Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanda vərəmlə xəstələnmənin dinamikasında azalma baş verib

30 Yanvar 2018
 

“Vərəm ən çox yayılmış yoluxucu xəstəkliklərdən biridir. Dünyada 2015-ci ildə 10,4 milyon insan vərəmlə xəstələnib, onlardan 5,9 milyonu (56 faiz) kişi, 3,5 milyonu (34 faiz) qadın və 1 milyonu (10 faiz) uşaq olub. İl ərzində 9 milyondan artıq insan vərəmə yoluxur və 1,8 milyon nəfər isə bu xəstəlikdən dünyasını dəyişir”.

Bu fikirləri dünən Milli Məclisdə keçirilən “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycan Respublikasında vərəmlə mübarizə” mövzusunda dinləmədə parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov söylədi.

Komitə sədri bildirdi ki, vərəm xəstəliyi dünya üzrə 10 ən çox yayılmış ölüm halları siyahısındadır: “Vərəm İİV və malyariyadan daha çox ölümə səbəb olub. 2015-ci ildə dünyada 1 milyon uşaq vərəmlə xəstələnib və 210 min uşaq bu xəstəlikdən dünyasını dəyişib. Azərbaycanda isə son 5 ildə vərəmlə xəstələnmənin dinamikasında azalma müşahidə olunur”.

Qeyd olundu ki, hazırda respublikada vərəm xəstəliyi ilə mübarizə aparan tibb müəssisələri mövcuddur. Son illər ərzində bu müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində müəyyən işlər görülüb. Vərəm xəstəliyinin aşkarlanması, diaqnostikası və müalicəsinin yaxşılaşdırılması məqsədilə Nazirlər Kabineti “2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı” təsdiq edib və uğurla həyata keçirilir. Eyni zamanda bu istiqamət üzrə genişmiqyaslı tədbirlər nəzərdə tutulub.

Dinləmədə çıxış edən Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirdi ki, vərəm əsasən hava-damcı yolu ilə ötürülən infeksion xəstəlikdir: “Vərəm insan həyatının ən məhsuldar dövrünü əhatə edir. Müalicə olunmayan yoluxucu vərəm xəstəsi 1 ildə 10-15 yeni xəstə yaradır. Vərəm müalicə olunmadıqda əlillik və ölümlə nəticələndiyi üçün bir sosial bəla kimi cəmiyyətin problemi hesab edilir”.

Deputat Məlahət İbrahimqızı isə dedi ki, tarix boyu insanların ölümünə səbəb olan ən ciddi xəstəliklərdən biri vərəmdir. 2050-ci ilə qədər 700 milyon insanın vərəm xəstəliyindən dünyasını dəyişəcəyi qeyd olunur.

Vərəm xəstələrinin qeydiyyatının olmamasının çox ağır fəsadlara yol açdığını deyən deputat Qənirə Paşayeva bu problemə daha çox kənd yerlərində rast gəlindiyini söylədi: “Vərəm xəstəliyinə yoluxan bəzi şəxslər rəsmi qeydiyyata düşmürlər, bu da düzgün addım deyil”.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev gənclərin vərəmlə bağlı müayinəsinin aparılmasının vacibliyini vurğuladı.

Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə dedi ki, əlilliyin verilməsi ilə bağlı prosedurlar elektronlaşdırılıb və bu sahədə bürokratik əngəllər aradan qaldırılır.

Komitə sədrinin fikrincə, davamlı vərəm xəstəliyi daşıyıcısı olanlara müvəqqəti əlillik dərəcəsinin verilməsi ilə bu problemin həllində irəliləyiş əldə edilə bilər.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirdi ki, son illərdə dünya üzrə vərəm epidemiyasının sabitləşməsi meyilləri müşahidə edilməkdədir. Bu əsasən yer kürəsinin iqtisadi artım qeyd olunduğu və yoxsulluqla mübarizədə uğurlar əldə edildiyi regionlara aiddir.

Dinləmədə çıxış edən Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova diqqətə çatdırdı ki, vacib məsələlərdən biri vərəm xəstəliyinin dərmanlara davamlılığıdır: “Bunun iki növü var: çoxsaylı dərmanlara davamlı vərəm, digəri isə onun ən çətin forması olan geniş sayda dərmanlara davamlı vərəm. Bu məsələ ilə bağlı problemlər var. Avropanın ümumi göstəricilərində bu xəstəliyin 2 faizi də ölkəmizin payına düşür”.

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Rəfail Mehdiyev isə qeyd etdi ki, dünyada cəzaçəkmə müəssisələrində vərəmin 20-40 dəfə cəmiyyətdən artıq olması müşahidə edilir. Azərbaycanda isə bu rəqəm 14-dür. Vərəm xəstəliyi keçirmiş şəxslər azadlığa çıxdıqdan sonra onlara xüsusi nəzarət edilməlidir.

Sonra iclasda “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanunda dəyişikliklər edilməsi barədə layihəyə baxıldı. Bildirildi ki, təklif olunan dəyişikliklər qanunun daha da təkmilləşdirilməsinə xidmət edir.

Yekunda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

Səbinə MƏMMƏDOVA,

“Azərbaycan”