Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Güləm - arı ailəsinin “çörəyi”

29 Yanvar 2018
Arılar çiçək tozunu toplayaraq bal və arı südü ilə qarışdırıb pətəkdəki yuvalara yığır, işçi arılar onları başları ilə yuvaya doldurur və üstünü şirələyirlər. Çiçək tozu bal və arı südü ilə biokimyəvi reaksiyaya girərək konservləşir və nəticədə kimyəvi cəhətdən çiçək tozundan fərqlənən daha qiymətli bir məhsula çevrilir, özündə arı südü, propolis və balın xüsusiyyətlərini birləşdirir. Onu “arı çörəyi”- güləm və ya perqa adlandırırlar.

AZƏRTAC xəbər verir ki, biologiya üzrə fəlsəfə doktoru Mahmud Hümbətov güləmin şəkər və K vitamini ilə daha zəngin, yüksək turşuluğa malik olduğunu söyləyir. Güləm arı balasının qidasıdır, yumurtadan çıxan balalar 3-4 gün onunla qidalanandan sonra böyüyərək işçi arı kimi fəaliyyətə başlayırlar. Arı ailəsi güləmsiz inkişaf edə bilməz.

Bioloq-alimin dediyinə görə, güləm güclü qida və enerji mənbəyidir. Onun tərkibi çiçək tozunda olan maddələrlə yanaşı, üzvi turşular və fermentlərlə də zəngindir. Enterokolit, kəskin və xroniki kolit, disbakterioz, xroniki qəbizlik, nazik və yoğun bağırsaq xəstəliklərində yaxşı təsir göstərir. Yodla zəngin olduğu üçün güləmdən endokrin xəstəliklərdə, şəkərli diabet və endemik zobun profilaktikasında istifadə olunur. Çiçək tozu və güləm qanda xolesterini aşağı saldığına görə ateroskleroz mənşəli xəstəliklərdə, hipertoniya, beyin patologiyaları və ürəyin işemik xəstəliklərində müalicə vasitəsi kimi tətbiq edilir. Çiçək tozu dəmirlə zəngin olduğuna görə qanazlığında, cərrahi əməliyyatlardan sonrakı dövrlərdə, qan itirmələrdə, natrium, maqnezium və mineral duzlarla zəngin olduğu üçün damar xəstəlikləri və su-duz mübadiləsinin pozulmalarında istifadə olunur. Xroniki və kəskin hepatitlərdə, qara ciyər serozunda, prostatit və cinsi xəstəliklərdə istifadə edilir. Orqanizmi ağır metal duzları, şlaklar, zəhərli maddələr və radiasiyadan təmizləyir.

Güləmin qidaya normal və diyetik əlavə kimi tətbiq edilməsi öd ifrazını yaxşılaşdırır, mədə-bağırsağın iltihabını azaldır, yuxarı tənəffüs yollarının iltihabı, bronxit, bronxial astma və vərəm kimi xəstəliklərin profilaktikasında məqsədilə vitamin preparatı kimi qəbul olunur.

Gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı güləm dilin altına qoyulur və tam sorulana kimi saxlanır. Uşaqlara gündə 2 dəfə yarım çay qaşığı verilir.