Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Əbülfəs Qarayev: Dəllallıqla məşğul olan turizm şirkətləri məsuliyyətə cəlb olunacaq

31 Yanvar 2018
Turizm fəaliyyəti üzrə lisenziyaların verilməsinin aradan qaldırılmasından sonra bəzi dəllallar ortalığa çıxıb.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Konqreslər Bürosunun “Açıq qapılar” tədbirində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, həmin şəxslər insanları aldadırlar: “Guya xidmət göstərirlər, halbuki yalandan qiymətlər verirlər, nəqliyyat təşkil edirlər. Nəticədə Azərbaycan turizminin səviyyəsi enir və biz bundan itiririk. Birləşib normal bir proqram üzərində öz potensialımızı ortaya qoya və həmin məhsulu dünya miqyasına çıxara bilərik. Bunu etsək, həmin dəllal və yalançılar acı nəticələrlə üzləşəcəklər”.

Hazırda “Turizm haqqında” yeni qanun layihəsi üzərində iş aparıldığını deyən Ə.Qarayev bildirib ki, bu qanun Azərbaycan turizminin keyfiyyətinin və imicinin qorunması baxımından çox əhəmiyyətli olacaq.

“Əgər kimsə beşulduzlu hotel əvəzinə ikiulduzlu hotelin xidmətlərini göstərirsə, deməli, ölçüləri pozur. Əgər hansısa turizm şirkəti dəllallıqla məşğuldursa, insanları aldadırsa, həmin şirkətlər məsuliyyətə cəlb olunacaq. Güzəştə gedilməyəcək. Mən bu qanunun qəbul olunmasını səbirsizliklə gözləyirəm”, - deyə nazir qeyd edib.