Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

2018-ci ilin dövlət büdcəsi inkişaf prioritetlərinin reallaşmasına əsaslı zəmin yaradır

28 Yanvar 2018
 

Son 14 ildə Azərbaycan iqtisadiyyatının inkişafında baş verən kəmiyyət, keyfiyyət dəyişiklikləri miqyası və nəticələrinə görə, sözün əsl mənasında, müstəqilliyimiz tarixində analoqu olmayan nailiyyətlər kimi qiymətləndirilə bilər. Bu dövrdə ölkənin ÜDM-i 3,4 dəfə artmış, inkişaf səviyyəsini xarakterizə edən bütün əsas göstəricilər əhəmiyyətli dərəcədə yaxşılaşmış, Azərbaycan regionda ən güclü iqtisadi potensiala malik olan ölkəyə çevrilmişdir.

Bu dövr həm də qlobal iqtisadi böhranlarla yadda qalmışdır. Qürur hissi ilə qeyd etməliyik ki, Azərbaycan qlobal dünya böhranı illərində də öz dinamik inkişafını davam etdirmişdir. Bu təkcə neft amili hesabına olmamışdır. Düşünülmüş, qabaqlayacı tədbirlər, qanunvericilik bazasının möhkəmləndirilməsi, milli maraqların qorunması istiqamətində atılan cəsarətli addımlar ölkə iqtisadiyyatının ahəngdar fəaliyyəti üçün mühüm rol oynamışdır. Beləliklə, dünyada əlverişsiz iqtisadi proseslərin davam etdiyi, qonşu regionlarda silahlı münaqişələrin və qanlı terror aktlarının baş verdiyi illərdə də Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə sabitlik qorunub saxlanılıb, dövlətimizin gücü və beynəlxalq nüfuzu daha da yüksəlib.
Geridə qoyduğumuz 2017-ci il də Azərbaycan üçün möhtəşəm tarixi uğurlarla əlamətdar oldu. İlk növbədə onu vurğulamaq istərdim ki, dövlət başçısı cənab İlham Əliyevin 2016-cı ilin əvvəllərindən başlatdığı yeni iqtisadi islahatlar bu dövrdə öz bəhrəsini göstərməyə başladı. Yanvarın 10-da keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bu barədə deyib: “2017-ci ildə ölkəmiz sürətlə və uğurla inkişaf etmişdir. Həyatımızın bütün sahələrində əldə edilmiş nəticələr ölkəmizin ümumi inkişafına böyük töhfə vermişdir. Azərbaycan xalqı 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşamışdır. Bu gün dünyanın müxtəlif yerlərində risklər, təhlükələr artır, qanlı münaqişələr, qarşıdurmalar geniş vüsət alır. Bir sözlə, dünyada risklər artmaqdadır və görünür ki, bu tendensiyalar hələ davam edəcək. Belə bir mənzərə ilə üzləşərək əlbəttə ki, dünya ictimaiyyəti narahatlıq hissi keçirir. Azərbaycanda isə sabitlik, təhlükəsizlik, normal həyat təmin edilir. Hesab edirəm ki, indiki dünyada mövcud olan mürəkkəb geosiyasi vəziyyəti nəzərə alaraq bizdə bu sahədə əldə edilmiş nəticələr yüksək qiymətə layiqdir”.
Bəli, başa çatan 2017-ci il Azərbaycanın nəinki iqtisadi, həm də beynəlxalq nüfuzu baxımından bir neçə mühüm hadisə ilə əlamətdardır. Bu hadisələrdən biri sentyabr ayının 14-də “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsi üzrə xarici neft şirkətləri ilə yeni sazişin imazalanmasıdır. Bununla da 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə neft hasil olunan sözügedən yataqların işlənilməsində yeni mərhələ başladı. “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycan bir dövlət kimi müstəqilliyini daha da möhkəmləndirdi. Dünya birliyində özünə daha layiqli yer tutdu. Qlobal enerji təhlükəsizliyində aparıcı yerlərdən birini tutdu. Yeni müqavilə isə təbii ki, ölkəmizin əldə etdiyi bu nailiyyətlərin miqyasını daha da artıracaq. İlk növbədə Azərbaycan bir dövlət kimi beynəlxalq mövqelərini möhkəmləndirəcək, enerji təhlükəsizliyi sahəsində aparıcı söz sahibi olaraq qalacaq. Ən əsası yeni müqavilədən sonra Azərbaycana gələcək gəlirlər ölkəmizin inkişafına böyük töhfələr verəcək.
Ötən ilin oktyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qlobal miqyasda söz sahibinə çevrilməsinin növbəti təsdiqi oldu. Bu layihə məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və uzaqgörənliyi nəticəsində həyata keçdi. Prezident İlham Əliyevin sayəsində Gürcüstan və Türkiyə bu layihəyə cəlb olundular. Digər tərəfdən, bu layihənin əsas maliyyəçisi Azərbaycan dövlətidir. Məlum olduğu kimi, ilk vaxtlardan Qərb dövlətləri bu layihəni dəstəkləmədilər. Səbəb isə Azərbaycanın təşəbbüsü ilə icra olunan bu layihənin Ermənistanın iqtisadi blokadasını daha da dərinləşdirməsi idi. Ortaya atılan süni maneələrə baxmayaraq, Prezident İlham Əliyevin böyük qətiyyəti ilə layihə uğurla həyata keçirildi. Onun Azərbaycan və Gürcüstan hissələrini ölkəmiz maliyyələşdirdi. Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Çindən Avropaya və əksinə yük daşımaçılığının daha da sürətlənəcəyini görən Qərb dairələri bu səmərəli tranzit bağlantısını dəstəkləməyə və alqışlamağa başlayıblar. İndi dünyada yük daşımaçılığının artdığı bir vaxtda Prezident İlham Əliyevin bu təşəbbüsünün nə qədər düşünülmüş və vaxtında atılmış addım olduğu daha aydın görünür.
Təbii ki, qədəm qoyduğumuz 2018-ci il də əldə edilmiş uğurların davamı kimi yadda qalacaq. Bunu bir çox amillər, o cümlədən Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin göstəriciləri deməyə əsas verir.
2018-ci ilin dövlət büdcəsi layihəsi büdcə sistemi haqqında qanunun tələblərinə uyğun hazırlanmışdı. Azərbaycan hökuməti, iqtisadi strukturlar əlaqəli şəkildə fəaliyyət göstərmiş, iqtisadi inkişaf proqnozları, Prezident İlham Əliyevin islahatların dərinləşməsi, qeyri-neft sektorunun inkişafını ehtiva edən fərman və sərəncamlarını əsas götürərək konkret hədəflər müəyyən etmişdilər. Biz artıq bir neçə ildir ki, qlobal risklərdən, onun milli iqtisadiyyatlara təsirindən, bu təsirə qarşı qabaqlayıcı tədbirlərin görülməsindən danışırıq. Razılıq hissi ilə qeyd etməliyik ki, Azərbaycan dövlətinin apardığı uğurlu iqtisadi siyasət, hökumətin bu siyasətin reallaşması istiqamətində gördüyü tədbirlər qlobal risklərin təsirlərini xeyli azaltmağa imkan vermişdir. Ona görə də dövlət başçısı xüsusi olaraq vurğulayır ki, ölkədə maliyyə sabitliyi var, respublikanın maliyyə resursları artır, daha irimiqyaslı layihələrin həyata keçirilməsi imkanları genişlənir. Onu göstərmək kifayətdir ki, Azərbaycan dövləti 2017-ci ildə valyuta ehtiyatlarını artırmış, tədiyə balansında müsbət saldoya nail olmuş, gələcəyə hədəflənmiş layihələrin maliyyələşdirilməsini davam etdirmiş, 2018-ci ildə davamlı inkişaf, sosial tərəqqi meyillərini gücləndirməyə əsas yaradan dövlət büdcəsi formalaşdırmışdır.
İlk növbədə dövlət büdcəsinin gəlirləri 2017-ci il üzrə təsdiq olunmuş proqnozu ilə müqayisədə 20 faiz, 2016-cı illə müqayisədə 15 faiz çoxdur. Bunlar kifayət qədər böyük artımdır. Müqayisə üçün onu da qeyd edim ki, 2018-ci il üçün nəzərdə tutulmuş büdcə xərcləri 2005-ci ilin cəmi dövlət büdcəsindən 1,7 dəfə çox, 2006-cı ilin dövlət büdcəsinin 87 faizinə bərabərdir. Diqqəti cəlb edən məqam bir də odur ki, dünya bazarında neftin qiyməti 2005 və 2006-cı illərdə 53,4 və 64,3 dollar idi, yəni 2018-ci il üçün dövlət büdcəsinin formalaşmasında nəzərdə tutulan 1 barel neftin qiymətindən çox olduğu bir şəraitdə dövlət büdcəsinin gəlirləri cəmi 4 milyard manatdan da az idi.
Eyni zamanda büdcə-vergi siyasəti ümumi makroiqtisadi siyasətin tərkib hissəsi olmaqla real gözləntilər və proqnozlar üzərində qurulmuşdur. Bu siyasət davamlı, həm də uzunmüddətli keyfiyyətli inkişaf məqsədlərinə xidmət edir, müxtəlif fiskal riskləri nəzərə alır və müvafiq maliyyə ehtiyatlarını formalaşdırır. Layihənin müsbət cəhətlərindən biri də odur ki, dövlət və icmal büdcə layihələri ortamüddətli xərclər və gəlirlər çərçivəsinə uyğun tərtib edilmiş, icra zamanı meydana çıxan yeni öhdəliklərin bu çərçivədən kənara çıxmaması üçün zəruri mexanizmləri özündə ehtiva edir, bu çərçivənin davamlılığını təmin etmək üçün büdcə təşkilatlarının xərclərinə ortamüddətli yuxarı hədlər tətbiq olunur.
2018-ci ildə Azərbaycan Respublikasının Vergilər Nazirliyi üzrə proqnoz məbləği ÜDM-in 11,4 faizi həcmində olmaqla 7 milyard 907 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin proqnozundan 3,4 faiz, 2016-cı ilin faktı ilə müqayisədə isə 12,7 faiz çoxdur. Dövlət Neft Fondundan transfertlər nəzərə alınmadan Vergilər Nazirliyi xətti üzrə 2018-ci ildə vergi daxilolmalarının ümumi büdcə gəlirlərində xüsusi çəkisi 72,5 faiz təşkil edəcəkdir.
Dövlət büdcəsi layihəsində Gömrük Komitəsi xətti üzrə daxilolmaların proqnozu ÜDM-in 3,5 faizi həcmində olmaqla 2,4 milyard manat nəzərdə tutulur. Hazırda Azərbaycan hökuməti, Dövlət Gömrük Komitəsi Prezident İlham Əliyevin sahibkarlığın inkişafı, milli iqtisadiyyatın qorunması ilə bağlı tapşırıqlarına əsasən, tətbiq olunan gömrük idxal rüsumlarının çoxpilləli sistemdən azpilləli sistemə keçirilməsi və idxal mallarına münasibətdə gömrük-tarif mexanizminin daha da təkmilləşdirilməsi prosesi gedir. İdxal yönümlü malların istehsalı sahələrinin xarici rəqabətin mənfi təsirindən qorunması məqsədilə istehsal prosesində istifadə olunan və ölkədə tələbata adekvat həcmdə istehsal potensialı olmayan xammal, aralıq məhsul (yarımfabrikat) və istehsal vasitələri üzrə dərəcələrin azaldılması, habelə hazırda ölkədə istehsal olunan və istehsal potensialı yüksək olan məhsullar üzrə rüsumların artırılması və ya spesifik rüsumların tətbiq edilməsi istiqamətində konkret tədbirlər görülür ki, bu da Dövlət Gömrük Komitəsi üzrə büdcə tapşırıqlarının yerinə yetirilməsinə, respublikanın xarici iqtisadi əlaqələrinin səmərəsinin yüksəlməsinə öz müsbət təsirini göstərəcəkdir.
Tarixi təcrübə göstərir ki, təbii resurslarla zəngin olan ölkələr dövlət büdcələrini formalaşdırarkən resurs amilinə xüsusi fikir verir. Dövlət büdcəsinin formalaşdırılmasında 1 barel neftin qiyməti çox müzakirə olunan məsələlərdən biridir. Büdcədə neftin qiyməti nə qədər götürülməlidir sualına optimal cavab tapmaq üçün dünya bazarında neftin qiymətinin dəyişməsi meyilləri ətraflı təhlil edilib, ekspert qiymətləndirmələri aparılıb və neftin qiymətində konsensus formalaşıb. Hökumət dövlət büdcəsində 1 barel neftin qiymətinin 45 dollar olmasını məqbul sayıb. Bu rəqəm reallığı, baş verə biləcək riskləri nəzərə alır. Bəziləri bu rəqəmin az, bəziləri yüksək olduğunu qeyd edirlər. Əlbəttə, bu rəqəm daha çox və ya daha az ola bilərdi. Lakin birinci halda hökumət daha çox risklərə məruz qalardı. İkinci halda, biz iqtisadi, sosial inkişafımızdan geri qalar, bir çox mühüm layihələrin reallaşmasında çətinliklərlə üzləşərdik. Hökumət belə hesab edir ki, 2018-ci il üçün neftin barelinin 45 dollar müəyyən edilməsi qarşıya qoyulan hədəflərə nail olmağa imkan verəcək. Bununla əlaqədar olaraq biz belə bir sadə təhlil apardıq: son 15 ilin təcrübəsi göstərir ki, dövlət büdcəsinin gəlirləri, bir, iki il istisna olmaqla ildə 1,8-2 milyard manat artır. Ən yüksək artım 2007-2008-ci illərdə olub - 4 milyard manat (1 barel neftin qiyməti 2007-ci ildə 71,1 dollardan 2008-ci ildə 96,5 dollara yüksəlib), 2011-ci ildə dövlət büdcəsinin gəlirlərinin 4,3 milyard manat artımının əsas səbəbi isə o idi ki, 2010-cu ildə neftin qiyməti 79 dollardan 2011-ci ildə 104 dollara yüksəlmişdi. Azərbaycan hökuməti sürətlə artan neft gəlirlərindən ölkə iqtisadiyyatının möhkəmlənməsi, vacib strateji vəzifələrin həyata keçirilməsi üçün istifadə etdi. Məhz belə yanaşma nəticəsində yaradılan maliyyə-iqtisadi baza imkan verdi ki, neftin qiymətinin 45 dollar olduğu şəraitdə Azərbaycan dövləti büdcə gəlirlərini 3,3 milyard manat, xərclərini isə 3,9 milyard manat artırsın. Aparılan hesablamalar sübut edir ki, neftin qiymətinin 50-65 dollar civarında artım meylinin orta müddətdə də davam etməsi büdcə gəlir və xərclərinin əsas parametrlərinin səviyyəsinin digər ölkələrlə müqayisədə ölkəmizin mövqeyinin daha da möhkəmləndirilməsinə, 2015-ci il devalvasiyanın mənfi nəticələrinin aradan qaldırılması prosesinin sürətləndirilməsinə müsbət təsir göstərəcəkdir.
Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan hökumətinin dövlət büdcəsində neftin qiyməti, Neft Fondunun vəsaitlərindən istifadə edilməsi ilə bağlı yanaşması milli iqtisadiyyatın, xüsusilə də qeyri-neft sektorunun inkişafı, qlobal risklərdən qorunmaq, gələcək keyfiyyətli tərəqqi üçün möhkəm iqtisadi baza yaratmaq baxımından tamamilə düzgündür. Neft Fondundan daha az vəsait götürülməlidir fikirləri təbii ki, başa düşülən bir niyyətdir. Onun əsas hissəsini gələcək nəsillərə saxlamaq lazımdır. Amma gələcək nəsillər naminə, ilk növbədə, iqtisadiyyatımızın, iqtisadi müstəqilliyimizin fundamental əsaslarının daha güclü olması üçün, qlobal risklərin, digər risklərin hələ də mövcud olduğu şəraitdə konkret işlər görülməlidir. Bir sözlə, gələcək naminə görülən işlər çoxdur. Onların icrasını yubatmaq bir müddətdən sonra ölkəyə daha baha başa gələ bilər. Dollar ifadəsində Dövlət Neft Fondundan transferlər 2012-2016-cı illərlə müqayisədə o qədər də artmayıb.
Valyuta ehtiyatları milli iqtisadiyyatı inkişaf etdirmək, dövlətimizin iqtisadi təhlükəsizliyini təmin etmək üçün güclü vasitədir. Bu vasitəni müstəqil Azərbaycan dövləti yaradıb. Ona görə də bəzən səslənən “holland sindromu”, “lənətlənən neft dollarları” kimi fikirləri Azərbaycana aid etmək, neft amili hesabına görülən irimiqyaslı işləri qiymətləndirməmək yanlış, milli mənafelərimizə xələl gətirən baxışların heç bir əsası yoxdur. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkənin birmənalı sahibinə çevrilib.
Rəqəmlərə müraciət edək: dövlət büdcəsi gəlirlərində neft sektorunun xüsusi çəkisi 55,1 faiz təşkil edir ki, bu da 2009-2015-ci illərdəki rəqəmlərdən azdır. Bir faktı xüsusi olaraq qeyd etmək istərdim. Ötən il tarixi bir hadisəni - Azərbaycanın 2 milyardıncı ton neftinin çıxarılmasını qeyd etdik. 2 milyard ton neftin 700 milyon tonu müstəqillik dövründə hasil edilib. Qalan 1,3 milyard neftin əsl sahibi Azərbaycan olmayıb. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin hesabına ulu öndər Heydər Əliyevin neft strategiyasının reallaşması Azərbaycan iqtisadiyyatına 150 milyard dollar investisiya gətirib, müstəqilliyimiz qorunub. Respublikamız müstəqillik dövründə, xüsusilə də XX əsrin 90-cı illərində çox ağır çətinliklərlə üzləşsə də, özünü qoruyub, ilk növbədə, neft amili hesabına sözü, gücü olan bir dövlətə çevrilib.
Prezident İlham Əliyevin tarixi yaddaşımız, bu gün, eləcə də gələcək nəsillər üçün böyük məna daşıyan fikirlərini bir daha xatırlamaq yerinə düşərdi: “Dayanıqlı inkişaf üçün qeyri-neft sektoru inkişaf etməlidir. Çünki bu, ölkə iqtisadiyyatının şaxələndirilməsinə xidmət göstərir və bu sahədə çox böyük nailiyyətlər var. Mən dəfələrlə demişəm ki, prioritet istiqamət qeyri-neft sektorudur. Biz bu gün iqtisadi müstəqilliyi təmin etmişik. İqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır. Azərbaycan dünya miqyasında müstəqil siyasət aparan nadir ölkələrdən biridir. İqtisadi müstəqillik isə neftçilərin zəhməti hesabına təmin edilir”.
Respublikanın dövlət büdcəsinə Neft Fondundan transfert obyektiv zərurətdir. Hamıya məlumdur ki, Neft Fondundan istifadə ciddi nəzarət, şəffaflıq şəraitində həyata keçirilir və çox mühüm ehtiyaclara, dövlətin iqtisadi, sosial təhlükəsizliyinin təmin edilməsinə yönəldilir.
2018-ci il dövlət büdcəsinin xərcləri 2017-ci illə müqayisədə 16,5 faiz, 2016-cı ilin faktiki icrası ilə müqayisədə isə 17,8 faiz çox nəzərdə tutulur. 2018-ci il dövlət büdcəsində əsaslı xərclər üçün 2017-ci ilə nisbətən 46 faiz çox vəsait nəzərdə tutulub. Onun dövlət büdcəsi xərclərində xüsusi çəkisi 37,7 faiz təşkil edəcək ki, bu da 2017-ci ilə nisbətən 7,6 faiz çoxdur.
Əsaslı xərclərin tərkib hissəsi olan dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri 62,5 faiz təşkil edəcək ki, bu da bir sıra strateji layihələrin vaxtında icrası üçün çox vacibdir. Ümumilikdə gələn il əsas kapitala investisiya qoyuluşları 15,9 milyard manat, xarici investisiyaların 7,7 milyard manat, daxili investisiyaların 8,2 milyard manat olacağı proqnozlaşdırılır. Qeyri-neft sektoruna isə 9,5 milyard manat investisiya yatırılacağı gözlənilir.
Dövlət büdcəsinin nəzərdə tutulmuş xərcləri iqtisadi islahatları davam etdirmək, dövlətin müdafiə qabiliyyətini gücləndirmək, iqtisadi, ərzaq, ekoloji təhlükəsizliyi təmin etmək, investisiya və sosial, regional inkişaf proqramlarının, qeyri-neft sektorunda yeni istehsal və xidmət müəssisələrinin yaradılması, emal sənayesinin və onun strukturunun təkmilləşməsi, ölkədə içməli su və qaz təchizatının yaxşılaşdırılması, kanalizasiya və meliorasiya sistemlərinin yeniləşdirilməsi və müasir tələblər səviyyəsində qurulması və kənd yollarının tikintisi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, elektron hökumətin genişləndirilməsi və digər mühüm problemlərin həlli üçün maliyyə təminatı yaradacaq.
Ötən əsrin 90-cı illərinin ikinci yarısından hökumətin qarşısında duran mühüm vəzifələrdən biri dövlət büdcəsinin ÜDM-də xüsusi çəkisini tədricən qaldırılması idi. Çünki büdcənin gəlir və xərclərinin ÜDM-də xüsusi çəkisinin 13-15 faiz arasında olması dövlətin bir sıra vacib funksiyalarının həyata keçirilməsinə imkan vermirdi. Son illərdə həyata keçirilən iqtisadi islahatların səmərəliliyinin artması, iqtisadi siyasətin prioritet istiqamətlərinin düzgün müəyyənləşdirilməsi, özünü doğrultmuş beynəlxalq təcrübədən bəhrələnmə və digər iqtisadi-təşkilati tədbirlər dövlət büdcəsinin əsas parametrlərinin ÜDM-də xüsusi çəkisinin 2 dəfədən çox artmasına imkan yaratdı ki, bu da Azərbaycan dövlətinin konstitusion funksiyalarının daha geniş şəkildə həyata keçirilməsinin iqtisadi-maliyyə əsaslarını möhkəmləndirdi. Son 5 ildə dövlət büdcəsinin ÜDM-də xüsusi çəkisi 27-33 faiz arasında tərəddüd edir.
Son 15 ildə dövlət büdcəsinin tərtibi təcrübəsi xeyli təkmilləşmiş, onun dövlətin ali maliyyə sənədi kimi respublikanın gələcək inkişaf parametrlərinin müəyyən edilməsində rolu əhəmiyyətli dərəcədə artmışdır. Qazanılmış təcrübə uzun müddətə müəyyən edilmiş inkişaf proqnozlarında büdcə gəlirlərinin artırılmasının vacib hədəflərindən biri kimi götürülməlidir. Bu, ilk növbədə, adambaşına düşən büdcə gəlirlərinin artırılması, səviyyəsinə görə qabaqcıl ölkələr səviyyəsinə, BMT-nin davamlı inkişaf məqsədlərinə çatmaq, keyfiyyətli həyat göstəricilərini yaxşılaşdırmaq üçün vacibdir. Təbii ki, bu göstəricinin artması ÜDM-in, eləcə də büdcə gəlirlərinin dəyişməsi meyillərinin intensivliyi, həmçinin neft amilindən istifadə edilməsi, hökumətin neftin qiymətinə (ehtiyatla) əsaslı yanaşması mövqeyi ilə əlaqədardır.
Milli Məclisdə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı xüsusi olaraq vurğulandı ki, dövlət əsaslı vəsait qoyuluşu xərclərinin strukturunu təkmilləşdirmək, həmin vəsaitdən daha da səmərəli istifadəyə nəzarəti gücləndirmək, dövlət investisiya xərcləri ilə müvafiq inkişaf proqramları arasında sistemliliyi təmin etmək, investisiya xərclərinin ilk növbədə başa çatdırılması nəzərdə tutulan layihələrə yönəltmək qarşıdakı dövrdə mühüm vəzifələrdən hesab edilməlidir.
Bu il respublikada bir neçə zəruri yeni təşkilatlar yaranacaq ki, onlar üçün də dövlət büdcəsində müvafiq vəsait nəzərdə tutulmuşdur. Biz Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasını çox müsbət addım kimi qiymətləndiririk. Çünki qida təhlükəsizliyi dünyada ən narahatlıq doğuran bir məsələdir. Hələ də keyfiyyətsiz malların istehsalı, idxalı bir reallıqdır. Dövlət başçısının təşəbbüsü ilə Milli Məclis sahibkarların fəaliyyətinin yoxlanılmasını 2021-ci ilin 1 yanvarına kimi uzatdı. Eyni zamanda bu qanunun 2.1-ci maddəsinə ciddi bir əlavə edildi. Bu dəyişiklik dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalara şamil edilmir.
Dövlət büdcəsində regionların sosial-iqtisadi inkişafına yönəldilən vəsaitlərin artırılması planlaşdırılıb. Ümumiyyətlə, son illərdə respublikada regionların inkişafı ilə əlaqədar görülən işlərin miqyası kifayət qədər yüksəkdir. Hər bir rayonda iqtisadi fəallığın artması, istifadə olunmayan ehtiyatların aşkar olunması, kənddə daha qaynar həyatın formalaşması üçün böyük işlər görülür. Bu çox mühüm yüksəliş amilidir. Kənd təsərrüfatına dövlət dəstəyinin artırılması, yerlərdə ayrı-ayrı məhsullar üzrə ixtisaslaşmaya üstünlük verilməsi, xammal emalı ilə məşğul olan müəssisələrin yaradılması, ayrı-ayrı təsərrüfatların, şirkətlərin istehsal etdikləri məhsulların daxili tələbatla yanaşı ixraca da yönəldilməsi, bu işlərin sistemli aparılması, müvafiq assosiasiyaların fəaliyyətinin canlanması - bütün bunlar aqrar sektorun ölkə iqtisadiyyatında, kənddə həyat səviyyəsinin, məşğulluğun yüksəlməsində rolunun artmasına əhəmiyyətli dərəcədə təsir edəcəkdir.
Dövlət başçısının qeyd etdiyi kimi Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda gedən proseslərə yüksək qiymət verirlər, eyni zamanda Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək dünya miqyasında 35-ci yerdə qərarlaşıb. Bu, çox böyük nailiyyətdir, ilk növbədə onu göstərir ki, hətta iqtisadi cəhətdən o qədər də asan olmayan ildə də biz inkişaf edirik. Bütün bunlar isə 2018-ci ilin də ölkəmiz üçün uğurlu olacağına əminliyimizi bir qədər də artırır.
Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında cənab İlham Əliyev vacib bir layihənin də dövlət investisiya proqramında nəzərdə tutulduğunu bildirdi. Bu da Ləki-Qəbələ dəmir yolunun tikintisidir. Bu layihəni reallaşdıran Azərbaycan həm nəqliyyat infrastrukturunu, həmçinin turizmi inkişaf etdirmiş olacaq.
Bir qayda olaraq Milli Məclisdə dövlət büdcəsinin müzakirəsi zamanı xarici borclanma məsələsi də diqqət mərkəzində olur. Bu da təbiidir. Dövlət borcu ölkənin maliyyə vəziyyəti, onun dayanıqlığı ilə bilavasitə əlaqədardır. Eyni zamanda qloballaşan dünyada elə bir tanınmış ölkə yoxdur ki, borcu olmasın. Borclanma və borc vermə müasir dünya iqtisadiyyatının vacib elementlərindən biridir. Müstəqil Azərbaycan dövlətinin apardığı borclanma siyasəti milli maraqlara, iqtisadi təhlükəsizliyə cavab verən siyasətdir. Onun indiki həddi kifayət qədər məqbuldur. Azərbaycan ən az xarici borcu olan 10 dövlətdən biridir.
Ölkənin kifayət qədər maliyyə resursları var, maliyyə sistemində müsbət meyillər güclənir. Büdcə gəlirlərinin formalaşmasında, büdcənin icrasında, borclanmada heç bir ciddi problemlər yoxdur. Xarici investorlar qarşısında öhdəliklərimiz uğurla həll edilir. Bununla belə dövlət başçısı ölkənin xarici borcunun azaldılmasını vacib bir vəzifə kimi qarşıya qoymuşdur.
Bununla yanaşı, qeyd olunmalıdır ki, dövlətin orta və uzunmüddətli borc siyasəti strategiyası hazırlanmışdır. Strategiyada borcun tədricən azaldılması növbəti ildən başlayaraq dövlətin birbaşa və dövlət zəmanəti əsasında dövlət müəssisələrinin xarici kredit qurumlarından borc almasının sərt çərçivələri müəyyən olunmuş və yalnız ölkənin prioritet hesab edilən layihələrinin maliyyələşdirilməsi üçün kredit vəsaitlərinin cəlb edilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli fərmanı ilə “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası” təsdiq edilmişdir. Eyni zamanda qeyd edilən fərmanın müvafiq bəndinin icrasını təmin etmək məqsədilə dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması qaydalarının pozulmasına görə məsuliyyət müəyyən edilən qanun və onların tətbiq edilməsi barədə müvafiq fərman layihələri hazırlanmışdır.
2018-ci il dövlət büdcəsində Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu üçün 200 milyon manat, dövlət büdcəsinin Ehtiyat Fondu üçün 100 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da əvvəlki ilin səviyyəsindədir. Prezidentin Ehtiyat Fondunun səmərəli istifadə olunması ilə bağlı görülən tədbirlər birmənalı şəkildə ölkədə iqtisadi fəallığı canlandırmaq, sosial vəziyyəti daha da yaxşılaşdırmaq məqsədlərinə xidmət edir.
Biz belə bir müqayisəli təhlil apardıq. İnkişaf etmiş ölkələrdə büdcə xərclərinin ÜDM-ə nisbəti ilə inkişaf etməkdə olan ölkələri müqayisə etdik. Son 20 ildə inkişaf etmiş ölkələrdə büdcə xərclərinin ÜDM-ə nisbəti o qədər sürətlə dəyişməmişdir, səbəb odur ki, onlarda artıq sosial sahələr formalaşmış və inkişaf etmiş maliyyələşmə sistemi fəaliyyət göstərir. Ona görə də bu ölkələrin dövlət büdcəsində sıçrayışlı sosial-iqtisadi tədbirlər nadir hallarda həyata keçirilir. Amma inkişaf etməkdə olan, müstəqilliyi 25 il bundan əvvəl əldə etmiş ölkələrdə bu kimi sıçrayışlı, sürətli tədbirlərin həyata keçirməsinə ehtiyac var. Manatın devalvasiyası bu müsbət dinamikanı müəyyən dərəcədə ləngitdi. 2018-ci ilin dövlət büdcəsinin təhlili göstərdi ki, hökumət, Maliyyə Nazirliyi bu göstəricini daim nəzarətdə saxlayır. Bir qayda olaraq inkişaf sürəti artdıqca, gəlirlər çoxaldıqca, xərclərin ümumi artımı ilə yanaşı, onun strukturu da təkmilləşəcək və bu proses qarşıdakı illərdə daha keyfiyyətli, milli maraqlara cavab verən istiqamətdə tənzimlənəcək.
Ümumiyyətlə, dövlət büdcə xərcləri ilə iqtisadi inkişaf, iqtisadi artım arasında nisbətin sistemli təhlili ciddi araşdırmalar, vaxtilə formalaşmış iqtisadi baxışların bu günün reallıqları baxımından qiymətləndirilməsini tələb edir. Azərbaycanda formalaşmış iqtisadi potensial, strateji planlaşdırma və proqnozlaşdırma üçün əlverişli şəraitin yaranması ölkənin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi istiqamətində atılan mütərəqqi addımlar iqtisadi artım ilə dövlət büdcəsi arasındakı qarşılıqlı əlaqə və asılılığın daha səmərəli olması imkanlarını genişləndirir.
Ölkənin tədiyə balansında baş verən dəyişiklər onu göstərir ki, 2007-2017-ci illərdə yalnız bir dəfə idxal ixracı ötmüşdür. Bu gün respublika özünün tədiyə balansının əsas göstəricisinə görə MDB məkanında Rusiya, Qazaxıstanla bərabər müsbət saldosuna görə fərqlənir. Amma tədiyə balansının göstəricilərini daha da yaxşılaşdırmaq imkanları böyükdür.
Milli Məclisdə dövlət büdcəsinin müzakirəsi prosesində bir məqam da diqqəti cəlb etdi. Bir tərəfdən büdcə sisteminin təkmilləşməsi, orta müddətli büdcə tərtibinə keçilməsi, iqtisadi, sosial inkişaf proqnozlarının reallığının artırılması, vergi sistemində şəffaflığa, vergi mədəniyyətinin yüksəlməsinə xidmət edən dəyişikliklərin davam etdirilməsi, digər tərəfdən dövlət büdcəsinin geniş, ətraflı müzakirəsi, büdcə zərfinə daxil olan qanun layihələrinin vaxtında Milli Məclisə təqdim edilməsi belə bir fikri qeyd etməyə əsas verir ki, ölkədə ictimaiyyətin daha geniş məlumatlandırılması prosesi inkişaf edir ki, bu da maliyyə nəzarəti sisteminin səmərəliliyinin yüksəlməsinə, şəffaflığın artırılmasına əməli kömək edə bilər.
Milli Məclisin deputatları bu fikirlə razıdırlar ki, vətəndaş cəmiyyəti həm də ona görə səmərəli şəkildə qurula bilər ki, dövlətin maliyyə resurslarına, dövlət ehtiyatları üçün alınan malların qiymətlərinin şişirdilməsinə nəzarətin təşkilində həm də qeyri-dövlət strukturları, qeyri-hökumət təşkilatları cəlb edilsin. Bu strateji xətt artıq bizim ölkədə reallaşır və onun perspektivi çox böyükdür. Təbii ki, maliyyə resurslarından səmərəli istifadə, şəffaflıq problemlərinin qısa zaman kəsiyində tam həlli qeyri-mümkündür. Bu, bu günün də, sabahın da, gələcəyin də problemidir. Bu bir həqiqətdir ki, son illərdə respublikamızın sosial-iqtisadi inkişafında əldə etdiyi uğurlar birmənalı şəkildə onu deməyə əsas verir ki, ölkənin maliyyə sistemi ildən-ilə təkmilləşir, beynəlxalq təcrübədə özünü doğrultmuş iqtisadi mexanizmlərdən istifadə dairəsi genişlənir, iqtisadi inkişaf strategiyasının qanunvericilik bazası möhkəmlənir. Bütün bunlar Azərbaycan Respublikasında keyfiyyətli iqtisadi yüksəlişin təmin edilməsində dövlət büdcəsinin rolunu əhəmiyyətli dərəcədə artırır.

Ziyad SƏMƏDZADƏ,
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik