq istədiyi əhali artımı bizdə xərcsiz - təbii yolla baş verir. Yaxşı olan həm də odur ki, Azərbaycanda həyata keçirilən iqtisadi siyasət nəticəsində artan əhalinin sosial problemlərini həll etmək mümkün olur. Amma hələlik. Bu isə o deməkdir ki, normanı keçəndən sonra bu davamlı artımın problemləri başlayır.
Müqayisəyə uyğun gəlmədiyi üçün Çin və Hindistanı kənara qoyub bizə hər cəhətdən yaxın olan Özbəkistanı misal çəkək. Artıq bu ölkədə əhalinin artımının qarşısını almaq üçün tədbirlər görülür. Məlumat üçün bildirək ki, ötən ilin sonuna olan statistikaya əsasən Özbəkistanın əhalisi 31 milyondan bir qədər çoxdur. Təkcə keçən il bu ölkənin əhalisi 450 min nəfərdən çox artmışdır. Onu da qeyd edək ki, Özbəkistan regionun heç də geridə qalan ölkələrindən sayılmır. Yerüstü və yeraltı təbii sərvətlərlə zəngin olan bu ölkənin dinamik inkişaf edən sənayesi və aqrar sektoru var. Bütün bunlara baxmayaraq, Özbəkistan əhalinin kortəbii artımını nəzarətə götürməyə qərar verib və sözsüz ki, bu, səbəbsiz deyil. Təkcə iş dalınca Rusiyaya gedənlərin sayına nəzər salmaq kifayətdir ki, həmin səbəblərin məzmunu məlum olsun. Bir sözlə, Özbəkistan artıq əhali sarıdan “gözü çıxmış” qonşularına baxıb nəticə çıxarıb ki, uzaq gələcəkdə də olsa, onların taleyini yaşamasın. Və düz də edib.
...Ötən əsrin 90-cı illərinin sonlarına yaxın idi. Azərbaycan üçün həmin dövrün əsas probleminin nə olduğunu, yəqin, hamı bilir: bəli, bütün ölkə boyu səpələnmiş qaçqın və məcburi köçkünlərin dözülməz sosial-məişət şəraiti. Belə bir vaxtda redaksiyanın tapşırığı ilə yazı hazırlamaq üçün Biləsuvar rayonu ərazisində salınmış qaçqın düşərgəsinə getdik. Nəzərimizi ilk növbədə düşərgədəki kiçik, alçaq, qaranlıq, üstü qamışla örtülü torpaq daxmalar və belə şəraitdə yaşayanların məzlum baxışları ilə birlikdə... anaların qucağındakı südəmər körpələr də cəlb etdi. O körpələr düşərgədə doğulmuşdular və dünyanın onları belə bir acınacaqlı vəziyyətdə qarşılamasının günahkarı müharibə ilə bərabər həm də... valideynləri idi.
Jurnalist həmkarımızın söhbəti də bu mövzunun davamıdır. Deyir, o vaxtlar Bakıda Ailə Planlaşdırılması adlı mərkəz var idi. Səhiyyə Nazirliyi həmin mərkəzin bir neçə həkiminə tapşırıq verib ki, qaçqın düşərgələrinə gedib orada məskunlaşmış qadınlarla belə bir şəraitdə dünyaya uşaq gətirməyin təhlükəli olduğu barədə söhbət aparsınlar. Həkimlər belə də ediblər. Əvəzində... elə həmin qadınlar tərəfindən daş-qalaqla qarşılanıblar. Sonra da, təbii ki, nə baş verməli idisə, o da baş verib - həkimlər paytaxtda ailələri planlaşdırmağı, düşərgənin sakinləri isə ailə üzvlərinin sayını artırmağı davam etdiriblər.
Dözülməz şəraitdə doğulmuş həmin körpələr (əgər sağ qalıblarsa) indi yeniyetmədirlər. Əksəriyyəti də, yəqin ki, dövlətin tikib verdiyi hər cür şəraiti olan rahat ev və mənzillərdə yaşayır. Və həm də, yəqin ki, kövrək uşaq xatirələrində dünyaya göz açanda ilk dəfə gördükləri o cəhənnəm mənzərələri də qalmamış deyil. Görəsən, nə olmuşdu, nə baş vermişdi ki, valideynləri onları öz faciələrinə şahid etmişlər? Məgər ailə üzvlərinin sayını bir neçə il gözləyib normal şəraitdə artırmaq olmazdımı? Doğrudanmı övlad arzusu elə həmin övladı böyütmək üçün onun özü qədər vacib olan şərait və imkandan üstündür?
Yəqin ki, bu suallara cavablar təfəkkür, dünyagörüşü, savaddan asılı olaraq müxtəlif cür verilə bilər. Amma bütün hallarda məsələnin bu tərzdə qoyuluşuna görə qınanılacağımıza əminik. Axı hələ də bizdə dünyaya uşaq gətirməyin onu sağlam böyüdüb tərbiyə etməyə, ona müasir təhsil verməyə heç bir dəxli olmadığını fikirləşən valideynlər çoxdur. Belələri üçün uşaq yalnız ölkənin gələcək əsgəri və anasıdır. Belələri üçün ata-ananın yeganə vəzifəsi dünyaya Allah verən sayda uşaq gətirməkdir, qalanları isə dövlətin işidir.
Düzdür, ölkədə bu düşüncədə olan ata-anaların sayı getdikcə azalır. İndi hətta çoxuşaqlı ailələrin sayına görə həmişə öndə olan cənub bölgəsində də valideynlər 2-3 övladla kifayətlənməyə başlayıblar. Bununla belə, fakt faktlığında qalır: hər il 100 min nəfər çoxalırıq. Çoxalırıqsa, deməli, bu demoqrafik artımın gözlənilən problemləri də qarşılanmalıdır.
İnsafən, Azərbaycanda bu sahə üzrə müntəzəm tədbirlər görülür. İlk növbədə yeni iş yerlərinin açılmasına, təzəlikcə isə sosial mənzillər hesabına ev probleminin həllinə ciddi fikir verilir. “Son 15 il ərzində əhalimiz 1,5 milyon nəfər artmışdır və iş yerlərinin yaradılması bizim üçün daimi prosesdir. Ötən il biz 177 min daimi iş yeri yaratmışıq və bu, bizim siyasətimizi nümayiş etdirir”. Bu fikri Prezident İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində keçirilən interaktiv iclasda səsləndirmişdir. Dövlət başçısının da sözlərindən görünür ki, Azərbaycanda əhalinin artımı təkcə demoqrafik nailiyyət kimi yox, həm də hökumətin boynuna sosial öhdəliklər qoyan demoqrafik şərait kimi qəbul olunur.
Amma çox lazımdır ki, bunu dövlətin özək və kiçik forması sayılan ailələrimiz də dərk etsinlər. Dərk etsinlər ki, sivil dünya bu məsələdə də artıq kəmiyyətə yox, keyfiyyətə üstünlük verir. Yəni dünyaya uşaq gətirib əhalini artırmaqla kəmiyyəti təmin etmək əsas deyil, əsas olan həmin artımın keyfiyyət tərəfidir. Keyfiyyət tərəfinə isə çox şərtlər (sağlamlıq, təhsil, iş yeri, mənzil şəraiti və s.) daxildir. Əgər ailə özü həmin şərtləri qarşılamaq imkanında deyilsə, nəyə isə arxayın olub kəmiyyət dalınca qaçmamalıdır. Əks halda gələcək övladlarının gələcək talelərini ehtimalların ümidinə buraxmış olacaqlar.
İnkar etmirik, konkret çoxuşaqlı ailələrin timsalında bu fikrin əleyhinə onlarla misal söyləmək mümkündür. Amma özümüzü aldatmayaq, həyat istisnalar yox, reallıqlar üzərində qurulub. Reallıqlarsa ondan ibarətdir ki, artıq dünya bu sayda insanı ərzaq, layiqli iş yeri, lazımi sosial-məişət infrastrukturu və s. ilə təmin etmək iqtidarında deyil! Bir tərəfdən də elm və texnologiyanın inkişafı, demək olar, əksər sahələrdə insanı gərəksiz canlı əşyaya çevirir və heç kimin də bu prosesin qarşısına sədd çəkməyə nə imkanı var, nə də istəyi.
Azərbaycan isə artıq 27-ci ildir ki, gələcəyini proqnozlaşdırmaq mümkün olmayan bu dünyanın bir parçasıdır.
Belə olan halda artaq, yoxsa dayanaq?

Raqif MƏMMƏDOV,
“Azərbaycan”