Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Dillər Universiteti Kiyev Milli Linqvistik Universiteti ilə əməkdaşlığa başlayır

30 Yanvar 2018
Yanvarın 30-da Azərbaycan Dillər Universiteti (ADU) ilə Ukraynanın Kiyev Milli Linqvistik Universiteti arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında müqavilə imzalanıb.

ADU-dan AZƏRTAC-a bildirilib ki, müqavilədə iki nüfuzlu ali təhsil müəssisəsi arasında təhsil və elm sahələrində uzunmüddətli əməkdaşlıq, qabaqcıl təcrübənin tədris prosesində tətbiqi, akademik, elmi və mədəni əlaqələrin qurulması nəzərdə tutulur. Sənədi ADU-nun rektoru, akademik Kamal Abdulla və Kiyev Milli Linqvistik Universitetinin rektoru, professor Roman Vasko imzalayıblar.

İmzalanma mərasimində ADU-nun Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə aprel-may aylarında keçiriləcək “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans barədə də söhbət açılıb. Roman Vasko rəhbərlik etdiyi universitetin həmin tədbirdə iştirak edəcəyini bildirib. Qeyd edilib ki, konfransın 10-a qədər ölkədə keçiriləcək bölmə iclaslarından biri də Kiyev Milli Linqvistik Universitetində təşkil olunacaq.