Azərbaycanın Parlamentlərarası İttifaqla əlaqələri inkişaf edir

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanın Parlamentlərarası İttifaqla əlaqələri inkişaf edir

29 Yanvar 2018
Yanvarın 29-da Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqda “12 Plyus Geosiyasi Qrupu”nun katibi, Portuqaliya parlamentinin deputatı Duarte Paçeko ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri görüşdə bu səfərin qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi və əlaqələrin dərinləşməsi üçün yaxşı imkanlar yaratdığını deyib.

Oqtay Əsədov qeyd edib ki, qonağın səfəri ona ölkəmizin əldə etdiyi nailiyyətlər və üzləşdiyi problemlə daha yaxından tanış olmaq imkanı yaradacaq. Səfər çərçivəsində keçirilən görüşlər, həmçinin Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinin qurbanı olan məcburi köçkünlərlə söhbətlər onları narahat edən məsələləri daha yaxından hiss etmək üçün bir fürsət olacaq.

Spiker qeyd edib ki, demokratik, dünyəvi dövlət quruculuğunda inamla addımlayan Azərbaycan Qərbə inteqrasiya yolunda da mühüm nailiyyətlər əldə edib. Avropa İttifaqı və bu nüfuzlu təşkilata üzv ölkələrlə əlaqələrimiz gündən-günə inkişaf edir. İqtisadi sahədə də Avropa İttifaqı ölkəmizin ən böyük tərəfdaşıdır. Azərbaycan regional və qlobal layihələrin reallaşmasında fəal iştirak edir. Təkcə neft deyil, TAP və TANAP kimi qaz xətlərinin işə düşməsi ilə Avropanın enerji təhlükəsizliyi xəritəsi tamamilə dəyişəcək. Müstəqillik illərində Azərbaycan iqtisadiyyatına 230 milyard ABŞ dollarından çox investisiya qoyulub. Bütün bunlarla yanaşı, Azərbaycan dünyada tolerantlığı ilə seçilən, multikultural dəyərlərə böyük önəm verən ölkə kimi tanınıb. Burada bütün dinlərə dövlət dəstəyi var. İnsanlar hansı dinə sitayiş etməsindən asılı olmayaraq, Konstitusiyanın verdiyi bütün hüquqlardan azad istifadə edirlər. Biz Parlamentlərarası İttifaqla əlaqələrimizi bundan sonra da inkişaf etdirmək niyyətindəyik.

Milli Məclisin sədri Oqtay Əsədov cari ilin ölkəmiz üçün yubileylər ili olduğunu xatırladaraq, bu il parlamentin 100 illiyinin təntənəli şəkildə qeyd ediləcəyini vurğulayıb. Bildirilib ki, tədbirə Parlamentlərarası İttifaqın sədri də dəvət olunacaq.

Duarte Paçeko ölkəmizə səfərindən və burada keçirilən görüşlərdən məmnun qaldığını söyləyib. O, təmsil etdiyi qrupun üç qitəni birləşdirdiyini və Parlamentlərarası İttifaqın işində mühüm rol oynadığını deyib. Qonaq Azərbaycanla Parlamentlərarası İttifaq arasında əlaqələrin möhkəmlənməsində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüşdə Parlamentlərarası İttifaqda nümayəndə heyətimizin üzvü, Milli Məclisin komitə sədri Fuad Muradov və digər rəsmi şəxslər iştirak ediblər.