Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan muğam sənətinin inkişaf etdirilməsi haqqında yeni qanun layihəsi hazırlanıb

30 Yanvar 2018
 

“2018-ci il hər birimiz üçün çox əlamətdar il olacaq. Həm Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi bu ilə təsadüf edir, həm də ölkənin ictimai-siyasi həyatında çox vacib hadisə olan prezident seçkiləri keçiriləcək. Ona görə hər bir azərbaycanlı fəal olmalı, ölkəmizin uğurlarını alqışlamaqla bu proseslərdə yaxından iştirak etməlidir”. Bu fikirləri dünən Milli Məclisin Mədəniyyət komitəsinin iclasında   komitə sədri Rafael Hüseynov səsləndirdi.

İclasda payız sessiyasında komitənin gördüyü işlər və cari ilin yaz sessiyası üçün qarşıda duran qanunvericilik işləri planı ətrafında müzakirələr aparıldı. Komitə sədri Rafael Hüseynov bildirdi ki, Azərbaycanın dünyada tanınmasında, özünü təsdiq etməsində mədəniyyətimiz son dərəcə vacib rol oynayır. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəyə şəxsən diqqət ayırması isə Azərbaycan mədəniyyətinin inkişafına öz töhfəsini verir. Təsadüfü deyil ki, bu gün Azərbaycan muğamı  dünyanın əksər ölkələrində böyük zövqlə dinlənilir və sevilir.

Qeyd olundu ki, 2017-ci il ümumilikdə Azərbaycan üçün çox uğurlu il olub, eyni zamanda Mədəniyyət komitəsi üçün də əlamətdar hadisələrlə yadda qalıb. Komitə tərəfindən müzakirə olunan və Milli Məclisin plenar iclasına tövsiyə olunan 10 qanun layihəsi mədəniyyət sahəsində bir sıra məsələlərin hüquqi bazasının daha geniş əhatə olunmasına kömək edib.

Heç vaxt Azərbaycanda muğamın indiki qədər diqqət mərkəzində olmadığını deyən komitə sədri bildirdi ki, 2018-ci ili yaz sessiyası üçün müzakirəsi nəzərdə tutulan məsələlərdən biri “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsidir. Muğam haqqında vacib məqamların yer aldığı bu layihə 4 fəsil, 9 maddədən ibarətdir. Layihə hazırlanarkən peşəkar musiqiçilərlə, xanəndələrlə geniş müzakirə aparılıb,  muğamla bağlı ən vacib məqamlar nəzərə alınıb. Artıq “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasının müzakirəsinə hazırdır.

Qeyd edək ki, il ərzində komitədə mədəniyyətin ayrı-ayrı sahələrinə aid bir neçə məsələyə baxılması və qanun layihələrinin müzakirəsi nəzərdə tutulur.

 

Elnur HADIYEV,

“Azərbaycan”