Yeniyetmələrdə cinsi inkişafın gecikməsi hormon çatışmazlığı ilə nəticələnə bilər

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yeniyetmələrdə cinsi inkişafın gecikməsi hormon çatışmazlığı ilə nəticələnə bilər

30 Yanvar 2018
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında cinsi inkişafdan geri qalan gənc qızın müalicəsi müsbət nəticələnib.

AZƏRTAC xəbər verir ki, bu barədə klinikanın I mamalıq-ginekologiya kafedrasının dosenti, tibb elmləri namizədi Natəvan Axundova universitetin mətbuat xidmətinə məlumat verib.

Həkimin sözlərinə görə, 18 yaşı olmasına baxmayaraq bu qızın boyu 1,58 metr, çəkisi isə 40 kiloqram olub. O, laborator və instrumental müayinələrdən keçirilib: “Qızın orqanizmində keçid dövrü ilə əlaqədar heç bir əlamət yox idi. Hətta onun süd vəziləri də inkişaf etməmişdi. İlk müraciətdə uşaqlığın və yumurtalıqların ölçülərinin kiçik olduğu görüldü. Müayinələr zamanı xəstədə gonadotropin və estradiolun hormonu, D vitamini və nəzərə çarpacaq dərəcədə dəmir defisitli anemiya aşkar edilib. Müvafiq müalicədən sonra qızda ikincili cinsi əlamətlər inkişaf edilib, uşaqlıq və yumurtalıqların ölçülərində nəzərəçarpacaq böyümə müşahidə edilib. Belə problemlər olduqda müalicənin vaxtında başlanılması reproduktiv (nəsiltörətmə) fəaliyyəti yaxşılaşdırılmaqla yanaşı, onları estrogen hormonu çatışmazlığının yarada biləcəyi fəsadlardan da qoruyur”.

Qeyd edək ki, N.Axundovanın tibb elmləri namizədi, həm də tibb elmləri doktoru elmi dərəcələri almaq üçün təqdim etdiyi dissertasiyaların mövzuları endokrinoloji ginekologiyaya həsr edilib.