Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan son 14 il ərzində böyük və şərəfli yol keçib

31 Yanvar 2018
 

Yeni inkişaf və fəaliyyət hədəflərini müəyyənləşdirən Prezident İlham Əliyev aidiyyəti qurumlara ciddi tapşırıqlar verdi

 

14 il öncə - 2004-cü ildə Prezident İlham Əliyevin göstərişi və nəzarəti ilə regionların sosial-iqtisadi inkişafı ilə bağlı ilk dövlət proqramının icrasına başlanılarkən Azərbaycan cəmi 1,8 milyard dollar valyuta ehtiyatlarına sahib idi. Bu gün isə bu rəqəm 42 milyard dollara bərabərdir.
Dünya dövlətlərinin üzləşdiyi mürəkkəb sosial-iqtisadi problemlər fonunda bir ölkənin qısa müddət ərzində valyuta ehtiyatlarının 23 dəfə artımı onu deməyə əsas verir ki, Azərbaycan 14 ildə bütün istiqamətlər üzrə konseptual yanaşma və proqramlar əsasında çox böyük tarixi uğurlara imza atıb. Dövlət başçısının söylədiyi kimi, 14 il ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb.

 

Elmə əsaslanan yeni iqtisadi konsepsiyanın uğurlu icrası

 

Son 14 il ərzində regional inkişaf proqramlarının icrasının nəticələri göz önündədir. Prezident İlham Əliyevin elmə əsaslanan yeni iqtisadi konsepsiyası respublikanın sosial-iqtisadi inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü təmin etdi, qarşıda duran vəzifələrin həllinə real imkanlar açdı və cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırdı.
Yanvarın 29-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev 14 il ərzində qazanılan uğurları belə qiymətləndirdi: “Mən 2003-cü ildə prezident seçkiləri ərəfəsində bəyan etmişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə, Azərbaycan regionlarının problemləri ilə məşğul olacağam. Söz vermişdim ki, Azərbaycan regionlarında sosial-iqtisadi inkişaf sürətlə gedəcək. Son 14 il ərzindəki reallıqlar bunu göstərir ki, verilən bütün vədlər artıqlaması ilə yerinə yetirildi. Son 14 il ərzində Azərbaycan böyük və şərəfli yol keçmişdir. Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır”.

 

14 illik zəhmətin bəhrəsi

 

Bu bir həqiqətdir ki, 14 il ərzində heç bir sosial layihə təxirə salınmadı, Azərbaycan investisiya cəlb edən ölkədən investisiya yatıran və xüsusilə, strateji əhəmiyyətli layihələrdə nümunə göstərən, öz təbii ehtiyatlarından, coğrafi mövqeyindən uğurla faydalanan ölkəyə çevrildi. Özünün keyfiyyətcə yeni iqtisadi modelini formalaşdıraraq Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrini genişləndirib, Qafqaz nəqliyyat dəhlizinin inkişafı ilə yanaşı, nəhəng layihələrin gerçəkləşməsində mühüm rol oynadı.
Dövlət başçısının söylədiyi kimi, icra edilən köklü iqtisadi islahatlar, bölgələrdəki infrastruktur layihələri həm ölkəmizin ümumi inkişafına böyük təkan verdi, həm də Azərbaycanın nəhəng transmilli infrastruktur layihələri Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişdi.
Bütün bunların sayəsində Azərbaycanın əldə etdiyi uğurlara nəzər yetirsək görərik ki, son 14 il ərzində

* ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub;
* valyuta ehtiyatları 23 dəfə artıb;
* 12 min 300 kilometr yol çəkilib;
* iqtisadiyyat 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı isə 2,8 dəfə artıb;
* 443 körpü tikilib;
* 3100-dən çox məktəb inşa edilib;
* 642 tibb müəssisəsi tikilib;
* 43 Olimpiya İdman Kompleksi yaradılıb;
* 265 min köçkün yeni evlərlə, mənzillərlə təmin edilib;
* 30 elektrik stansiyası tikilib;
* qazlaşdırma 93 faizə çatıb, bütün şəhərlər qazla 100 faiz təmin edilib;
* fasiləsiz içməli su ilə təminat 26 faizdən 67 faizə çatıb.
* 4 su anbarı tikilib;
* maaşlar 5, pensiyalar 8 dəfədən çox artıb;
* sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlər verilib;
* 7 beynəlxalq aeroport yenidən qurulub;
* 1,9 milyon iş yeri yaradılıb ki, onlardan 1,4 milyonu daimidir...

 

Ümumi inkişafın dinamikası

 

14 il ərzindəki iqtisadi göstəricilər də ümumi inkişafın uğurlu dinamikasını əyani şəkildə göstərir. İqtisadiyyatın 14 il ərzində 3,2 dəfə artması Prezident İlham Əliyevin dediyi kimi, dünya miqyasında rekord göstəricidir. Qeyri-neft iqtisadiyyatının 2,8 dəfə artması isə bir daha təsdiq edir ki, Azərbaycanın iqtisadi inkişafı, sadəcə olaraq, neftin, qazın istehsalı ilə bağlı deyil.
Onu da qeyd edək ki, sənaye sahəsində 2,6, kənd təsərrüfatında 1,7 dəfə artım var. Qeyri-neft ixracı isə 4,1 dəfə artıb. Dövlət başçısı dedi: “Əsas məqsədimiz Azərbaycanın inkişafını daha da sürətləndirməkdir, dayanıqlı, uzunmüddətli inkişafa nail olmaqdır və biz buna nail ola bilmişik. Bugünkü reallıqlar, bölgələrimizin çiçəklənməsi, bütün şəhərlərimizdə gedən quruculuq, abadlıq işləri göstərir ki, biz düzgün yoldayıq”.
Xatırladaq ki, Azərbaycana yatırılan sərmayənin 93 faizi son 14 il ərzində qoyulub. Bu proses bu gün də davam edir. Keçən il ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. Bu ilin investisiya proqramına əsasən də kifayət qədər sosial layihələr icra ediləcək.

 

Xalq qarşısında tarixi xidmətlər

 

Son illərdə Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq transmilli layihələrdən də söz açan Prezident İlham Əliyev vurğuladı ki, artıq ölkəmiz beynəlxalq nəqliyyat dəhlizinə, nəqliyyat mərkəzinə çevrilib. Ölkəmizdə böyük gəmiqayırma zavodu inşa edilib. Xəzər hövzəsində olan ən böyük beynəlxalq Ələt Dəniz Ticarət Limanı bu il istifadəyə verilməlidir. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi isə tarixi hadisədir. Artıq bir-iki aydır ki, Asiyadan, Avropadan müxtəlif istiqamətlərə gedən yüklər Azərbaycan ərazisindən keçir.
2004-cü ildə elektrik enerjisi idxal edən Azərbaycan bu gün xaricə elektrik enerjisini ixrac edir.
Şimal-Cənub nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri, dəyəri 40 milyard dollardan çox olan “Cənub qaz dəhlizi” layihəsinin əhəmiyyətindən söz açan dövlət başçısı bütün bu layihələri xalq qarşısında tarixi xidmətlər adlandırdı: “Biz fəxr edirik ki, bunları icra etmişik. Bu layihələr, eyni zamanda, uzunmüddətli inkişafımıza şərait yaradır. Biz indi 42 milyard dollar valyuta ehtiyatlarımıza malikik. Bunları nəyin hesabına qazanmışıq? Enerji resurslarının ixracı nəticəsində Bakı-Tbilisi-Ceyhan tikilməsəydi, bu da olmayacaqdı”.

 

Görüləcək işlər, qarşıdakı hədəflər

 

Konfransda dövlət başçısı qarşıdakı hədəflər və bu il görüləcək işlər barədə geniş məlumat verdi. Belə ki, 2018-ci ildə
* üçüncü peykimiz orbitə buraxılacaq;
* 137 modul tipli məktəb tikiləcək;
* 20 min məcburi köçkün yeni evlərlə təmin ediləcək;
* 3 “ASAN xidmət” mərkəzi açılacaq;
* 5 rayonda 100 milyon manatdan çox olan sərmayə layihələri icra ediləcək;
* Bakıda 12 məktəb əsaslı təmir ediləcək;
* 2 şəhərdə olimpiya idman mərkəzləri istifadəyə veriləcək;
* kəndlərdə 100-dən çox məktəb qazlaşdırılacaq;

Prezident həmçinin aidiyyəti qurumlara ciddi tapşırıqlar verərək vurğuladı ki, bu il
* qazlaşdırma 95 faizə çatdırılmalıdır;
* 20 şəhərdə içməli su və kanalizasiya layihələri icra edilməlidir;
* ən azı, 300 subartezian quyusu qazılmalıdır;
* 100 min hektar suvarılmayan torpaqlara su verilməlidir;
* 2300 kilometr avtomobil yolları çəkilməlidir;
* minimum 600 kəndin yolu düzəlməlidir;
* 6 şəhərdə yeni rayon mərkəzi xəstəxanalarının tikintisi başa çatmalıdır;
* 2 rayonda mərkəzi xəstəxanaların tikintisi aparılmalıdır;
* 7 min ailə özünüməşğulluq proqramına cəlb ediləcək;
* Qəbələ şəhərinə dəmir yolunun çəkilişi başlanmalıdır;
* Ələt Dəniz Ticarət Limanının tikintisi bu il başa çatmalıdır;
* MİDA-nın Yasamal layihəsində evlərin bir hissəsi təqdim edilməlidir;
* “SOCAR Polymer” və gübrə zavodlarının açılışı nəzərdə tutulur;
* Masallı, Hacıqabul, Sabirabad sənaye məhəllələri bu il fəaliyyətə başlaya bilər;
* 10 yeni xalça fabrikinin açılışı nəzərdə tutulur;
* Mingəçevir Yüngül Sənaye Parkının ilk zavodlarının açılışı gözlənilir;

Ölkə iqtisadiyyatının inkişafı ilə bağlı heç bir problemin yaranmadığını, maliyyə vəziyyətinin çox sabit və müsbət olduğunu bildirən dövlət başçısı bütün verilən tapşırıqların ilin sonuna qədər yerinə yetirilməsinin vacibliyini vurğuladı.

Yeni hədəflərə çatmaq üçün fəaliyyət istiqaməti düzgün qurulmalıdır

 

Bu gün təhlükəsizlik, əmin-amanlıq, sabitlik şəraitində öz yolu ilə uğurla gedən Azərbaycan inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə dünyada nümunəvi ölkələrdən biridir. Çünki Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməlində Azərbaycan vətəndaşının maraqları dayanır. Ölkədəki həmrəylik, sabitlik, əlverişli biznes mühiti Azərbaycanın beynəlxalq nüfuzunu artrır, ölkədə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilir. Sabitliyin mənbəyi isə xalqın iradəsidir, xalq-iqtidar birliyidir.

Əminliklə söyləyə bilərik ki, bu gün Azərbaycan inkişaf və tərəqqi dövrünü yaşayır. Həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf göstəriciləridir. Xüsusilə, regionların sosial-iqtisadi inkişafı ilə bağlı mərhələli proqramların qəbul və icra olunması hər bir bölgənin tarazlı inkişafını təmin edib.
Əlbəttə ki, görülən bütün işlər və əldə edilmiş nəticələr deməyə əsas verir ki, Azərbaycan bu gün uğurla, sürətlə inkişaf edən ölkədir. Ancaq Prezident İlham Əliyev diqqətə çatdırdı ki, əldə edilmiş uğurlarla kifayətlənməməli, daim önə baxaraq növbəti illərdə görüləcək işlərlə bağlı fəaliyyət istiqaməti düzgün qurulmalıdır.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”