
Qəhrəmanların əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq
Vətən uğrunda canını fəda etmiş hər bir Azərbaycan vətəndaşının xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Şəhidlər qürurumuz, onların həyat və fəaliyyətləri ibrət mənbəyimizdir. Onlardan biri də Milli Qəhrəman Tofiq Hüseynovdur.
Xocalı şəhərində anadan olmuş T. Hüseynov məktəbdə hərbi hazırlıq müəllimi işləyirdi. Hərbi zabit idi. Hərbçi bilik və bacarığına malik olduğundan Xocalıda özünümüdafiə dəstəsinin yaradılmasında və formalaşdırılmasında fəal iştirak etmişdi. Döyüşçülər arasındakı nüfuzu və şəxsi keyfiyyətləri sayəsində tabor komandiri təyin olunmuşdu.
Tofiq və döyüşçüləri təhlükəli hərbi əməliyyatlar həyata keçirir, şücaətləri, igidlikləri ilə seçilirdilər. Tofiq “Mixaylo” ləqəbi ilə tanınırdı. O və döyüşçüləri dəfələrlə düşmən arxasına keçmişdilər. Hər dəfə də ermənilərin atəş nöqtələrini, hərbi texnikasını, silah-sursatını, canlı qüvvəsini məhv edərək geri dönmüşdülər. Hətta bir dəfə düşmənin reaktiv yaylım atəşi qurğusunu partlatdıqdan sonra bir dəstə erməni yaraqlısını əsir ala bilmişdilər. Bu əməliyyatdan sonra Tofiq Hüseynovun hərbi rütbəsi artırılmışdı.
Lakin o zaman vahid komandanlıq altında nizami ordu yaradılmadığından Xocalının müdafiəsini qurmaq və şəhəri işğaldan qorumaq mümkün olmadı. Buna rəğmən, o müdhiş gecə - ermənilərin Xocalıda törətdikləri soyqırımı zamanı Tofiq və onun sədaqətli döyüşçü dostları doğma yurdu tərk etmədilər. Tofiq Hüseynov axıra qədər mənfur düşmənlə döyüşən igidlərimizdəndir. Sursatı tükəndikdə sonuncu qumbaranı köksünə sıxıb onu diri tutmağa çalışan düşmənin yaxınlaşmasını gözləmiş, özünü partladaraq son nəfəsində də bir neçə qulduru məhv etmişdi. Bu hadisədən sonra ona Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdi.
Təəssüflə qeyd etmək istəyirəm ki, o dəhşətli gecə yüzlərlə xocalılı ilə bərabər Tofiq Hüseynovun ata-anası, həyat yoldaşı və qardaşı da ermənilər tərəfindən Xocalıda qəddarlıqla qətlə yetiriliblər.
Təkcə xocalılılar deyil, bütün Azərbaycan xalqı şəhidlərimizi, qəhrəmanlarımızı, o cümlədən Tofiq Hüseynovu unutmayıb, unutmayacaq da! Tədris prosesində şagirdlərin vətənpərvər ruhda tərbiyəsinə xüsusi önəm veririk. Xocalı gənclərinin and yeri qəhrəman Tofiq Hüseynovun da uyuduğu Şəhidlər xiyabanıdır. Qisassa işğal altındakı torpaqlarımızın - şəhər, rayon, qəsəbə və kəndlərimizin, Xocalının azad olunacağı gün alınacaq. Bunun üçün gənc nəsil də hər fədakarlığa, qəhrəmanlığa hazırdır.
Vəsilə MƏHƏRRƏMOVA,
Xocalı 2 saylı tam orta məktəbinin müəllimi